Rus dilinin Azərbaycandakı statusuna aydınlıq gətirilməlidir

Son günlər yenidən əcnəbi, xüsusən rus dilinin vacibliyi haqda ictimai müzakirələr baş qaldırıb. Əksər məsələlərdə olduğu kimi, sözügedən məsələdə də cəmiyyətdə birmənalı mövqe yoxdur. Rus dilinin xarici dil kimi daha dərindən öyrənilməsini təqdir edənlər də var, ona qarşı çıxanlar da. Məsələ o qədər aktuallaşıb ki, müxalifət partiyalarının rəhbərləri də günümüzdə müzakirə mövzusu olan bu məsələ barədə öz fikirlərini bildirirlər.

Əli Əliyev: "Müasir dünyada elmə, təhsilə, mədəniyyətə çıxış üçün ən yaxşı açar ingilis dilidir"

"Yeni nəslin ikinci dilinin məhz ingilis dili olmasına çalışmalıyıq"

Son günlər yenidən əcnəbi, xüsusən rus dilinin vacibliyi haqda ictimai müzakirələr baş qaldırıb. Əksər məsələlərdə olduğu kimi, sözügedən məsələdə də cəmiyyətdə birmənalı mövqe yoxdur. Rus dilinin xarici dil kimi daha dərindən öyrənilməsini təqdir edənlər də var, ona qarşı çıxanlar da. Məsələ o qədər aktuallaşıb ki, müxalifət partiyalarının rəhbərləri də günümüzdə müzakirə mövzusu olan bu məsələ barədə öz fikirlərini bildirirlər.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev təəssüf hissi ilə qeyd edib ki, strateji məsələ olan dil məsələsi bir sıra şəxslər tərəfindən səthi müzakirə edilir, bir çox hallarda isə müzakirə tərəfləri məsələyə şəxsi maraq prizmasından münasibət ifadə edirlər. Partiya sədri bildirib ki, həmişəki kimi Ana dili məsələsinə yalnız xalq şairi Sabir Rüstəmxanlı obyektiv münasibət nümayiş etdirib: "Onun yüksək vətəndaş və ziyalı mövqeyinə dəstək verənləri də haqlı görürəm. Rus dilinin Azərbaycandakı statusuna təbii ki, aydınlıq gətirilməlidir. Cəmiyyətin formalaşmasına həlledici təsirə malik ünsiyyət açarı, həm də istisnasız şəkildə cəmiyyətin elmi və mədəni inkişafına təsir göstərir. Dövlətdə rəsmi davranış dilinə münasibət, cəmiyyətin mənəvi sütunudur. Heç bir halda məsələni humanitar istiqamətə yönəltmək olmaz. Məsələnin ilk növbədə siyasi, sonra isə sadalanan digər tərəfləri qiymət almalıdır. Rus dilinin tərəfdarı kimi çıxış edən Arif Rəhimzadə, Rasim Musabəyov, Hikmət Hacızadə, Saleh Mehmetin mövqeləri ilə tanış olduqdan sonra, yenə də arqumentlərinin zəif olduğu, subyektiv maraqlardan qaynaqlandığının şahidi oldum. Adları çəkilənlər təcrübəli şəxslər olmalarına baxmayaraq, gətirdikləri dəlillər inandırıcı deyildir. Əminəm ki, onların mövqeyini bölüşən xeyli sayda insanımız var". VİP sədri qeyd edib ki, ilk növbədə dövlət dili məsələsini həlledici əhəmiyyətə malik siyasi mahiyyətli məsələ hesab edir. Onun sözlərinə görə, dövlət dili millətin ilahi pasportu olan Ana dilinin inkişafı, təkmilləşməsi üçün mühüm vasitədir: "Yalnız dövlət dili statusu almış dillər təşəkkül üçün meydan əldə edə, gələcəkdə digər sferalarda öz irəliləyişinə nail ola bilir. Rəsmi dövriyyə imkanı və hegemoniyası olmayan dillərin yüksək inkişafından danışmağın yeri ola bilməz. Tarix belə nümunələr tanımır. XX əsrin əvvəllərinə qədər dünya diplomatiya dili fransız dili idi. Çünki Fransa burjua inqilabından sonra fransızların nüfuzu dünyada yüksək idi. Napaleonun hərbi zəfərləri fransız dilinə möhtəşəmlik gətirmişdi. Dünya

fransız dilinə hərb dili kimi sayğı göstərməyə başlasa da, sonradan fransız dili Avropanın mədəniyyət ekvivalentinə çevrildi. Britaniyanın da hərbi qüdrəti özü ilə birlikdə dil ekspansiyasını gətirirdi. Əvvəl müstəmləkələr, sonra elm, təhsil və mədəniyyət dünyanın qüdrətli millətlərindən birinin dilinə hörmət göstərməyə başladı. Öz tarixi nümunələrimiz də kifayət qədərdir. Babamız Şah İsmayıl Xətai Ana dilinə sayğı nümunəsini yaradaraq, siyasi coğrafiyada dominant sayılan fars dilindən imtina edərək, Türk dilini rəsmi dil elan etmişdir. Yaxın tariximizə və bizə eyni olan siyasi ərazilərə baxaq. SSRİ-yə cəlb edilmiş 3 Baltikyanı respublika müstəqilliklərini elan edən kimi, ilk qanunları dövlət dili haqqında oldu. Latviyada bu gün də latış dilini bilməyənləri vətəndaşlıqdan məhrum edirlər. Dövlətin Dil komissiyası bütün rəsmi qurum və məmurların Dövlət dilinə münasibətini nəzarətdə saxlamaqla üstün statusa malikdir. Ukrayna xalqı Viktor Yanukoviçi qovan kimi rus dilində tədris edən bölmələri həm orta, həm də ali məktəblərdə dərhal qapadı. Düşünmək olarmı ki, gürcü, ya da erməni ziyalılar rus dilinin ağa statusunda dövlətlərinə qayıtmasını müzakirə etsinlər. Biz onlardan ağıllıyıqmı? Bəlkə onlardan vətənpərvər, yaxud daha proqressivik? Sadaladığım millətlərin nümayəndələri milli maraqlar baxımından həmişə bizdən öndə olublar, yenə də öndədirlər. Mədəni səviyyələri də bizdən geri qalmır desəm, yəqin şübhə doğurmaz. Ordu xidmətimin il yarımı mədəni Avropaya aid olan, alman xasiyyətli Estoniyada olub. Sovet dönəmində rus dilinə işğalçı dilinə olan münasibəti analizatorlarımla əyani şəkildə dəfələrlə duymuşam. Yəqin ki, sovet dönəminin Gürcüstan və Ermənistan oxşar nümunələrinin şahidi bir çox həmvətənimiz olub". VİP sədri deyib ki, ana dili haqqında mübahisə açmaq, onun statusunu müzakirə etmək, başqa dillərin vacibliyini müqayisə etmək yersiz məşğuliyyətdir: "Elə məsələlər var ki, onların mövcud analogiyaları bütün diskussiyaların ən yaxşı cavabıdır. Qabarıq poz alıb, "Mən bunu hamıdan yaxşı bilirəm" kimi deyim gülüşdən başqa heç nə doğurmur. Mübahisənin ən yaxşı cavabı qonşularımızdadır. Ana dilinə iqtidar verməklə, hansıları bizim psevdo mövqeyimizə rəğmən geri qalıb bizdən? Onların milli hissi yüksək olduğundan, belə diskussiyaların açılmasını uyğun görmürlər. Məsələnin maraqlı yerinə gəldik. Niyə bizdə belədir? Nədən cəmiyyətimizdə belə suallar yaranır? Rəsmi Moskva rus dili danışılan ölkələri özünün "Rus dünyasının" tərkib elementi saymaqda davam edir. Bunu bütün səviyyələrdə bəyan edirlər. Rusdillilərin müdafiəsi bəhanəsi istənilən dövləti işğal üçün əsas ola bilər, lap Donbas nümunəsi. Hörmətli rusofillər, bilirsinizmi ki, rus bölmələrində orta təhsil almış cocuqlarımızın kamal attestatında Ana dili-qrafasında "rus dili" sözləri yazılıb? Yəni, istənilən belə sənəd Rusiyanın müdaxiləsi üçün hüquqi əsas sayıla bilər. Cəmiyyət hər yerdə səhv, ya düz öndə gedəninə bənzəməyə, onu yamsılamağa çalışır. Urbanizasiyanın da ictimai proseslərin basqısı altında getməsi, paytaxta axın edən kənd əhalisinin də rus dilinə meyl edərək,

"şəhərlilərə", əslində yanlış elitaya bənzəmə təşəbbüsləri də rus dili haqda belə mükalimələrin ortaya çıxmasına əsas yaradıb". Əli Əliyevin qənaətincə, dövlətin bütün sahələrdə siyasətini müəyyənləşdirən şəxslər Ana dilinə sayğı nümayiş etdirməli, bu göstəri xarakter daşımamalı, şəxsi nümunələrlə möhkəmləndirilməlidir: "Misal üçün ictimai diqqətdə olan ailələrdə kiçik nəsil Ana dilində təhsil almalı, məişət dili Ana dili olmalıdır. Bu çox mühümdür. Ana dilinin hegemonluğu insanımızın başqa dillərdən imtinasına gətirməməlidir. Əksinə, əminəm ki, milli ruhda tərbiyə və təhsil alan şəxs xarici dillərin zərurətini daha dərindən anlayacaq, xarici dillərin öyrənilməsinə və istifadəsinə daha çox diqqət yönəldəcək. Müasir dünyada elmə, təhsilə, mədəniyyətə çıxış üçün ən yaxşı açar ingilis dilidir. Yeni nəslin ikinci dilinin məhz ingilis dili olmasına çalışmalıyıq. Siz son 30 ildə Nobel mükafatları arasında nə qədər rus dilində yazılmış fundamental nəzəri məlumata rast gəlmisiniz? Dünya şedevrləri içərisində nə qədər rus dilli premyera yadınızda qalıb? Ona görə də belə kosmopolit mövqelər tərəfimdən anlaşılmır. Rus dilinin məddahlarına bir analogiya da gətirmək istəyirəm. Dəyərli soydaşlar, bizim ana dilimizdə danışan insanlar bizim musiqimizi, mətbəximizi, ədəbiyyatı, məişət qaydalarımızı, adət-ənənələrimizi yaradıblar. Kim rusa vurğundursa, rusun yaratdığından istifadəyə cəhd göstərsin- soyutma kartof və şiş yesin, çastuşkayla toy etsin, məişətini də rus dəyərlərinə bənzətsin. Nə qədər azərbaycanlı bu seçimi edər? Əminəm ki, normal olan bir nəfər də etməz. Elə isə necə olur ki, bizim dilə sayğısızlıq edirsiniz? Pərdələnməyə və riyakarlığa ehtiyac da yoxdur. Rus dilini dövlət dili görmək istəyənlərin mütləq əksəriyyəti rus təhsilli və məişət dili rus dili olan, bizə yuxarıdan baxanlardır. Sonda bu russevərlərə bir sualım var. Ölkəmiz boyu səpələnmiş şəhidliklərimizin salınmasında rus dilində komanda verən əsgərlərin rolunu kimlər unudub?"

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31