NED-in Azərbaycanda təxribat məqsədilə ayırdığı 5 milyon dollar
AntiAzərbaycan qüvvələr Bakıya qarşı fəaliyyətlərinin növbəti mərhələsinə start veriblər. Hər zaman olduğu kimi, bu dəfəki fəaliyyət də Azərbaycanın nüfuzuna zərbə vurmaq, onun siyasi çəkisinə xələl gətirmək, bütün bunların məntiqi nəticəsi olaraq ölkədə ictimai-siaysi sabitliyi pozmaqla öz istəklərinə nail olmaqdır.
5 İyun 2017 14:13 SiyasətVə erməni lobbisinin Gürcüstan ərazisindən ölkəmizə nəzərdə tutduğu fəaliyyətlər
AntiAzərbaycan qüvvələr Bakıya qarşı fəaliyyətlərinin növbəti mərhələsinə start veriblər. Hər zaman olduğu kimi, bu dəfəki fəaliyyət də Azərbaycanın nüfuzuna zərbə vurmaq, onun siyasi çəkisinə xələl gətirmək, bütün bunların məntiqi nəticəsi olaraq ölkədə ictimai-siaysi sabitliyi pozmaqla öz istəklərinə nail olmaqdır. Təəccüb və təəssüf doğuran məqamlardan biri ondan ibarətdir ki, məlum şəbəkə bu dəfə ən təhlükəli ssenarini hazırlayaraq həmin ssenari ilə hərəkət etməyi daha məqsədəuyğun hesab edib. Həmin ssenarinin ana xəttində isə Azərbaycanla Gürcüstan arasında münasibətləri gərginləşdirmək, iki ölkə arasında süni şəkildə gərginlik yaratmaq, bütün bunların məntiqi nəticəsi olaraq isə qonşu ölkədə yaşayan 500 mindən artıq azərbaycanlı üçün orada ciddi problemlərin meydana gəlməsinə yol açmaqdır. Hətta bu prosesin sonunda Gürcüstanda yaşayan soydaşlarımızın bu ölkədə arzuedilməz hesab olunması, oradan çıxarılaraq Azərbaycana gəlmələri kimi təhlükəli tendensiyalar da yer alır. Müqayisə nə qədər absurd olsa da, məqsəd ikinci bir Qarabağ problemi yaratmaqdır. Özü də bu ssenarinin ideya müəllifləri və rejissorları da məhz ermənilərdir. Məqsəd Gürcüstanla Azərbaycan arasında qeyd etdiyimiz şəkildə ciddi bir problem yaratmaq və Bakı ilə Tbilisi arasında münasibətləri düşmənçilik səviyyəsinə gətirməkdir. Nəticədə isə belə bir fikir formalaşdırılacaq ki, Azərbaycan problemli bir ölkə olduğu üçün Cənubi Qafqazın heç bir ölkəsi ilə normal qonşuluq münasibətləri qura bilmir və zamanında Qarabağ problemi, azərbaycanlıların Ermənistandan deportasiyası da məhz Azərbaycanın düzgün qurulmayan siyasəti nəticəsində meydana gəlib. Bir sözlə, bu yolla Ermənistan öz təcavüzkar və etnik təmizləmə siyasətinə bəraət qazandırmağa çalışmış olacaq.
Nə qədər təəssüfedici olsa da, erməni lobbisinin bu məkirli planında Azərbaycandakı radikal düşərgə də yer alır. Və son günlər bu düşərgənin bir neçə üzvünün Gürcüstan sərhəddini keçərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılması da deyilənləri təsdiqləyir. İlkin əldə edilən məlumatlar onu deməyə əsas verir ki, erməni lobbisinin Gürcüstan üzərindən Azərbaycan əleyhinə nəzərdə tutduğu fəaliyyətlərdə radikal düşərgə, xüsusilə də Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası da yer alıb və bu məqsədlə məlum şəbəkəyə ayrı-ayrı vaxtlarda külli miqdarda vəsait ötürülüb. Sonuncu belə prosesin qarşısı isə bir neçə gün əvvəl Azərbaycan-Gürcüstan sərhəddində alınıb.
Araşdırmalardan məlum olub ki, antiAzərbaycan şəbəkənin ölkə daxilindəki radikal düşərgəyə göndərdikləri vəsaitlərin məlum ünvana çatdırılmasında ən sərfəli və təhlükəsiz marşrut məhz Gürcüstan olub. Belə ki, radikalların müntəzəm olaraq Avropaya səfərləri şübhə doğurduğundan məlum şəbəkə diqqəti yayındırmaq üçün məhz Gürcüstanı seçib. Digər tərəfdən Gürcüstana səfər etmək, Avropaya getməkdən daha ucuz və sərfəli hesab edilir. Bəzi ekspertlərin apardığı araşdırmalar antiAzərbaycan şəbəkənin radikal düşərgəyə müxtəlif illərdə göndərdikləri vəsaitlərlə bağlı maraqlı faktları ortaya çıxarıb. Politoloq Elçin Mirzəbəyli bildirib ki, son günlər Gürcüstan üzərindən Azərbaycan əleyhinə fəaliyyət göstərən şəbəkəyə ötürülən vəsaitlərlə bağlı məlumatların ümumi xarakter daşıdığını nəzərə alaraq, sadə bir donor təşkilatı ilə bağlı araşdırma aparıb. Nəticədə 2011-2016-cı illərdə Azərbaycanda təxribat hərəkətləri üçün milyonlarla dollar vəsaitin ayrıldığı üzə çıxıb. Elçin Mirzəbəyli bildirib ki, həmin vəsaitlər də məhz məlum şəbəkəyə Gürcüstan vasitəsilə ötürülüb: "Təfərrüatına varmadan, Azərbaycana qarşı aparılan kampaniyaların başında dayanan Milli Demokratiya Fondunun (National Endowment for Democracy) 2011, 2012, 2014 və 2016-cı illərdə öz nüfuz müvəkkillərinə əsasən Gürcüstan üzərindən ötürdüyü vəsaitlərin məbləğini açıqlayacağam. 4 595 903 ABŞ dollar". Elçin Mirzəbəylinin sözlərinə görə, Milli Demokratoya Fondu (NED) əsasən Azərbaycana qarşı təxribat kampaniyalarının iştirakçısı olan radikal düşərgənin və onların QHT sektorundakı vasitəçilərinin xarici banklarda olan hesablarına 2011-ci ildə 1 207 839, 2012-ci ildə 1 403 867, 2014-cü ildə 913 578, 2016-cı ildə 1 070 619 ABŞ dolları vəsait köçürüb: "Maraqlıdır ki, 2011, 2012 və 2014-cü illərdə bəzi istisnalar olmaq şərtilə NED-in qrant ayırdığı təşkilatların adı açıqlansa da, 2016-cı ildə qrant alan qurumların, yaxud şəxslərin adı gizli saxlanılıb. Doğrudur, NED-in daha öncəki illərdə maliyyələşdirdiyi qrant layihələrində də şəffaflıq prinsipinə əməl olunmayıb. Lakin 2016-cı ildə ayrılan qrantların kimlərə verildiyi barədə demək olar ki, məlumat yoxdur. Yalnız layihələrin adları və ayrılan vəsaitlərin məbləği açıqlanıb. Məsələn, "Mülkiyyət hüquqları", "İnsan haqlarının monitorinqi", "Regionlarda insan haqlarının monitorinqi", "İnformasiya azadlığı", "Siyasi institutların gücləndirilməsi", "Azərbaycanlı tərəfdaşların seçki və siyasi proseslərin şəffaflığını və hesabatlılığını təşviq etmək istiqamətində fəaliyyətlərinin dəstəklənməsi" və s. Qeyd edim ki, 2016-cı ildə ən böyük məbləğ - 130 min ABŞ dolları məhz sonuncu - radikal düşərgənin təmsilçilərinə verildiyi açıq-aşkar nəzərə çarpan "layihəyə" ayrılıb. "Azərbaycanlı tərəfdaşların", yəni nüfuz müvəkkillərinin maliyyələşdirilməsinə". Elçin Mirzəbəylinin araşdırmasından aydın olur ki, Milli Demokratiya Fondu-NED 2011, 2012, 2014 və 2016-cı illərdə onlarla "Azərbaycanlı tərəfdaşlarına" killi miqdarda qrantlar ayırıb.
S.İsmayılbəyli