“ÜAK-ın qeydiyyatının ləğvi dünyadakı erməni lobbisinin sevincinə səbəb olub”
“Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi Ermənistan hakimiyyətinin və dünyadakı erməni lobbisinin sevincinə səbəb olub. Çünki ÜAK Azərbaycanın dünyadakı ən güclü diaspora təşkilatı idi”. Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
17 May 2017 14:14 Siyasət"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi Ermənistan hakimiyyətinin və dünyadakı erməni lobbisinin sevincinə səbəb olub. Çünki ÜAK Azərbaycanın dünyadakı ən güclü diaspora təşkilatı idi". Bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Konqresin sıralarında Rusiyada yaşayan tanınmış azərbaycanlılar - oliqarxlar, mədəniyyət xadimləri, həkimlər, rəssamlar yer alırdılar. İlk növbədə ÜAK-ın qeydiyyatının ləğvinin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi haqqında Moskvaya mesaj göndərilməlidir. Azərbaycan son illərdə Rusiyadan 5 milyard dollar civarında silah və hərbi texnika alıb. Bundan sonra zəruri silah və hərbi texnikanın alınması üçün başqa ölkələr axtarılmalıdır. Avropa İttifaqı ilə danışıqları sürətləndirib, Brüssellə strateji əməkdaşlıq sazişinin imzalanmasına və Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa ehtiyac var". "Rəsmi Bakı Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə önəm verirdi", - deyən politoloq qeyd edib ki, bu təşkilat rəsmi səviyyədə daima dəstəklənirdi: "Çünki ÜAK 2001-ci ildə birbaşa mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə təsis olunub. Birinci qurultayda Heydər Əliyev və onun rusiyalı həmkarı Vladimir Putin də iştirak ediblər". Azadinform.az