Dağlıq Qarabağda müharibə qoxusu
Azərbaycan və Ermənistan cəbhəsinin təmas xəttində, atəş səsləri demək olar ki, susmaq bilmir. Gün ərzində atəşkəs rejimi yüz dəfədən çox pozulur. Üstəlik Ermənistan tərəfinin təxribat xarakterli əməlləri müharibə təhlükəsini labür edir. Cəbhə bölgəsində baş verən atəşmalar hərbi ekspertlərin də narahatçılığına səbəb olub. Atrıq ekspertlər müharibə anonsu verməkdən belə çəkinmirlər.
20 İyun 2017 13:18 SiyasətMəsələnin dinc yolla həlli mümkün olmasa, müharibə ehtimalı qaçılmazdır
Azərbaycan və Ermənistan cəbhəsinin təmas xəttində, atəş səsləri demək olar ki, susmaq bilmir. Gün ərzində atəşkəs rejimi yüz dəfədən çox pozulur. Üstəlik Ermənistan tərəfinin təxribat xarakterli əməlləri müharibə təhlükəsini labür edir. Cəbhə bölgəsində baş verən atəşmalar hərbi ekspertlərin də narahatçılığına səbəb olub. Atrıq ekspertlər müharibə anonsu verməkdən belə çəkinmirlər. Belə ki, yerli və əcnəbi analitiklər də bölgədə müharibə ehtimalının xeyli gücləndiyi barədə xəbərdarlıq etməkdədirlər. Xatırladaq ki, bir müddət öncə ABŞ Milli Kəşfiyyat İdarəsinin dünyadakı risklər barədə hesabatında qeyd edilib ki, Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Hesabatı qurumun direktoru Daniyel Kouts Konqresə təqdim edib. Hesabatda göstərilib ki, 2016-cı ilin aprelində Qarabağ cəbhəsindəki hərbi əməliyyatlara görə Azərbaycanla Ermənistan arasında gərginlik artdı. "2017-ci ildə də tam miqyaslı hərbi əməliyyatların başlanması ehtimalı var. Tərəflərin kompromislərə getmək niyyətlərinin olmaması və ölkələr daxilində artan təzyiqlər Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər"-deyə hesabatda vurğulanıb. Daniyel Kouts hesab edir ki, Azərbaycan öz xarici siyasətində Rusiya, İran və Qərb arasında tarazlığı qoruyub saxlamağa davam edəcək. Həmçinin rusiyalı jurnalist Mixail Belyayev hesab edir ki, 2017-ci ilin yayı Dağlıq Qarabağda çox "isti" olacaq. Onun sözlərinə görə, cəbhədə baş verənlər və müxtəlif beynəlxalq ekpertlərin proqnozları da bunu deməyə əsas verir. Belyayev hesab edir ki, cəbhədə baş verənlərin xronologiyası Azərbaycanın sərt cavab verdiyini göstərir: "Azərbaycanın müdafiə naziri Zakir Həsənov xəbərdarlıq etmişdi ki, "bir şəhidimizin əvəzini düşmən çoxsaylı itkilərlə ödəyəcək". Erməni separatçılarının təxribatı ilə Azərbaycan bir şəhid verdi, əvəzində erməni hərbi birləşmələri çoxsaylı itkilərlə üzləşdi". Belyayev Qarabağda yeni müharibə riskinin qaldığını da diqqətə çatdırıb. Rusiyalı hərbi ekspert Aleksandr Xramçik isə Qarabağda müharibənin zəruri olduğuna əmindir. Onun sözlərinə görə, tərəflər faktiki olaraq müharibəyə hazırlaşır və bu, gec-tez baş verəcək. "Hələlik genişmiqyaslı müharibə yoxdur, lakin toqquşmalar davam edəcək. Mən müharibədən başqa heç bir variant görmürəm".
Bu arada Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe həmsədrlərə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Şurasına, bütün dünya ictimaiyyətinə çatdırılıb. Bu mövqe ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qaytarılmalı, münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüquq normalarına əməl olunmalıdır: "Əlbəttə biz kompromisi də, həmsədr ölkələrin və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı fərqli mövqelərini də anlayırıq, amma əsas məsələ beynəlxalq hüququn pozulmaz prinsipi olan ərazi bütövlüyü məsələsidir ki, biz ondan heç vaxt vaz keçməyəcəyik. Cənab prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının bir qarışını da heç kimə güzəştə getməyəcək. Biz eyni zamanda bölgədə konstruktiv sülhə nail olmağa hazırıq". Prezidentin köməkçisi bildirib ki, həmsədrlərin Azərbaycana növbəti səfəri də vəziyyətin aydınlaşdırılmasına, tərəflərin mövqelərinin bir daha araşdırılmasına və bu mövqelərin yaxınlaşdırılması fonunda münaqişənin həlli ilə bağlı irəliləyişə nail olunmasına xidmət edir: "Hesab edirik ki, istənilən formatda keçirilən hər bir görüş ortaq mövqelərin tapılmasına xidmət edir və bu mövqelər gec-tez tapılacaq. Əks təqdirdə, müharibə, Dağlıq Qarabağ və işğal altında olan digər torpaqların Azərbaycan ordusu tərəfindən azad olunacağı qaçılmazdır".
Ekspertlər hesab edirlər ki, həmsədrlərin fəaliyyəti belə müharibənin reallaşma ehtimalını azaltmır. Ermənistanın atəşkəs rejiminə riayət etməsi və Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarması yalnız beynəlxalq təşkilatların, xüsusən həmsədr dövlətlərin təzyiqi nəticəsində mümkündür. Politoloq Tofiq Abbasov deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərininn bölgəyə növbəti səfərindən nikbin nəticə gözləmək əbəsdir. Politoloq bildirib ki, ön xətdə davam edən gərgin vəziyyət artıq müəyyən mənada danışıqların nə ilə nəticələndiyinə işıq salır: "Ermənistan vəziyyəti qəsdən gərginləşdirir ki, bölgədə sülh danışıqları üçün münasib şəraitin olmadığını dünyaya təqdim etsin. Bu, Ermənistanın strateji maraqlarına cavab verən bir addımdır. Çünki İrəvan çox gözəl anlayır ki, barışıq-razılaşma erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasından keçir. Bu isə işğalçı Serj Sərkisyan komandasına qətiyyən maraqlı deyil, həm də təhlükəlidir. Çünki Ermənistan siyasi rəhbərliyi neçə illərdir ölkəni ehtiyac məngənəsində saxlayır. İrəvan öz ümidlərini sırf işğalçı siyasətə bağlamaqla Türkiyə, Azərbaycan, ümumiyyətlə, beynəlxalq birliklə vəziyyəti erməni xalqı üçün çıxılmaz edir. Əgər Sərkisyan və silahdaşları kompromislərə getsələr, onda erməni xalqı onları devirəcək. Təmas xəttində gərginliyin artdığı bir zamanda təxribatlara cavab olaraq Ermənistan güclü zərbələr alır, itki verir. Ona görə də belə şəraitdə İrəvan əlindən gələni edir ki, sülh danışıqları baş tutmasın və proses birdəfəlik iflic olsun". T.Abbasov bildirib ki, Azərbaycan siyasi rəhbərliyi bütün reallıqları həmsədrlərə olduğu kimi çatdırmaqla Bakının tələblərini layiqli formada ortaya qoyub: "Həmsədrlərin borcu ondan ibarətdir ki, Ermənistanı məsuliyyətə dəvət etsinlər. Əgər yaxın müddətdə sülh məramı qalib gəlməsə, apreldəki mini müharibə bu dəfə qlobal miqyasda təkrarlanacaq. Diplomatiyanın vəzifəsi ondan ibarətdir ki, güc vasitələrinin işə düşməsinə imkan verməsin. Ermənistan isə hazırda bütün diplomatik gedişləri bilərəkdən alt-üst edirsə, bu, müharibənin qaçılmaz olacağı anlamına gəlir. Ermənistanın bu müharibədən sağ çıxmaq şansı isə sıfıra bərabərdir". Deputat Rasim Musabəyov bildirib ki, ermənilər həyasızcasına Dağlıq Qarabağ münaqişəsinin real həllindən boyun qaçırırlar. Ermənilər belə iddialarla çıxış edirlər ki, cəbhə xəttində onların istədiyi kimi etibarlı atəşkəsin təmin olunması həyata keçirilməlidir. O, qeyd edib ki, ermənilər torpaqları işğal ediblər, həm də bu işğalı möhkəmləndirmək barəsində düşünürlər: "Hesab edirəm ki, həmsədrlərin belə təkliflərlə Bakıya gəlib danışıqlar aparması da yersizdir. Azərbaycan torpaqlarının əbədi işğalda saxlanması ilə barışası deyil. Danışıqlar, məsələlərin dinc yolla həlli mümkün olmadığı halda müharibə ehtimalı, münaqişənin gərginləşməsi qaçılmazdır".
Alim