Ziyafət Əsgərov: “Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir”

“Avropa Parlamentində Azərbaycana qarşı belə bir addım atılmasından təəssüf hissi keçirirəm. Qətnamənin mətni ilə tanış olduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu sənəd yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlanmışdır”.

"Avropa Parlamentində Azərbaycana qarşı belə bir addım atılmasından təəssüf hissi keçirirəm. Qətnamənin mətni ilə tanış olduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu sənəd yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlanmışdır". "Olaylar" Milli Məslisin saytına istinadən xəbər verir ki, bunu MM Sədrinin birinci müavini Ziyafət Əsgərov iyunun 15-də Avropa Parlamentində  "Əfqan Muxtarlı və Azərbaycanda mətbuatın vəziyyəti" adlı qəbul etdiyi qətnaməni şərh edərkən deyib. S.Əsgərov bildirib ki, adı çəkilən qətnamənin qəbul edilməsi ona dəlalət edir ki, Azərbaycan Respublikasının həyata keçirdiyi müstəqil siyasət Avropada fəaliyyət göstərən antiazərbaycan qüvvələri, xüsusən erməni lobbisini narahat edir: "Bu qüvvələrin təsiri və təzyiqi altında Avropa Parlamenti kimi ciddi qurum tərəfindən belə bir hərəkətə yol verilməsi Azərbaycanda anlaşılmazlıq doğurur. 2016-cı ilin sentyabr ayından Azərbaycanın Avronestdə fəaliyyətinin bərpa olunduğu və Azərbaycan Respublikasının Milli  Məclisi ilə Avropa Parlamenti arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrdə bu cür qətnamənin qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyə bilməz. Bunu da qeyd etməyi lazım bilirəm ki, Azərbaycan Avropa İttifaqının üzvü deyildir və onun qarşısında heç bir öhdəlik daşımır. Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Ümid edirəm ki, Avropa İttifaqında və Avropa Parlamentində olan sağlam qüvvələr Azərbaycana qarşı yönələn bu cür qərəzli və bədxah hərəkətlərin qarşısını alacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31