Elçin Əhmədov: “Həmsədrlərin irəli sürdüyü təkliflər nəticə verməyib”

ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar. Bəyanatda bildirilir ki, iyun ayında regiona baş tutmuş səfərin əsas məqsədi bu il aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında ümumi vəziyyəti müzakirə etmək olub.

ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar. Bəyanatda bildirilir ki, iyun ayında regiona baş tutmuş səfərin əsas məqsədi bu il aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında ümumi vəziyyəti müzakirə etmək olub.

Sözügedən bəyanatı şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov bildirib ki, bu bəyanat əvvəlkilərdən heç nə ilə fərqlənmir və bir qədər də narahatlıq doğurur: "Mücərrəd ifadələr, işğalçı ilə işğala məruz qalana fərq qoyulmaması bu münaqişənin həllinə imkan vermir. Bəyanatda xüsusilə də Dağlıq Qarabağdakı separatçı, işğalçı rejim de-fakto hakimiyyətin nümayəndəsi kimi təqdim edilib ki, bu da qəbuledilməz fikirdir. Separatçı rejimi de-fakto hakimiyyətin nümayəndəsi kimi qiymətləndirmək həmsədrlərin bu istiqamətdə bir mesajıdır".

E.Əhmədovun sözlərinə görə, həmsədrlər Bakıya gəlməmişdən əvvəl Laçında, Kəlbəcərdə, Qubadlıda və Zəngilanda olublar. Lakin bəyanatda həmin rayonların adını çəkərkən "Azərbaycanın rayonları" ifadəsi yoxdur. Halbuki söhbət Azərbaycan rayonlarından gedirsə, onların Azərbaycana məxsus olmaları vurğulanmalı, işğal rejiminin mövcudluğu, sözügedən rayonlara səfərin hansı məqsəd daşıdığı bildirilməli idi. E.Əhmədov vurğulayıb ki, həmsədrlərlə görüşündə Prezident İlham Əliyev bildirib ki, mühüm tədbirlər və Minsk qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində Ermənistan tərəfi cəbhə bölgəsində təxribatlar törədir. Minsk qrupunun rusiyalı həmsədri İqor Popov isə bu halın səfərin yekununa dair bəyanatda əks etdiriləcəyini qeyd etsə də nəticədə sənəddə onlar birinci növbədə Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Daha sonra isə həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və "Dağlıq Qarabağın de-fakto hakimiyyəti"nə də ünvanlayıblar: "Buradan da aydın olur ki, artıq sonuncu bəyanatda "Dağlıq Qarabağın de-fakto hakimiyyəti" ifadəsi ikinci dəfə işlədilib. Birinci dəfə "de-fakto hakimiyyəti" ilə görüşdüklərini, ikinci dəfə isə onları vəziyyətin gərginləşdirilməsindən çəkinməyə çağırdıqları bildirilib". Professor qeyd edib ki, həmsədrlərin müxtəlif vaxtlarda "tərəflərin sülhdən çəkinməsi", "sülhə hazır olmamaları", "xarici İşlər nazirlərinin görüşlərinin planlaşdırılması" tipli ifadələri kimi, bunlar da "növbətçi" ifadələrdir: "Onlar hər dəfə regiona səfərlərinin sonunda bəyanat verirlər. Bu bəyanatların yekunu kimi, ilin sonunda hesabat hazırlayırlar. Bunlar da "növbətçi" bəyanatlardır və hesabat xarakteri daşıyır. Əgər onlar münaqişənin həllinə çalışsaydılar, 25 il ərzində yüzlərlə səfərlər ediblər və bir dəfə də olsun bəyanatlarında işğalçıların işğal etdikləri ərazilərdən çıxarılmasının vacibliyi ifadəsi işlədilməyib. Bu ifadə olmayana qədər münaqişənin həllindən danışmaq mümkün deyil. İndiyə kimi bəyanatlarda Dağlıq Qarabağla yanaşı, 7 rayonun işğalı faktına da yer verilmir. Odur ki, onların bu bəyanatı, işlətdikləri ifadələr ancaq Ermənistanın status-kvonu saxlamaq siyasəti ilə üst-üstə düşür. Əgər onlar danışıqların intensivləşməsini istəyirlərsə bu Azərbaycana lazım deyil. Münaqişəni həll etmək istəyirlərsə, onların bəyanatlarında Ermənistan silahlı qüvvələrinin işğal etdikləri torpaqlardan çıxması ilə bağlı BMT-nin məlum 4 qətnaməsi göstərilməlidir. Onu görmədiyimizə görə, bu bəyanatlar ilin yekunları ilə bağlı hesabatlara salınması məqsədilə verilir. Bu hesabatların qarşılığında həmsədrlər məvacib alırlar. Nəticə etibarilə həmsədrlərin bu bəyanatı qəbuledilməzdir, münaqişənin həllinə ikili yanaşmadır".

Prezident İlham Əliyevin Azərbaycanın Ermənistana danışıqların imitasiyası ilə məşğul olmağa imkan verməyəcəyi ilə bağlı fikirlərini xatırladan ekspert Ermənistanın danışıqları "danışıqlar" naminə apardığını, bunun da işğal rejiminin ömrünü uzatmaq məqsədi daşıdığını bildirib. "25 il ərzində Minsk qrupuna 32 sədr və həmsədr rəhbərlik edib. Bu günə kimi də onların irəli sürdükləri təkliflər heç bir nəticə verməyib. Azərbaycan Prezidenti onu da bildirir ki, bizim də səbrimizin bir həddi var. Bu o vaxt qurtaracaq ki, artıq münaqişənin dinc yolla həlli mümkün olmayacaq. Azərbaycanın bir tələbi var ki, münaqişə beynəlxalq hüququn prinsipləri əsasında həll edilməli, BMT-nin 4 qətnaməsi qeyd-şərtsiz yerinə yetirilməlidir",- deyə E.Əhmədov vurğulayıb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31