Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika sammiti
Bu günlər bütün müsəlman aləmi və Qərb dünyasının diqqəti Ər-Riyada yönəlib. Belə ki, mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib. Dünyanın söz sahibi olan dövlət və hökumət başçıları, ərəb ölkələrinin rəhbərlərinin qatıldığı sammitdə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Ər-Riyada dəvət edilib və dövlət başçısı sammitdə iştirak edib.
22 May 2017 13:56 SiyasətVə onun Azərbaycan üçün əhəmiyyəti
Bu günlər bütün müsəlman aləmi və Qərb dünyasının diqqəti Ər-Riyada yönəlib. Belə ki, mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib. Dünyanın söz sahibi olan dövlət və hökumət başçıları, ərəb ölkələrinin rəhbərlərinin qatıldığı sammitdə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Ər-Riyada dəvət edilib və dövlət başçısı sammitdə iştirak edib. "Birlikdə güclüyük" devizi altında keçirilən sammit ilk dəfədir ki, təşkil edilir. Tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb. Sammit iştirakçı ölkələr arasında işgüzar, mədəni və siyasi əlaqələrin tolerantlıq və əməkdaşlığa müştərək inam vasitəsilə daha da gücləndirilməsinə xidmət edib. Tədbirin məqsədlərindən biri də ölkələr arasındakı münasibətlərdə yeni başlanğıcın və hamı üçün daha parlaq gələcəyin təməlinin qoyulmasıdır. Sammitin dünyada terrorizm və ekstremizm hallarının qarşısının alınmasına, dayanıqlı sülhün təmin edilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edən Səudiyyə Ərəbistanının Kralı bu görüşü Amerika-İslam dünyası əlaqələrində də mühüm mərhələ kimi xarakterizə edib. ABŞ Prezidenti Donald Tramp isə ilk növbədə ekstremizmlə mübarizənin vacibliyini vurğulayıb. O, bu sahədə mübarizənin müxtəlif dinlər arasında deyil, xeyirlə şər arasında getdiyini, şərə qalib gəlmək üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. Ağ Ev rəhbəri bildirib ki, günahsız müsəlmanların qətlə yetirilməsinin, qadınların sıxışdırılmasının, yəhudilərin təqibinin və xristianların öldürülməsinin qarşısını almaq üçün səylər birləşdirilməlidir.
Düzdür, sözügedən sammitdə hazırda İslam dünyasına olan haqsız basqılar, İslamı gözdən salma cəhdlərinə qarşı mübarizə istiqamətində hansısa bir ümumi sənəd, bəyannamə imzalanmasa da, ümumilikdə dünya güclərinin, dövlətlərinin belə mövzu ətrafında bir araya gəlməsi müsbət qiymətləndirilir. Birmənalı olaraq qeyd edilir ki, bu kimi toplantıların davamlı keçirilmıəsi İslam aləmi ilə Qərb dünyası arasında mövcud olan problemlərin tədricən aradan qaldırılmasına xidmət edər. Ər-Riyadda keçirilən sammitin ölkəmiz üçün əhəmiyyəti isə həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakıdır. Məlum olduğu kimi Azərbaycan dövlət başçısı da həmin sammitə dəvət edilib və prezident İlham Əliyev dəvəti qəbul edərək samiitin işində iştirak edib. Ekspertlərin birmənalı mövqeyi ondan ibarətdir ki, ölkəmizin sözügedən tədbirdə iştirakı Azərbaycan üçün əhəmiyyətlidir.
Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, Azərbaycanın
Birləşmiş Ştatların prezidenti Donald Trampın iştirakı ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Birləşmiş Ştatlar və Ərəb- İslam ölkələrinin konfransında iştirakı, Vaşinqton-Bakı münasibətlərinin normallaşdırılmasında bir fürsətdi: "Qeyd edim ki, son illər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın sıx siyasi -diplomatik əlaqələri imkan verir ki, Ər-Riyyad hakimiyyəti müttəfiqi olan Birləşmiş Ştatların Azərbaycanla münasibətlərinin qaydaya salmasında vasitəçi olsun. Azərbaycanın bu konfransa dəvəti Səudiyyə tərəfindən reallaşıb və burada Azərbaycan Birləşmiş Ştatların Müsəlman dünyası ilə formalaşacaq siyasətində mühüm ölkə ola bilər". Politoloq deyib ki, ölkəmizin hər hansı bir müsəlman hərbi təşkilatda təmsil olunması isə, Azərbaycanın mövqeyini güclənməsinə səbəb olar. Onun qənaətincə, Səudiyyə Ərəbistanı Birləşmiş Ştatların İsraildən sonra Yaxın Şərqdə ən etibar etdiyi dövlətdir və 110 milyard dollarlıq silah ticarəti müqaviləsinə malikdir. Məhəmməd Əsədullazadə bütün halda belə bir sammitin keçirilməsi və Azərbaycanın orada təmsil olunmasını müsbət hal kimi dəyərləndirib.
Beynəlxalq məsələlər üzrə mütəxəssis Nəzakət Məmmədova da hesab edir ki, Səudiyyə Ərəbistanında keçirilən sammitdə iştirakın ölkəmiz üçün xüsusi əhəmiyyəti var: "Nəzərə alaq ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə gedən proseslərdə özünün yaxın müttəfiqi məhz Ər-Riyadı hesab edir və Səudiyyə Ərəbistanı da öz növbəsində çox az müsəlman ölkələrindən biridir ki, Azərbaycana görə Ermənistanı tanımaqdan imtina edib. Səudiyyəlilər soykökü etibarilə farslardan fərqli olaraq ermənilərlə eyni kökdən hesab edilən Hind-Ari ailəsinə məxsus deyillər. Onlar Ermənistanla yaxın siyasi-iqtisadi əlaqələr qurmayıblar. Eyni zamanda, Ər-Riyad burada hec zaman İslam inqilabı, dövlət çevrilişi planı hazırlamayıb". Ekspert deyib ki, hazırda İran və Səudiyyə Ərəbistanı arasında İslam dünyasında liderlik uğrunda mübarizə gedir və bu, özünü aşkar şəkildə həm Suriyada, həm də Yəməndə göstərir: "Doğrudur, Səudiyyə Ərəbistanı sunnilik, İran isə şiəliyi əsas göstərərək məzhəb savaşı apardıqlarını bildirsələr də, lakin əsas məqsəd Yaxın Şərqdə liderlikdir. Səudiyyə Ərəbistanı bölgənin iki aparıcı dövləti - Türkiyə və İsraillə də yaxşı münasibətlərə malikdir. Bu səbəbdən güc balansının bu ölkələrin xeyrinə olacağı daha inandırıcı görünür. İran isə əsasən, İraq, Suriya, Livan, Yəmən, Səudiyyədə olan şiə əhaliyə güvənir. Eyni zamanda, Həmas və Hizbullah təşkilatlarına istinad edir. Ruhaninin ötən gün seçkilərdə qalib gəlməsi İrana qarşı münasibəti bir qədər yumşalacagını deməyə əsas verir, lakin bu ölkə bölgədə uzun müddət təklənmiş mövqedə qalacaqdır. Çünki onun iddiaları ilə mövcud potensialı bir o qədər də bir-birinə uyğun gəlmir".
Füzuli