Sədaqət Vəliyeva: "Qanun vətəndaşlarımızın hüquqlarını daha etibarlı şəkildə təmin edəcək"
“İşsizlikdən sığorta haqqında” Qanun iş yerini itirmiş vətəndaşlarımızın hüquqlarını daha etibarlı şəkildə təmin etməklə, onların sosial müdafiəsinin gücləndirilməsinə və əlbəttə ki, işəgötürənlərin də işçilərə münasibətdə hüquqlarını müəyyənləşdirmiş olacaq”. Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
14 İyun 2017 10:15 Siyasət"İşsizlikdən sığorta haqqında" Qanun iş yerini itirmiş vətəndaşlarımızın hüquqlarını daha etibarlı şəkildə təmin etməklə, onların sosial müdafiəsinin gücləndirilməsinə və əlbəttə ki, işəgötürənlərin də işçilərə münasibətdə hüquqlarını müəyyənləşdirmiş olacaq". Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının canlandırılması, yerli istehsalın artırılması, sahibkarlarımızın xarici bazarlarda yer tutması üçün genişmiqyaslı işlər həyata keçirilməkdədir: "Əlbəttə, qanunvericilik bazası da ümumi siyasi kursun tələbləri səviyyəsində təkmilləşdirilir. Bu günə qədər əmək münasibətlərinin tənzimlənməsi, əmək pensiyaları, ünvanlı dövlət sosial yardımı, özünüməşğulluq, tibbi sığorta və s. haqqında qanunlar, qərarlar imzalanıb. Yəni, hökumət və parlament sosial-iqtisadi sahədə proseslərin sürətlənməsi, insanların rifah halının yüksəlməsi üçün lazımi addımları atır. Lakin ictimai münasibətlər səviyyəsində insanlar üçün kifayət qədər izahat işləri aparılmır. Məhz, mənim narahatlığım da bundan irəli gəlir. Artıq həm mətbuat, həm digər kütləvi sosial ünsiyyət vasitələrilə insanlar arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Elə "İşsizlikdən sığorta haqqında" Qanunda nəzərdə tutulan məsələlər yalnız əmək müqaviləsi olanlara şamil edildiyindən bu məsələ haqqında danışdığım məsələ xüsusi aktuallıq kəsb edir.
Bu gün bəzi rəqəmlərə görə 1 milyondan artıq insan muzdla çalışır və hətta, bir çoxları əmək müqaviləsi olmadan işləyir. Lakin çalışan insanlar bir reallığı qəbul etməlidirlər ki, əmək müqaviləsi olmadan işlədikdə onun əməyi istismar olunur. Onun əmək haqqının nə qədər olması, məcburi sosial ödəmələrinin edilib-edilməməsi və s. sirr olaraq qalır. Əgər bir şəxs bu gün əmək müqaviləsi olmadan işləyirsə, onun pensiya yaşı çatanda hansı problemlərlə üzləşəcəyi anladılmalıdır. Məhz, 5-10 ildən sonra bu cür problemlərlə qarşılaşmaq istəmiriksə, elə bu gündən aidiyyatı dövlət qurumları yoxlama işlərini gücləndirməlidirlər. Yalnız cərimələməklə yox eyni zamanda maarifləndirmə işilə də məşğul olmalıdırlar. Bu prosesə media orqanlarını, müstəqil ictimai birlikləri cəlb etməlidirlər.
Əgər bu gün əmək müasibətlərilə bağlı problemləri qaydasına qoysaq, inanın ki, vergilər də vaxtında ödənər, sosial ödəmələr də zamanında köçürülər, insanların gəlirləri də artar, ələbaxımlılıq prinsipi yadlaşar, pensiya yaşı çatanda da təqaüd problemi olmaz. Düşünürəm ki, qarşımızda duran sistemli fəaliyyətlərdən birincisi elə budur. Ona görə də, bu işdə hər kəs əlindən gələni əsirgəməməlidir". Sia.az