Politoloq: "Ermənistanın Rusiyadan aldığı silahlar Dağlıq Qarabağa gətirilməməlidir"

“Ermənistanın apardığı siyasət əslində danışıqlar prosesinin yubadılmasına və konkret addımların atılmasının qarşısının alınmasına yönəlib. Eyni zamanda əsas məqsəd Azərbaycanı hərbi əməliyyatlara cəlb edərək, ölkəmizi atəşkəsi pozmaqda günahlandırmaqdan ibarətdir”. Bunu politoloq İlqar Vəlizadə deyib.

"Ermənistanın apardığı siyasət əslində danışıqlar prosesinin yubadılmasına və konkret addımların atılmasının qarşısının alınmasına yönəlib. Eyni zamanda əsas məqsəd Azərbaycanı hərbi əməliyyatlara cəlb edərək, ölkəmizi atəşkəsi pozmaqda günahlandırmaqdan ibarətdir". Bunu politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Ermənistan hakimiyyəti cəbhədə gərginlik yaratmaqla danışıqlar prosesinin istiqamətinə təsir etməyə və Ermənistana bir daha güc tətbiq etməyəcəyi ilə bağlı Azərbaycanın üzərinə müəyyən öhdəliklər götürməsinə çalışır: "Təbii ki, bu mümkün deyil. Azərbaycan güclü dövlətdir. İstənilən an düşmənin təxribatlarına layiqli cavab verməyə və öz torpaqlarını işğaldan azad etməyə qadirdir".

ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistanın apardığı bu siyasətə göz yumduğuna təəssüfləndiyini deyən İ. Vəlizadə söyləyib ki, hətta onlar regiona səfər edən zamanda da danışıqları yalnız atəşkəslə bağlı aparmağa çalışırlar: "Sanki problem tək atəşkəslə bağlıdır. Amma əslində danışıqlar prosesi çoxşaxəlidir. Burada torpaqlarımızın işğaldan azad olunmasından tutmuş, status məsələsinə qədər bir sıra mövzular var ki, həmsədrlər bu məsələləri kənarda saxlayırlar".

Politoloq düşmən ölkənin Rusiyadan aldığı təhlükəli silahları Dağlıq Qarabağa gətirərək Azərbaycana qarşı istifadə etməsi ilə bağlı sualı da cavablandırıb: "Biz bilirik ki, Ermənistan Rusiyanın müttəfiqidir və onlar arasında ikitərəfli münasibətlərdə hərbi-texniki sazişlər mühüm yer tutur. Hansı ki, bu sazişlər əsasında Ermənistan Rusiyadan 200 milyon dollarlıq kredit götürərək silah alır. Lakin burada əsas məsələ həmin silah-sursatların yalnız Ermənistan torpağında yerləşdirilməsi ilə bağlıdır. Sözügedən silahlar Azərbaycanın işğal olunmuş torpaqlarına gətirilməməlidir. Əgər həmin silahlardan Azərbaycana qarşı istifadə olunsa təbii ki, ölkəmiz Rusiya tərəfinə müraciət edərək məsələni qəti şəkildə ortaya qoya bilər. Ermənistan tərəfi onlarda daha təhlükəli silahların olduğunu iddia edir. Əgər onlar istifadə olunsa, o zaman bu tək Azərbaycan-Ermənistan deyil, eləcə də Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilər. Rusiya bunu bildiyi üçün öz müttəfiqinə hazırda həmin silahlardan Azərbaycana qarşı istifadə etməyə icazə verməz". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31