İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir

Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının mütəşəkkil səviyyədə təşkili təkcə müsəlman ölkələrində deyil, eləcə də Avropa ölkələrinin mütəxəssisləri tərəfindən yüksək  qiymətləndirilir. Sözügedən oyunların möhtəşəmliyi Azərbaycanın idman ölkəsinə çevrildiyini və belə beynəlxalq tədbirlərin keçirilməsi üçün kifayət qədər təcrübəsinin olmasını deməyə əsas verir.

İlham Əliyev: "Biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik"

Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının mütəşəkkil səviyyədə təşkili təkcə müsəlman ölkələrində deyil, eləcə də Avropa ölkələrinin mütəxəssisləri tərəfindən yüksək  qiymətləndirilir. Sözügedən oyunların möhtəşəmliyi Azərbaycanın idman ölkəsinə çevrildiyini və belə beynəlxalq tədbirlərin keçirilməsi üçün kifayət qədər təcrübəsinin olmasını deməyə əsas verir. Təsadüfi deyil ki, Azərbaycan həm də beynəlxalq idman yarışlarında yeni standartlar müəyyən etməklə bərabər, yeni yanaşmalar ortaya qoymaqdadır.  Prezident İlham  Əliyev  IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə qeyd edib ki, bu oyunlar, eyni zamanda, onu göstərir ki, Azərbaycanda aparılan düşünülmüş siyasət, o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir: "İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində bu istiqamətdə atılmış addımlar, apardığımız siyasət bu gözəl nəticəni bizə verdi". Dövlət başçısı əlavə edib ki, biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik: "Əlbəttə ki, bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin təzahürüdür. Eyni zamanda, bu, ümumiyyətlə, bizim siyasətimizi göstərir. Çünki biz istəyirik ki, Azərbaycanda hər bir tədbir ən yüksək səviyyədə keçirilsin. Ona görə də ölkəmiz inkişaf edir, ona görə də Bakıya gələn bütün xarici qonaqlar şəhərimizə heyran qalırlar". Dövlət başçısının görüşdə səsləndirdiyi fikirlər ölkə ictimaiyyəti tərəfindədn də dəstəklənir. Millət vəkili Elman Nəsirov qeyd edib ki, Azərbaycanda İslam Həmrəyliyi Oyunları çox möhtəşəm keçib: "Azərbaycan növbəti dəfə sübut etdi ki, ölkədə bütün istiqamətlərdə olan inkişaf idman sahəsində də özünü göstərir. İdman sahəsi dövlət başçısının birbaşa nəzarətindədir və nəticələr də göz qabağındadır. Azərbaycan idmançıları komanda hesabında birinci yeri tutdu. Dünyanın 1,5 milyardlıq islam aləmi bir daha əmin oldu ki, Azərbaycan islam aləminin üzvü olaraq böyük inkişaf yolu keçib. Qazanılan medalların sayı da bunu göstərir. Deməli, Azərbaycanda olan ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti və inkişaf nəticə etibarı ilə bütün sferalarda, o cümlədən idman sahəsində bu nailiyyətlərin əldə edilməsini təmin edib. Şübhəsiz ki, bu nəticələrin əldə edilməsində birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətləri var. Çünki bu Oyunlar onun təşkilatçılığı ilə keçirilirdi. Mehriban Əliyevanın həm açılış mərasimində, həm də bağlanış mərasimində çıxışları, səsləndirdiyi fikirlər də çox önəmlidir. Mehriban Əliyevanın vurğuladığı kimi, bu, bir daha göstərdi ki, Azərbaycan paytaxtında islam aləmi bir araya gəlir, bir-biri ilə sülhdən, barışıqdan, əmin-amanlıqdan danışır. Eyni zamanda bütün dünyaya belə pozitiv mesajlar ünvanlanır. Biz 10 gün ərzində növbəti dəfə bütün dünyanın diqqətini Azərbaycana cəlb edə bildik. Bütün dünyaya göstərə bildik ki, müsəlmanlar haqqında dünyada süni şəkildə formalaşdırılmış assosiasiya kökündən yanlış, səhvdir, dünyada Azərbaycan adlı bir müsəlman ölkəsi var, dünyaya yalnız tolerantlıq, multikulturalizm dəyərlərini ixrac edir. Bununla da dünyada islamofobiya və ksenofobiyaya qarşı öz səsini ucaldır. Bu gün hər bir azərbaycanlı fəxr edir, mürəkkəb dünyamızın nicatı ilə bağlı ən böyük mesajlar məhz Azərbaycan paytaxtından ünvanlanmaqdadır". Millət vəkili Adil Əliyev qeyd edib ki,  IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimi olduqca möhtəşəm idi: "Tədbirin mahiyyətinə uyğun olaraq dünyanı sülhə, həmrəyliyə, dostluğa çağıran kompozisiyalar deyə bilərik ki, istər xalqımızın, istərsə də ölkəmizə təşrif buyuran xarici qonaqların yaddaşına gözəl xatirə kimi həkk olundu. Xüsusilə, Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini özündə birləşdirən səhnələr hər kəsin, eləcə də xarici qonaqların marağına səbəb oldu. İslam dünyası üçün olduqca vacib olan belə bir oyunların təşkilatçılığının yüksək səviyyədə həyata keçirilməsi şanlı tariximizdə yeni bir səhifə açdı. Açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri   Mehriban xanım Əliyevanın çıxışı isə birmənalı olaraq hər bir azərbaycanlını, eləcə də məni qürurlandırdı. Dünyada İslam ölkələrinə qarşı təzyiq, təhdidlər göstərildiyi bir zamanda İslam həmrəyliyi nümayiş etdirən dövlətimizin, dövlət başçımız cənab İlham Əliyevin İslam ölkələrinə qucaq açması dünyaya bir ismarıc oldu. Bununla Azərbaycanın multikultural, tolerant, sülhsevər, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlara açıq olan bir dövlət olduğu bir daha sübut edildi. Əslində Azərbaycan bu dəyərlərin daşıyıcı olduğunu tarixən sübut etmişdir. Bu gün isə islami dəyərlərə söykənən həyat tərzinin davam etdirildiyini bəyan etdi". Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının  məhz ölkəmizdə keçirilməsi heç də təsadüfü deyil: "Azərbaycandakı əmin-amanlıq, inkişaf, qonaqpərvərlik nəinki idman yarışlarına, həmçinin siyasi, mədəni tədbirlərə də ev sahibliyi etməyimizə zəmin yaradır. Ölkəmizə bir dəfə ayaq basan, buranın adət-ənənələri ilə tanış olan, gözəlliklərini duyan hər bir xarici qonaq yenə də Azərbaycana gəlmək istəyir və mötəbər yarışların burada keçirilməsini təqdirəlayiq hesab edir. Bütün bunlarla yanaşı dövlətimiz öz növbəsində tanınır və Azərbaycan həqiqətlərini dünyaya çatdırmış olur. Dünya birliyi, beynəlxalq aləm artıq bu həqiqətlər qarşısında aciz durumda qalır. Mənfur düşmən, ermənilər güclü Azərbaycanın dünyaya saldığı səsdən vahiməyə düşür, öz acizlikləri ilə barışmalı olurlar. Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin əsas məqsədlərindən biri də məhz budur. İnanıram ki, Azərbaycan sürətli inkişafı nəticəsində daha böyük yarışlara ev sahibliyi edərək, uğurlara imzasını atacaq, öz həqiqətləri ilə dünyaya car çəkəcək".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31