Deputatdan Rusiyadakı azərbaycanlılara SƏRT SÖZLƏR

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə qərarına münasibət bildirib.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə qərarına münasibət bildirib.

A.Əlizadə deyib ki, sözügedən məsələ yaxın zamanda həll olunacaq: "Əminəm ki, cənab Prezident bu məsələni həll edəcək. Bilirsiniz, indi dünyada müharibələr gedir, xeyr və şər qüvvələr mübarizə aparır. Bizim üçün şər qüvvə işğalçı Ermənistandır. Ermənistanın arxasında da çox qüvvələr dayanır. Ümumiyyətlə, ermənilər bir xalq kimi bir-birinin daim yanında olmağı bacarır. Bunun nəticəsində də ermənilər hər yerdə birləşərək, Azərbaycana zərbə vurmağa çalışır. Mən bu cür faktlarla Sosialist İnternasionalın ("Sosintern") tədbirlərində çox rastlaşmışam. Rusiyada da erməni daşnaklarının sayı kifayət qədər çoxdur. Ona görə də bu qərarın qəbul edilməsi təbii prosesdir".

Deputat qeyd edib ki, sözügedən qərarın arxasında həm ermənilər, həm də Rusiyada Azərbaycanı istəməyən bir sıra qüvvələr dayanır: "Bununla yanaşı, bizim Rusiyadakı diaspor təşkilatları rəhbərlərinin də böyük səhvləri olub. Vaxtında həmin təşkilatlarda dəyişikliklər edilməliydi ki, onların fəaliyyəti Rusiya qanunlarına tam uyğun olsun və hər hansı bəhanə tapılmasın. Ancaq çox təəssüf ki, bizim bəzi diaspor nümayəndələrimiz də bu məsələyə səhlənkar yanaşıblar".

A.Əlizadə ÜAK-ın qeydiyyatının ləğv edilməsi məsələsinə görə ölkəmizin Rusiyadakı səfirliyinin fəaliyyətini də qınayıb: "Azərbaycanın Rusiyadakı səfiri çox zəif çalışır. Azərbaycanın Rusiyada xeyli sayda oliqarxları var. Ancaq adama elə gəlir ki, Rusiyada ümumiyyətlə azərbaycanlı iş adamları mövcud deyil. Bütün bunlarla bağlı Azərbaycan Səfirliyinin də nöqsanları var, səfir onlarla yaxşı çalışmalıdır. Ona görə də bu məsələdə səfirin də günahı var. Ancaq ən böyük günah Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərində və oliqarxlardadır. Ümumiyyətlə, Rusiyada yaşayan azərbaycanlılar çox passivdir. Misal üçün, Rusiya Dumasında onlarla erməni deputat var. Ancaq azərbaycanlılar yoxdur. Rusiyanın ayrı-ayrı dövlət qurumlarında xeyli sayda ermənilər var. Lakin azərbaycanlılar fəal deyil. Rusiya parlamentində azərbaycanlıları göstərin? Başqa vaxtı, fəxrlə deyirik ki, Rusiyada etnik millətlər arasında sayına görə üçüncüyük. Ancaq nə Rusiya parlamentində, nə Moskva Dumasında, nə də digər qurumlarda azərbaycanlılar gözə dəyir. Halbuki, Rusiyada azərbaycanlıların sayı ermənilərdən dəfələrlə çoxdur. Biz azərbaycanlılar fəal deyilik. Hər bir xalq özünün qorumaq istəyirsə, o zaman yaşadığı ölkənin siyasətində fəal olmalıdır". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31