Azərbaycan daha bir tarix yazdı
Nəhayət ki, İslam ölkələrinin idmançılarının Azərbaycan paytaxtında apardıqları mübarizə sona çatdı. Sayca dördüncüsü sayılan İslam Həmrəyliyi Oyunları öz möhtəşəmliyi, zənginliyi ilə yadda qaldı.
23 May 2017 13:49 SiyasətNəhayət ki, İslam ölkələrinin idmançılarının Azərbaycan paytaxtında apardıqları mübarizə sona çatdı. Sayca dördüncüsü sayılan İslam Həmrəyliyi Oyunları öz möhtəşəmliyi, zənginliyi ilə yadda qaldı. Bir sözlə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçdiyinin bütün dünya şahidi oldu. Elə millət vəkili Sona Əliyeva da bu qənaətdədir. O, bildirib ki, açılış mərasimində İslam dünyası, xüsusən Azərbaycan haqqında teatral formada dəqiq və tamaşaçıları heyrətə gətirən məlumatlar verildi: "Ölkə rəhbərliyinin yürütdüyü daxili və xarici siyasətin İslam mədəniyyətinin formalaşmasında, multikultural dəyərlərin çuğlaşmasında, tolerant yaşayış tərzinin təfəkkürlərimizdə oturuşmasında, həyat tərzimizə çevrilməsində nə qədər böyük rol oynadığı aydın təsəvvürlərlə dünyanın bir daha diqqətinə çatdırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Oyunların Təşkilat Komitəsinin üzvləri ilə ilk görüşündə bildirmişdi ki, bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə İslam dininə sadiq olan dünyəvi Azərbaycanın bütün mənalarda inkişafını görsünlər. Elə də oldu: xarici qonaqlarımız yerli və dünya mediasında təəssüratlarını bölüşərək yüksək qonaqpərvərlikdən, şahidi olduqları tolerant mühitdən razılıqlarını bildirdilər. Oyunlar dünyanın, xüsusən də 54 müsəlman ölkəsinin diqqətini bir daha Azərbaycana yönəltdi. Nəticəsini həm iqtisadi, həm də siyasi baxımdan mütləq görəcəyik. Həmin ölkələr Azərbaycandakı əlverişli biznes mühitindən yararlanmaq istəyəcəklər, ölkəmizə yatırımlar qoyacaqlar. Siyasi cəhətdən isə bizim gücümüz nümayiş olundu. İslam ölkələrini bir araya gətirmək və dünyaya sülh, barış, tolerantlıq mesaji vermək, nümunə göstərmək Azərbaycanın siyasi qazancı hesab olunmalıdır". Millət vəkili qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının verəcəyi konkret töhfələri indidən dəqiq söyləmək bir qədər çətindir. Amma ümumi mənada demək olar ki, dövlətlər arasındakı münasibətlərin məhz xalqların dostluğundan keçdiyini nəzərə alsaq, Bakıda müxtəlif müsəlman xalqları nümayəndələrinin bir-birini yaxından tanımaları, əlaqələr qurmaları gələcəkdə bu münasibətlərin dərinləşməsinə və dövlətlər səviyyəsinə yüksəlməsinə səbəb olacaq: "Bilirsiniz ki, İslam dünyasında müharibələr, münaqişələr davam edir. Buna baxmayaraq, müharibə yaşayan ölkələrin nümayəndələri Azərbaycan adlı ölkədəki sabitliyi, tolerantlığı, dinamik inkişafı görüb, belə mədəniyyətə öz ölkələrində nail olmaq arzularını gerçəkləşdirmək yolu tutacaqlar. Məsələn, suriyalı, iraqlı idmançı ölkəsinə qayıdandan sonra artıq sülh carçısına çevriləcək. Bir nəfər, beş nəfər, on nəfər belə insanların olması nəticədə qardaş qırğınlarına son qoymağa kömək olacaq. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının mahiyyətində də məhz bu amil dururdu. Qeyd edim ki, hələ IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin ötən ilin sentyabrda keçirilən iclasında Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edərək bildirdi ki, Təşkilat Komtəsi IV İslam Həmrəylik Oyunlarının ən yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Belə də oldu. Azərbaycan növbəti dəfə tarix yazdı. Bu tarix mütləq və mütləq həm İslam dünyasına, həm də Azərbaycan xalqına müsbət dividentlər gətirəcək".
Politoloq Ramiz Alıyev də IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb. Bildirib ki, həm oyunların açılış mərasimi, həm bağlanış mərasiminin yüksək səviyyədə təşkili, eləcə də yarışların keçirildiyi günlərdə həyata keçirilən tədbirlər Azərbaycanın istənilən tədbiri yüksək səviyyədə təşkil edə biləcəyini bir daha təsdiqlədi: "Çünki Azərbaycan bu sahədə yaxşı təcrübəyə malikdir. Evrovizion beynəlxalq musiqi yarışmasından tutumuş, Birinci Avropa Oyunları, Formula-1 yarışları və s. bu kimi yarışlar, tədbirlərlə Azərbaycan yüksək səviyyəli təşkilatçılıq qabiliyyətinə malik olduğunu dünyaya sübut edib". Ramiz Alıyev onu da qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları bütün parametrləri üzrə Azəbaycana yalnız fayda gətirəcək: "İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahədə bu pyunların faydaları ölkəmiz üçün böyükdür. Hər şeydən əvvəl isə Azərbaycan bu yarışlara evsahibliyi etməklə İslam Həmerəyliyinə necə böyük dəyər verdiyini ortaya qoymuş oldu. Ölkəmizin bu mövqeyi İslam dünyası, müsəlman ölkələri tərəfindən də müsbət qarşılandı, təqdir edildi". Politoloq bildirib ki, Azərbaycan bundan sonra da bu cür möhtəşəm tədbirlər, idman yarışlarını keçirməyə tam qadirdir.
Məhəmməd