Amerika-Azərbaycan münasibətləri bundan sonra daha da yüksələn xətlə inkişaf edəcək
Azərbaycanin getdikcə artan regional gücü, beynəlxalq münasibətlər sistemində fəal rolu ölkəmizə olan marağı getdikcə artırır. Bu maraq dünya dövlətlərinin Azərbaycana olan münasibətində özünü aydın şəkildə göstərir. Artıq dünyanın aparıcı ölkələri Cənubi Qafqazda məhz Azərbaycana əsas strateji partnyor kimi baxır, onunla əməkdaşlığa üstünlük verirlər.
2 İyun 2017 13:01 SiyasətƏli Qənbərli: "Azərbaycanla əməkdaşlıq Tramp adminstrasiyasının Cənubi Qafqaz siyasətinin əsasını təşkil edəcək"
Azərbaycanin getdikcə artan regional gücü, beynəlxalq münasibətlər sistemində fəal rolu ölkəmizə olan marağı getdikcə artırır. Bu maraq dünya dövlətlərinin Azərbaycana olan münasibətində özünü aydın şəkildə göstərir. Artıq dünyanın aparıcı ölkələri Cənubi Qafqazda məhz Azərbaycana əsas strateji partnyor kimi baxır, onunla əməkdaşlığa üstünlük verirlər. Elə bu günlərdə, daha dəqiq desək keçən ay ərzində Birləşmiş Ştatlar prezidenti Donald Trampın azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlamış olduğu iki məktubdan da bunu görmək mümkündür. Məlumat üçün qeyd edək ki, Ağ Ev rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevə ilk məktubu 28 may-Respublika Günü ərəfəsində təbrik xarakterli olub. Amma həmin məktub Azərbaycan Prezidenti və xalqını bayram münasibətilə təbrik etməklə yanaşı, eyni zamanda ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini özündə ehtiva edən mesaj xarakteri daşıyırdı. Həmin məktubdan bir neçə gün sonra Birləşmiş Ştatlar prezidenti Donald Trampın XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı təbrik məktubunda da eyni mövqe və fikirlər əksini tapırdı. Hər iki məktubdan gəlinən nəticə ondan ibarət idi ki, Donald Tramp prezident seçildikdən sonra Birləşmiş Ştatlar-Azərbaycan münasibətlərində yeni dönəm başlayıb və bu dönəm iki əsas məqamı özündə ehtiva edir: Birincisi, Donald Trampın bəyan etdiyi kimi, Vaşinqton əvvəlki dövrlərdə olduğu kimi öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. ABŞ Prezidenti digər ölkələrlə bərabərhüququlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyur. İkincisi, bu siyasət ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan neqativ hallar və soyuqluğun aradan qaldırılmasını, iki ölkə arasında faydalı və bərəbərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur.
Birləşmiş Ştatlar prezidentinin Azərbaycan dövlət başçısına ünvanladğı məktublarda diqqət çəkən əsas məqamlardan biri isə ondan ibarətdir ki, yeni Ağ Ev rəhbəri həm Azərbaycan və Birləşmiş Ştatlar, həm də dünya üçün daha gözəl gələcək naminə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözləyir. Bu öz-özlüyündə o anlamı verir ki, yeni Ağ Ev administrasiyası Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətdən tam mənada razıdır. Xüsusilə, rəsmi Bakının iqtisadiyyatın şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işlər Vaşinqtonda təqdir edilir. Təsadüfi deyil ki, bu fikirlər elə Donald Trampın Azərbaycan Prezidentinə ünvanladığı məktublarda da öz əksini tapıb. Ağ Ev rəhbərinin göndərmiş olduğu məktublarda qeyd edilir ki, Birləşmiş Ştatlar Prezident Aərbaycanın dövlət başçısı İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir və alqışlayır. Bununla yanaşı Vaşinqton iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir.
Birləşmiş Ştatlar prezidenti Donald Trampın azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlamış olduğu məktubları şəh edən analitiklər, siyasilər hesab edirlər ki, Vaşinqtondan gələn məktublar Amerika-Azərbaycan münasibətlərinin yeni mərhələdə inkişafından xəbər verir. Elə politoloq Əli Qənbərli də bu qənaətdədir. O, bildirib ki, Azərbaycan və Birləşmiş Ştatlar arasında son dövrdə cərəyan edən diplomatik münasibətlər Donald Tramp adminstrasiyasının birbaşa səyidir. Onun sözlərinə görə, Amerika Azərbaycanla əlaqələri möhkəmləndirəcək, xüsusilə də ticari münasibətlər yeni müsbət məcraya qədəm qoya bilər: "Eyni zamanda Azərbaycan həmişə olduğu kimi bundan sonra da dünya təhlükəsizliyinin təmin olunması istiqamətində Birləşmiş Ştatlara dəstək verməkdə davam edəcək". Politoloq deyir ki, keçən ay ərzində Amerika prezidentinin iki dəfə Azərbaycan dövlət başçısına məktub göndərməsi Vaşinqtonun Bakıya önəm verməsinin göstəricisi sayıla bilər: "Təbii ki, biz bunu belə hesab edə bilərik. Donald Tramp hələ prezident seçilməmişdən əvvəl dünya ictimaiyyətinə yaxşı biznes əlaqələri olan bir adam kimi tanınırdı. Ona görə, Donald Tramp üçün biznes əlaqələri çox önəmlidir. Azərbaycan da biznes və ticarət üçün əlverişli olan ölkələrdəndir. Bu baxımdan hesab edirəm ki, Amerika-Azərbaycan münasibətləri bundan sonra daha da yüksələn xətlə inkişaf edəcək". Əli Qənbərli hesab edir ki, Ağ Ev rəhbəri Donald Trampın məktubunda Azərbaycanla bağlı müsbət fikirlərin yer alması, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək dəyərləndirməsi Azərbaycanla ABŞ arasında əməkdaşlıqda yeni dönəmin başladığını söyləməyə əsas verir: ""Bəli, bu şübhəsiz belədir. Çünki, ABŞ-ın bundan sonrakı siyasəti daha çox hümanist meyilli olacaq. Donald Tramp əvvəlki ABŞ prezidentlərindən fərqli olacaq. Onun dünyaya baxışı tam başqadır. Özünün də bir müddət əvvəl dediyi kimi ABŞ başqa dövlətlərin işinə müdaxilə etməyəcək. Azərbaycanla münasibətlərə gəlincə onu demək olar ki, Donald Tramp yaxşı başa düşür ki, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Bu baxımdan Azərbaycanla əməkdaşlıq Tramp adminstrasiyasının Cənubi Qafqaz siyasətinin əsasını təşkil edəcək". Ağ Ev rəhbərinin Azərbaycan Prezidentinə ünvanladığı məktubda Trampın Dağlıq Qarabağ məsələsinə də toxunmasına gəlincə, politoloq hesab edir ki, bu Vaşinqtonun problemin həllində aktivliyinin artacağına ümid verir: "Təbii ki, Dağlıq Qarabağ probleminin həllini istəyən və istəməyən tərəflər var. Ancaq, Donald Trampın danışıqlarından hiss olunur ki, o münaqişələri sevməyən bir şəxsdir. Bu baxımdan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ABŞ səylərini davam etdirəcək. Lakin, düşünmürəm ki, bu səylər problemin həlli istiqamətində həlledici ola bilər". Əli Qənbərli sonda onu da qeyd edib ki, ABŞ və Azərbaycan arasındakı münasibətlərin inkişafı hər iki dövlətin mənafeyinə uyğundur: "Bu əlaqələrin inkişafı gələcəkdə xalqların yaxınlaşması, ABŞ şirkətlərinin, korporasiyalarının Azərbaycan investisiya yatırması, eyni zamanda regionun təhlükəsizliyi baxımından önəmlidir".
S.İsmayılbəyli