ÜAK-ın ləğvi həm də Rusiyanın dövlət maraqlarına vurulan zərbədir

Rusiya-Azərbaycan münasibətləri ehtiva etdiyi sahələrə görə çoxşaxəli olmaqla yanaşı, regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir.Mövcud əlaqələr b ütün sahələrdə əməkdaşlıq münasibətləri davamlı və nizamlı surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları əldə etməkdədir.

Deputat: "Bəzi qüvvələr Rusiyada Azərbaycanın maraqlarına xidmət edən qurumun fəaliyyətini istəmirlər"

Rusiya-Azərbaycan münasibətləri ehtiva etdiyi sahələrə görə çoxşaxəli olmaqla yanaşı, regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir.Mövcud əlaqələr b ütün sahələrdə əməkdaşlıq münasibətləri davamlı və nizamlı surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları əldə etməkdədir. Qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verən faktorlar sırasında siyasi, iqtisadi, hərbi və humanitar sahədə təmasların sıxlaşdırılması, xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığının mühüm istiqamətlərindən birini ticarət əlaqələri təşkil edir. Azərbaycanın ticarət dövriyyəsində Rusiya üçüncü, idxalda isə birinci yeri tutur. Qeyd olunanlarla yanaşı, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri Azərbaycanın və Rusiyanın iştirakı ilə yeni regional əməkdaşlıq formatlarının yaranmasını şərtləndirir. Bu baxımdan, bir müddət öncə Azərbaycan, Rusiya və İran prezidentləri arasında keçirilən üçtərəfli görüş xüsusilə qeyd edilməlidir. Bəhs olunan üçtərəfli Zirvə görüşü regional təhlükəsizlik və əməkdaşlıq nöqteyi-nəzərindən strateji əhəmiyyət kəsb edir. Bakıda Azərbaycan Respublikasının, İran İslam Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü Avrasiya geosiyasi məkanında yeni əməkdaşlıq formatının əsasını qoyub. Ekspertlərin də qənaəti bundan ibarət idi ki, yeni format regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq. Çox təəssüf ki, Rusiya Federasiyasında sadalanan əməkdaşlıq nümunələrinə xələl gətirmk istəyən qüvvələr var və həmin qüvvələrın fəallaşması müşahidə olunur. Ümumrusiya Azərbaycanlıların  Konqresinin (ÜAK) qeydiyyatının ləğvini məhz həmin qüvvələrin fəaliyyətinin nəticəsi kimi dəyərləndirmək yerinə düşərdi.

Millət vəkili, Böyük Quruluş Partiyasının  sədri Fazil Mustafa deyib ki, Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiyanın Azərbaycana münasibətinin sonuncu göstəricilərindən biridir. Azərbaycan nə qədər Rusiya ilə yaxın qonşuluq münasibətlər qurmaq istəsə də, belə münasibətlər qursa da, Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir, Azərbaycana qarşı ən sərt addımlar atmaqdan belə çəkinmir. F. Mustafa bildirib ki, bu qüvvələr, ümumiyyətlə, Azərbaycanın maraqlarına xidmət edən hər hansı qurumun Rusiyada fəaliyyət göstərməsini istəmir: "ÜAK-ı birbaşa Kremldən idarə olunan, Kremlin istəyini həyata keçirən bir qurum kimi görmək istəyirlər. Təbii ki, ÜAK onsuz da həmişə Rusiyada mövcud hakimiyyəti dəstəkləyib, Kremlə konflikt yaradacaq hər hansı addım atmayıb. Amma belə görünür ki, onlar daha çox özlərinə bağlı, birbaşa Azərbaycan qarşı danışa biləcək qurum istəyirlər. Yəni baxışlarda ziddiyyət var. Belə bir addımı atmaqla birbaşa Azərbaycan dövlətinə qarşı münasibətlərini ortaya qoyublar. Bu münasibətlər də hər halda yaxşı istiqamətdə inkişaf etməyəcək. Azərbaycan hakimiyyəti Rusiya tərəfinə narazı olduğunu çatdırır, Azərbaycan ictimaiyyəti ÜAK-ın qeydiyyatının ləğvinə kifayət qədər həssas yanaşır. Ola bilsin ki, yaxın zamanlarda bu narazılıq ifadəsi Rusiyanın müəyyən dərəcədə yenidən düşünməsinə səbəb ola bilər və onlar bu mövqedən geri çəkilə bilərlər". Millət vəkili ÜAK-ın qeydiyyatının ləğvinin hüquqi yox, siyasi addım olduğunu vurğulayıb: "Bu qərar siyasi qərar olmasaydı, Rusiyada yaşayan bir etnik toplumu təmsil edən təşkilatın bu dərəcədə incidilməsinə yol verilməzdi. Çünki hər bir qüvvə, ölkədəki etnik komponentlə müəyyən dərəcədə danışıq, davranış üslubu var. Həmin etnik toplumu incidəcək addımı atmaq heç bir halda hakimiyyətin xeyrinə deyil. Milyondan artıq azərbaycanlının yaşadığı bir yerdə hakimiyyətin bu addımı atması ən azı özünə xeyirli deyil. Belə bir siyasi qərarı həyata keçirmək əslində dar düşüncənin məhsuludur". 

Deputat Sahib Alıyev isə bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi təkcə Azərbaycanın deyil, həm də Rusiyanın dövlət maraqlarına vurulan zərbədir. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinin arxasında müxtəlif məqsədlər dayana bilər.Ancaq məqsədin nədən asılı olmasına baxmayaraq, bu ilk növbədə Rusiya hakimiyyətinə, prezident Vladimir Putinə qarşı edilən "ayı" xidmətidir: "Təbii ki, bu, iki ölkə arasındakı əlaqələrə təsirsiz ötüşə bilməz və ötüşməyib də. Bu, Azərbaycan-Rusiya əlaqələrinin elə bir mərhələsində olub ki, Azərbaycan-Rusiya əlaqələri bizim ölkəmiz müstəqillik əldə edəndən heç belə hamar müstəvidə olmayıb. Keşməkeşli yollar keçmişik, bu bölgədə zamanında qatı antirusiya əhval-ruhiyyəsi olub və bu isə əsassız deyildi. Amma Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra ulu öndər Heydər Əliyevin təklif etdiyi əməkdaşlıq - mehriban qonşuluq modeli dəstəkləndikdən sonra bu əlaqələr normallaşmağa başladı və strateji tərəfdaşlığa qədər gəlib çatdı. Artıq Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə doğru irəliləyən bir əlaqə idi. Dövlət başçıları da öz görüşlərində dəfələrlə vurğulayıblar ki, Azərbaycan-Rusiya əlaqələri digər dövlətlər üçün, o cümlədən MDB dövlətləri arasında örnək sayıla biləcək səviyyədədir. Belə reallıqda bu cür addımın atılması təkcə Azərbaycanın maraqlarına, Rusiyadakı soydaşlarımızın maraqlarına vurulan zərbə deyil. Bu, eyni zamanda, Rusiyanın dövlət maraqlarına da vurulan zərbədir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31