“Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir”

Mayın 31-də Bakıda XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışı olub. Bakı Sərgi Mərkəzində təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib. Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır.

Prezident İlham Əliyev: "Azərbaycan bu sahədə həm bölgədə, həm Avropada önəmli rol oynayır"

"Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır"

Mayın 31-də Bakıda XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışı olub. Bakı Sərgi Mərkəzində təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib. Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Belə bir sərginin Azərbaycanda keçirilməsinin çox əlamətdar hadisə olduğunu deyən dövlət başçısı vurğulayıb ki, sərgiyə maraq azalmır, əksinə, artır: "Burada qeyd olundu ki, 300-ə yaxın şirkət bu sərgidə iştirak edir. Tam əminəm ki, builki sərgi də uğurlu olacaqdır. Amma əlbəttə ki, birinci sərginin keçirilməsi ölkəmizi dünyada tanıtdırmaq üçün xüsusi rol oynamışdır. Çünki o vaxt Azərbaycanı tanımırdılar, Azərbaycan gənc, müstəqil dövlət idi. Ölkəmizdə kifayət qədər çox problemlər var idi və ölkəmizin neft-qaz potensialını dünyaya təqdim etmək üçün sərginin əvəzolunmaz rolu olmuşdur. Mən sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycanla 24 ildir ki, əməkdaşlıq edirlər, ölkəmizin inkişafına böyük töhfələr verirlər". Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradıldığını deyən prezident bildirib ki, bu format bu gün digər sahələrdə də özünü büruzə verir: "Bildiyiniz kimi, hazırda bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Biz neft sektorunda əldə etdiyimiz təcrübəni, xüsusilə xarici sərmayədarlarla əməkdaşlıq təcrübəmizi indi qeyri-neft sektoruna da tətbiq etməyə çalışırıq və bu sahədə də uğurlara nail ola bilmişik".

Azərbaycanın 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdıran prezident İlham Əliyev deyib ki, 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik istiqamətində çox önəmli addımlar atıldı, bir neçə il ərzində tam sabitlik bərpa olundu və Azərbaycan dünyada öz layiqli yerini tutmağa başladı. Azərbaycan Prezidenti vurğulayıb ki, 1994-cü ildə imzalanmış "Əsrin kontraktı" tarixi layihədir: "Əgər o vaxt "Əsrin kontraktı" imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar qoyulmazdı. "Şahdəniz" yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün "Cənub Qaz Dəhlizi" icra edilə bilməzdi. Nəqliyyat layihələrinə, bu gün reallaşan Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi layihəsinə heç kim vəsait qoymazdı. Özü də nəzərə alsaq ki, Azərbaycan bu layihəyə 1 milyard dollara yaxın vəsait qoyub. Bizim pulumuz olmasaydı, əlbəttə ki, heç kim bu

layihəyə vəsait qoymazdı. Ona görə də "Əsrin kontraktı"nın Azərbaycan dövlətinin inkişafında müstəsna yeri var". Dövlət başçısı "Azəri-Çıraq-Günəşli" üzrə müqavilənin müddətinin uzadılmasına da toxunub: "Ümid edirəm ki, yaxın gələcəkdə xarici investorlarla bu layihənin uzadılması haqqında razılığa gələcəyik. Çünki "Azəri-Çıraq-Günəşli" yatağının çox böyük potensialı var, hələ hasil edilməmiş neft kifayət qədər çoxdur. Ona görə də biz uzunmüddətli, dayanıqlı hasilat səviyyəsini saxlamaq üçün indi xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik". Prezident bildirib ki, Azərbaycana qoyulan sərmayə Azərbaycanda şəffaf şəkildə saxlanılır, qorunur: "Dövlət Neft Fondunun xətti ilə ölkəmiz üçün ən önəmli layihələrin icrası nəzərdə tutulur. Onlardan birincisi məcburi köçkünlərin problemlərinin həllidir. Son illər ərzində məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıb - məhz Neft Fondunun vəsaiti hesabına. Bu vəsait də əlbəttə ki, neft əməliyyatlarının gəlirlərindən formalaşır. Bu gün biz demək olar ki, dünyada müasir, dinamik inkişaf edən ölkə kimi özümüzü təqdim edə bilmişik". Dövlət başçısı qeyd edib ki, Azərbaycanın neft-qaz layihələri, eyni zamanda, regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır: "Çünki bu layihələrdə on minlərlə insan işləyib. Bu gün bizimlə bərabər bu layihələri icra edən ölkələrdə bu sahədə inkişaf sürətlənir. Əlbəttə ki, ölkələr arasındakı münasibətlərə də bunun çox müsbət təsiri var". Dövlət başçısı onu da deyib ki, enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir və Azərbaycan bu sahədə həm bölgədə, həm Avropada önəmli rol oynayır: "Enerji şaxələndirilməsi istiqamətində atdığımız addımlar öz bəhrəsini verir ki, bu da çox önəmlidir. Azərbaycanın icra etdiyi layihələr, onların üstünlüyü ondan ibarətdir ki, bizdə həm marşrutlar çoxşaxəlidir, həm də mənbələr. Çünki bu gün bizim üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Əlbəttə, marşrutlar da önəmlidir. Ancaq əsas enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur". Prezident vurğulayıb ki, Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır: "Çünki qalan mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Yeganə yeni mənbə Azərbaycandır, böyük mənbədir və yaxında yerləşən mənbədir. Ən önəmlisi, Azərbaycan dövlətinin güclü siyasi iradəsi var, maliyyə resursları var ki, "Cənub Qaz Dəhlizi"ni tərəfdaşlarla birlikdə icra etsin. Hazırda növbədə böyük "Abşeron" layihəsinin işə başlamasıdır. Əslində işlər başlamışdır və biz 350 milyard kubmetr qaz ehtiyatları olan "Abşeron" layihəsindən 2-3 ildən sonra ilk qazı gözləyirik. Eyni zamanda, paralel olaraq "Ümid", "Babək" və dayaz sulu layihələri də icra edilir və bu layihələrin də fəaliyyətə başlaması, yəni hasilatın başlaması yaxın illərdə gözlənilir. Yəni biz öz neft-qaz potensialımızı gücləndiririk. Biz daha da böyük həcmdə təbii qazı, nefti ixrac etməyi planlaşdırırıq. Bununla paralel olaraq, biz bu gün tranzit ölkə kimi önəmli tərəfdaşa çevrilmişik və Xəzərin şərq hissəsindən neft və neft məhsulları Azərbaycan üzərindən dünya bazarlarına çıxarılır. Bizim rolumuz artır, nəqliyyat infrastrukturumuz genişlənir, eləcə də Xəzər gəmiçiliyi, Bakı limanı, dəmir yolu, terminallar - hər şey hazırdır, biz hər şeyi eləmişik. Və əminəm ki, bundan sonra neft-qaz sahəsində layihələr Azərbaycana daha da böyük xeyir gətirəcək, həm iqtisadi mənfəət, həm də bizim bölgədəki, dünyadakı rolumuz artacaq".

Sonra ABŞ dövlət katibinin köməkçisinin müavini xanım Robin Dunniqan Birləşmiş Ştatların Prezidenti Donald Trampın təbrik məktubunu oxuyub, Avropa İttifaqının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin videomüraciəti təqdim olunub. Çıxışlardan sonra Prezident İlham Əliyev sərgilərlə tanış olub.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31