"Həmsədr dövlətlər Dağlıq Qarabağ probleminin həllində ciddi addım atmaq niyyətində deyillər”
“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı Ermənistanın cəbhə xəttində hər dəfə təxribat törətməsi məqsədyönlü bir addımdır. Bu, bütövlükdə danışıqlar prosesinin pozulmasına xidmət edir”. Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
20 İyun 2017 14:18 Siyasət"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı Ermənistanın cəbhə xəttində hər dəfə təxribat törətməsi məqsədyönlü bir addımdır. Bu, bütövlükdə danışıqlar prosesinin pozulmasına xidmət edir". Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Ermənistanın səfər zamanı təxribat törətməsi eyni zamanda həmsədrlərin nümayiş etdirdiyi mövqe idi ki, bu da prinsip etibarı ilə onların daşıdığı missiyaya qətiyyən uyğun gəlmir.
Siyasi şərhçi qeyd edib ki, həmsədrlərin ötən gün Bakıya səfərindən sonra verdikləri bəyanat ümumi söz yığınından başqa bir şey deyil: "Mütəmadi olaraq oxşar bəyanatlar verilir, bu bəyanatlarda konkret faktlar, Ermənistanın həyata keçirdiyi təxribatın sülh prosesinə vurduğu zərbə, müharibənin, hərbi əməliyyatların daha da genişlənməsi ehtimalının qarşısının alınması istiqamətində həmsədrlərin atacağı addımlarla bağlı fikirlər səsləndirilmir. Eyni zamanda işğalçıya qarşı da konkret mövqe ortaya qoyulmur. Bu, faktiki olaraq həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin özünə olan münasibətindən irəli gəlir. İndiki şəraitdə belə anlaşılır ki, məqsəd əslində mövcud status-kvonu qoruyub saxlamaqdan ibarətdir və ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər problemin həlli istiqamətində ciddi addım atmaq niyyətində deyillər".
Məlumat üçün nəzərinə çatdıraq ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri yekunlaşıb. Bir müddət öncə Ermənistanda və Dağlıq Qarabağda olan həmsədrlər iyunun 19-da Bakıda oldular. Onlar Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə görüşdülər. ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə səfərləri və keçirdikləri görüşlərdən sonra ortaq bəyanat yayıblar.