Hakim komandada hansısa narazılıqla bağlı mülahizələrə yer yoxdur
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişikliyi ilə əlaqədar dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam hələ də müzakirə edilməkdədir.
5 İyun 2017 14:17 SiyasətDeputat: "Müxalifətin xəyali düşüncəsi hər zaman olduğu kimi yenə də puça çıxacaq"
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişikliyi ilə əlaqədar dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam hələ də müzakirə edilməkdədir.
Qeyd edək ki, struktur dəyişikliyinə əsasən Birinci vitse-prezidentin xidməti formalaşdırılıb, Azərbaycan Respublikası Prezidentinin köməkçilərinin sayı 10-a çatdırılıb. Bundan başqa, dövlət müşavirliyi institutu və Administrasiya rəhbərinin müavini vəzifəsi ləğv olunub, Administrasiyanın tərkibində 2 yeni struktur bölməsi - Gənclər siyasəti və idman məsələləri, habelə Elektron hökumət şöbələri yaradılıb, bəzi digər şöbələrin funksiyaları və fəaliyyət istiqamətlərinə müəyyən dəyişikliklər edilib. Dövlət başçısının sərəncamının ölkədə daha çevik idarəetməyə şərait yaradacağı bildirilir. Lakin bəzi qüvvələr ölkədə həyata keçiriən struktur islahatlarını mahiyyətinə varmadan onun səmərəliliyinə kölgə salmağa çalışır. Millət vəkili Zahid Oruc deyib ki, bəzi antiiqtidar qüvvələrin xəyali düşüncəsinin məhsulu kimi hakimiyyətin dərin islahatlara start verməsi hansısa qarşıdurmaya və narazılığa səbəb olacağı ilə bağlı irəli sürdüyü fikirlər tamamilə absurd fikirlərdir və bu deyilənlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, bu islahatları kölgə altına qoymaq istəyən qüvvələr bu gün heç Administrasiyada bir şöbəni belə, idarə edəcək səviyyədə nə kadr potensialı, nə də müasir dünyagörüşə malik olmayan insanlardır: "Ona görə də qeyd etdiyiniz qüvvələrin həyata keçirilən islahatların hakimiyyət daxilində hansısa qarşıdurmaya, narazılığa və ya böhrana səbəb olacağı ilə bağlı səsləndirdiyi ifadələrin heç bir əsası yoxdur. Bunu ölkə başçısının iyunun 1-də Prezident Administrasiyasında struktur və kadr islahatları bir daha ortaya qoymuş oldu. Burada əsas məqamı xarakterizə edən amil isə düzgün zamanın və məkanın seçilməsi idi ki, ölkə başçısı da bunu həyata keçirdi". Millət vəkili qeyd edib ki, bu qüvvələr özlərini ictimai təcridə sürüklədiklərindən alternativ güc kimi formalaşa bilmədilər: "Bunu bacarmadıqlarından indi də başlayıblar xəyali, merkantel düşüncə ilə ayrı-ayrı şəxslər və ya qüvvələr arasında hansısa ideoloji, siyasi təxəyyüllər irəli sürərək, belə mübarizəni təşkil edirlər. Bu yolla özlərini gündəmə gətirmək üçün müəyyən uyğun məqam axtarırlar. Onların xəyali düşüncəsi hər zaman olduğu kimi yenə də puça çıxacaq. Ümumiyyətlə, onların düşüncəsində olan hadisələrin olması mümkün deyil. Bir daha deyirəm ki, prezidentin indiki komandası müxtəlif dövrlərdə dövlət çevrilişləri cəhdinin qarşısını alan, öz sədaqət və əqidələri ilə bu komandada yerlərini tutmuş, həmçinin mühüm və vacib qərarların qəbul edilməsində iştirak ediblər. O baxımdan, hakim komandada hansısa narazılıq və qarşıdurma ilə bağlı mülahizələrə yer yoxdur". Həyata keçirilən islahatların əhəmiyyətindən, həmçinin ölkə başçısının Prezident Administrasiyası ilə bağlı verdiyi qərar və kadrların seçilməsindən danışan millət vəkili kadr təyinatının çox uğurlu olduğunu və bunun cəmiyyət tərəfindən müsbət qarşılandığını deyib: "Administrasiyada köməkçi institutun yaradılması və orada başda Ramiz Mehdiyev olmaqla yer alan şəxslər zamanın sınağından çıxan, təcrübəli və qarşıdakı dövrdə ambisiyalı proqramların öhdəsindən gələcək insanlardır. Onlar bir vahid komanda kimi ölkə başçısının ətrafında birləşib, bundan sonrakı dönəmdə də fəaliyyətlərini monolit bir komanda kimi uğurla davam etdirəcək. Burada bir məqam da ondan ibarətdir ki, köməkçi institut yaradılmaqla hər bir şəxsin vəzifələri və fəaliyyət sferası konkretləşib. Digər əsas məqam isə Mehriban Əliyevanın timsalında birinci vitse-prezidentlik institutu ölkə başçısının komandasının vahid bir parçası olaraq, cəmiyyətin daha da irəli aparılmasına öz müsbət təsirini göstərəcək". Bəzi şəxslərin komandada yer almamasına gəldikdə isə millət vəkili bildirib ki, bunun səbəbləri bizlərə tam bəlli deyil: "Əgər belə bir addım atılıbsa və kimlərsə təyinat ala bilməyibsə, deməli bunun üçün əsaslar olub. Hesab edirəm ki, bu, digər ali icra orqanı və struktur rəhbərləri üçün bir siqnal anlamına gəlməlidir. Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasını yerinə yetirməyənlər bundan nəticə çıxarmalıdır". Hökumətdə paralel strukturların ləğv olunması, ciddi struktur islahatlarının həyata keçirilməsinə gəldikdə isə millət vəkili qeyd edib ki, bu proses bundan sonra daha da sürətlə gedəcək: "Paralel qurumların islahatlara uğraması büdcə xərclərinin azalmasına və israfçılığın, bürokratik aparatın şişirdilməsinin qarşısının alınmasına xidmət edəcək. Bu da öz növbəsində, həmin strukturların reallıqlar çərçivəsində resurslardan düzgün istifadəsinə gətirib çıxaracaq. O baxımdan da 2017-ci il ərzində bunun intensiv şahidi olacağıq". Z.Oruc əlavə edib ki, bir neçə gün öncə maliyyə naziri Samir Şərifov da Milli Məclisdə çıxışında bildirib ki, həyata keçirilən islahatlar özəlləşmə prosesini sürətləndirəcək: "Bu isə o deməkdir ki, bu gün büdcə yükünə çevrilmiş, bir sıra hallarda xarici borclarımıza təsir göstərən dövlət şirkətlərində idarəçiliyin köklü surətdə dəyişilməsi üçün ciddi islahatlara gediləcək. Bu da büdcə resursuna qənaət demək olacaq, eyni zamanda sosial sferaya ayırmaların artmasına şərait yaradacaq". Z.Oruc deyib ki, bu gün dünya iqtisadiyyatı əsasən iqtisadi liberalizmə üstünlük verir: "Bu gün dünyada iqtisadi liberalizm modeli uğurla çalışdığından bunun alternativi yoxdur. Ona görə də biz də bu modelə üstünlük verməliyik. Bu zaman isə təbii ki, bir-birinin fəaliyyətini təkrarlayan dövlət strukturları, büdcəyə yük olan təşkilatlarda islahatlar aparılaraq, onların fəaliyyəti təkmilləşdirilməlidir. Milli Məclis də bu işdə üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır".
Alim