Deputat: "Ya Nalbandyan Ermənistanın XİN rəhbəri deyil, ya da ...”

“Yalan danışmaq, özünə aid olan cəhətləri başqasının adına çıxarmaq, beynəlxalq ictimaiyyəti aldatmaq, özünü qeyri-ciddi aparmaq Ermənistan hakimiyyətinin fəaliyyət formalarından biridir”.

"Yalan danışmaq, özünə aid olan cəhətləri başqasının adına çıxarmaq, beynəlxalq ictimaiyyəti aldatmaq, özünü qeyri-ciddi aparmaq Ermənistan hakimiyyətinin fəaliyyət formalarından biridir".

Bu fikirləri  Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanın Azərbaycanı BMT TŞ qətnamələrinə riayət etməməkdə ittiham etməsi məsələsinə münasibətində deyib. Deputat deyib ki, nəinki Nalbandyan, həmçinin prezident Serj Sarkisyan da dəfələrlə yalan danışarkən tutulub və ictimaiyyət buna adi  hal kimi baxır: "Hesab edirəm ki, bu Ermənistan hakimiyyətinin iç üzüdür. BMT TŞ 1992-93-cü illərdə 4 qətnamə qəbul edib və həmin qətnamələrdə Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin çıxarılması tələb edilir. Belə çıxır ki, ya Nalbandyan Ermənistanın XİN rəhbəri deyil, yaxud da o həmin qətnamələrdə Azərbaycan sözünü Ermənistan kimi oxuyub". A. Mirzəzadə qeyd edib ki, buna görə də  Nalbandyanın bu cür açıqlamalarına qeyri-ciddi yanaşmaq lazımdır. Deputat vurğulayıb ki, Ermənistan ictimaiyyəti çaşdırmaq, situasiyanı tamam fərqli formada təqdim etməyə çalışması birinci dəfə deyil: "Hətta Ermənistan tərəfi dünən tutulan diversant haqqında məlumat yaydı ki, o erməni deyil, Ermənistanda yaşamır və biz belə insan tanımırıq". Deputatın fikrincə, bütün bunların hamısı göstərir ki, biz çox hiyləgər, aqressiv və eyni zamanda orta əsrlər təfəkkürü ilə yaşayan dövlətlə qonşuyuq və öz ərazilərimizi azad etmək üçün bu dövlətlə mübarizə aparırıq.

A.Mirzəzadə əlavə edib ki, çox təəssüf ki, Ermənistanın xarici ölkələrdə müəyyən qədər dəstəyi var: "Bu, ya erməni diaspor təşkilatlarıdır, hansı ki, Ermənistanın ciddi təbliğatını aparırlar, həmin dövlətlər tərəfindən Ermənistanın dəstəklənməsinə çalışırlar. Ya da ermənipərəst dairələrdir ki, Azərbaycanla bağlı qarayaxma kampaniyası aparır,  Ermənistanın işğalçılıq siyasətini dəstəkləmək siyasəti yeridirlər. Bəzi dairələr isə sadəcə olaraq bu məsələlərə biganədir. Burada məsələyə təsir edə biləcək faktor Azərbaycanın dövlət kimi qüdrətlənməsi, xaricdə apardığı təbliğatın hər bir ünvana çatdırılması və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycandan daha çox region və dünya üçün təhlükəli olduğunu bir daha yüksək tribunalarda səsləndirməkdir". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31