Rusiya Ali Məhkəməsinin qəbul etdiyi qərar son deyil
Rusiyanın Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatınıləğv etməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Hüquqi, siyasi ekspertlərdən tutmuş sıravi vətəndaşlara qədər bütövlükdə Azərbayan ictimaiyyəti ÜAK-ın qeydiyyatının ləğv olunmasını siyasi sifariş kimi qiymətləndirir.
17 May 2017 14:32 SiyasətÇingiz Qənizadə: "Müvafiq qurumlarımız dərhal hərəkətə keçməlidir"
Rusiyanın Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatınıləğv etməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Hüquqi, siyasi ekspertlərdən tutmuş sıravi vətəndaşlara qədər bütövlükdə Azərbayan ictimaiyyəti ÜAK-ın qeydiyyatının ləğv olunmasını siyasi sifariş kimi qiymətləndirir. Üstəlik sözügedən qərarın iki dövlətin əsrlərdən bəri formalaşmış qonşuluq və strateji müttəfiqlik münasibətlərinə xələl gətirəcəyi bildirilir. Qeyd edək ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb. Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır. Azərbaycanın Xarici İşlər Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) məhkəmə hökmü ilə qeydiyyatının ləğvi barədə qərarın təəssüf və təəccüb doğurduğunu bildirir: "Bu addımdan Rusiya Federasiyasında yaşayan vətəndaşlara qarşı etnik mənsubiyyətinə görə ayrıseçkilik və qərəzliliyin təzahürünü görürük. Bu qərarı qeyri-dost addım olaraq qiymətləndiririk. ÜAK ləğv edildiyi halda Rusiya Erməniləri İttifaqına tam dəstəyin verilməsi Rusiya Federasiyasının erməni və azərbaycanlı millətindən olan vətəndaşlara qarşı qeyri-tarazlı münasibətin təzahürü kimi qəbul edilə bilər - bu da Dağlıq Qarabağ nizamlanmasında Rusiyanın vasitəçilik roluna mənfi təsir göstərə bilər". Milli Məclisin deputatı Rövşən Rzayev deyib ki, Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi erməni lobbisinin imkanları hesabına həyata keçirilib. Rusiyada Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələrin olduğunu deyən R.Rzayev ÜAK-ın ləğvini də ermənilərin təxribatı sayıb: "Rusiya ATƏT Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Ermənistan belə məsələləri ortaya atmaqla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini arxa plana salmağa çalışır". Rusiya ilə Azərbaycanın müttəfiq ölkə olduğunu xatırladan deputat hesab edir ki, iki ölkə arasında münasibətlər çox müsbət istiqamətdə inkişaf edir. Azərbaycan və Rusiya hazırda da münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsində maraqlıdır. Millət vəkili Elman Nəsirov bildirib ki, baş verən hadisə dünyada yaşayan çoxmilyonlu azərbaycanlı, eləcə də Azərbaycan ictimaiyyətinin haqlı harazılığına səbəb olub. Onun sözlərinə görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirə bilər: "Bu ilin mart ayının 9-da Rusiyanın Ədliyyə Nazirliyi qondarma ittihamlarla Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə kölgə salmağa çalışdı və Ali Məhkəməyə müraciət etdi. Guya ki, Rusiya qanunvericiliyi pozulurmuş, təşkilat özünün nizamnamə prinsiplərindən kənara çıxırmış və s. Yəni tamamilə reallığa daban-dabana zidd olan ittihamlar irəli sürülmüşdü. Ali Məhkəmənin sonuncu qərarı isə gözlənilən idi. Belə bir addımın atılması strateji xarakterli Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirəcək addımdır. Məsələ burasındadır ki, bu təşkilat 2001-ci ildə ulu öndər Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmışdı. Bu təşkilatın qurultaylarına da hər iki dövlətin yüksək səviyyəli rəsmiləri tərəfindən təbrik məktubları daxil olurdu. Sonuncu qurultay da ötən ilin dekabrında baş tutmuşdu. ÜAK Rusiya və Azərbaycan arasında mədəni, hümanitar və digər sahələrdə, dostluq və əməkdaşlıq mühitinin yaradılması istiqamətində fəaliyyət göstərirdi". Deputat hesab edir ki, indiki məqamda belə bir addımın atılması çoxsaylı suallar doğurur: "Təhlillər onu göstərir ki, hər dəfə Azərbaycanda çox mühüm tədbirlər həyata keçirilərkən bu cür xoşagəlməz hallar yaşanır. 2013-cü ildə Azərbaycanda prezident seçkilərindən bir qədər əvvəl Rusiyadakı "milyarderlər ittifaqı" adlanan bir ittifaq ölkəmiz əleyhinə qarayaxma kampaniyasına başladı. Məqsəd prezident seçkilərinə kölgə salmaq idi. Bu gün də ölkəmizdə beynəlxalq tədbirlər keçirilir, Bakı dünyanın diqqət mərkəzindədir. Gələn il isə prezident seçkiləri keçiriləcək. Yenə eyni ssenari təkrar olunur. Hesab edirəm ki, bu, Rusiyada mövcud olan anti-Azərbaycan siyasi dairələrin birbaşa fəaliyyətinin nəticəsidir. Onlar ermənipərəst qüvvələrlə birlikdə hərəkət edirlər. Məqsəd isə bəllidir, dinamik inkişafa malik Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək. Necə deyərlər, suyu bulandırıb balıq tutmaq istəyirlər. Rusiyanın ali rəhbərliyi Azərbaycanın Rusiya üçün nə dərəcədə böyük əhəmiyyətə sahib olduğunun fərqində olacaq. Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə o dərəcədə sadiqdir ki, Qərbdən gələn bütün təzyiqlərə baxmayaraq Rusiya əleyhinə maliyyə-iqtisadi sanksiyalara qoşulmur. Ölkəmiz bu günə qədər həmin siyasəti davam etdirir". Elman Nəsirov vurğulayıb ki, Azərbaycan tərəfinin hər hansı cavab tədbiri görməsinə ehtiyac yoxdur: "ÜAK-ın fəaliyyətinin dayandırılmasına çalışan qüvvələrin məqsədi Rusiya-Azərbaycan münasibətlərini korlamaqdır. Bu mənada Azərbaycan tərəfinin sözügedən qərara adekvat addım atması həmin qüvvələrin niyyətinə xidmət edəcək. Ona görə də hesab edirəm ki, Azərbacycanin cavab reaksiyası sonuncu tədbir ola bilər. Amma hələlik bu cavaba ehtiyac yoxdur. İndiki halda müxtəlif kanallar vasitəsilə məhkəmə qərarının dəyişdirilməsinə nail ola bilərik. Rusiyanın ali rəhbərliyi ilə danışıqlara girərək məsələni həll etmək lazımdır". Millət vəkili Çingiz Qənizadə bildirib ki, Rusiya Ali Məhkəməsinin qəbul etdiyi qərar hələ son deyil. Prosedur qaydalar imkan verir ki, ÜAK apellyasiya şikayət etsin. Çöx güman ki, bu işə apellyasiya qaydasında yenidən baxılacaq: "Çox istərdim ki, bu sahə ilə məşğul olan qurumlarımız Konqreslə əlaqə saxlayaraq sənədlərdəki nöqsanların aradan qaldırılması istiqamətində iş aparsınlar. Apellyasiya məhəkəməsinə qədər sənədlərin tənzimlənməsi güman ki, növbəti məhkəmə baxışında müsbət qərarın qəbul edilməsi üçün zəmin yarada bilər. Ona görə də müvafiq qurumlarımız dərhal hərəkətə keçməlidir ki, məsələnin müsbət həllinə nail olmaq mümkün olsun". Xatırladaq ki, Rusiya Ali Məhkəməsinin qərarı ilə razılaşmayan ÜAK üzvləri apellyasiya şikayəti verəcəklərini bəyan ediblər.
Nurlan