Oqtay Əsədov Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri ilə görüşüb
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasitinin başcıllıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
20 İyun 2017 16:11 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasitinin başcıllıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a verilən məlumata görə, sədr ümidvar olduğunu bildirib ki, bu səfər ölkələrimizarası əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək. Yüksək statuslu rəsmilərin qarşılıqlı səfərləri, əməkdaşlıq üzrə müntəzəm məsləhətləşmələrin aparılması münasibətlərimizin dərinləşməsi baxımından xüsusi önəm kəsb edir. Əlaqələrimizin daha da möhkəmlənməsi üçün ölkələrimiz arasında hüquqi sənədlərin imzalanması vacib məsələlərdəndir. Biznes forumların keçirilməsi, səfərlərin mütəmadi xarakter daşıması, ümumi işin xeyrinə olardı. Görüşdə sədr bildirib ki, bu gün ölkəmiz yerləşdiyi regionda söz sahibi olan, sürətlə inkişaf edən müstəqil bir dövlətdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Azərbaycanın enerji daşıyıcıları sahəsində əhəmiyyətli rol oynadığının bariz göstəricisidir. TANAP və TAP kimi iri regional qaz layihələrinin reallaşması isə göstərir ki, Azərbaycan bütün dünyada mühüm enerji təminatçılarından biridir: "Biz münasibətlərimizin dərinləşməsi üçün parlametlərarası əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik. Son illər beynəlxalq siyasi arenada parlament diplomatiyasının əhəmiyyəti kifayət qədər artmışdır. Bu baxımdan, deputatlarımızın qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsində böyük fayda verə bilər. Düşünürük ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızı genişləndirmək hər iki tərəfin maraqlarına cavab verir".