ÜAK-ın ləğvi: Rusiya maraqlarını ermənilərə qurban verir?
Rusiyanın hakimiyyət dairələrindəki düşərgələnmə, Ermənistanın və erməni diasporunun maliyyəsindən asılı duruma düşmüş kölə təfəkkürlü bir neçə məmurun "təşəbbüsü" nəticəsində Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti dayandırılıb.
16 May 2017 16:05 SiyasətRusiyanın hakimiyyət dairələrindəki düşərgələnmə, Ermənistanın və erməni diasporunun maliyyəsindən asılı duruma düşmüş kölə təfəkkürlü bir neçə məmurun "təşəbbüsü" nəticəsində Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti dayandırılıb.
Təşkilat rəsmən yasaqlanıb, bağlanıb, işinə son verilib.
Hər halda bunu edənlər belə düşünür. Yanılırlar, sevinməyə də tələsirlər.
Çünki hələ heç nə bəlli deyil və Ali Məhkəmə sifarişli qərar verdiyi kimi, ədalətin və həqiqətin qarşısında bu qərarını apellyasiya qaydasında ləğv edə də bilər.
Rəsmi gəvəzəlik
Rusiyanın Ali Məhkəməsi dünən ölkənin Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə iddiasına baxıb. İddiada vurğulanırdı ki, ÜAK-ın fəaliyyəti, sən demə, "Rusiyanın mövcud qanunvericiliyinə uyğun deyil".
Ali Məhkəmə nazirliyin iddiasını tam təmin edib.

Rusiyanın Ədliyyə Nazirliyinin olayla bağlı rəsmi açıqlamasında deyilir: "Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı aparılmış nəzarət-təftiş tədbirləri zamanı bəlli olub ki, bu təşkilatın Nizamnaməsindəki müddəalar Rusiyanın mövcud qanunvericiliyinə uyğun deyil. Məsələn, təşkilatın adında onun fəaliyyət növü ilə bağlı heç nə deyilmir. Təşkilatın etibarnaməsi olmadan fəaliyyət göstərən şəxslər barədə məlumatlar isə bu qurum barədə Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindəki (HŞVDR) məlumatlara uyğun gəlmir. Aşkarlanmış pozuntulara əsaslanaraq və "İctimai birliklər haqqında" qanunun müddəalarını əsas tutaraq Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin Mərkəzi Şurasının Rəyasət Heyətinin ünvanına dəfələrlə xəbərdarlıqlar yollayaraq mövcud qanunvericiliyin pozuntularının aradan qaldırılmasını tələb etmişdi. Pozuntuların aradan qaldırılması üçün son vaxt 2016-cı ilin oktyabrın 17-də başa çatıb. Lakin təşkilat xəbərdarlıqlara məhəl qoymadığından Ədliyyə Nazirliyi Rusiya Federasiyasının Ali Məhkəməsinə bu qurumun ləğvi ilə bağlı iddia ərizəsi ilə müraciət edib".
ÜAK nümaynədələri isə məhkəmədə bildiriblər ki, Ədliyyə Nazirliyinin aşkarladığı nöqsanları aradan qaldırmağa çalışsalar da, nazirlik sənədi təsdiqləməyib.
Yəni reallıq budur: ÜAK-ın Rusiyada bütün yerli bölmələri və nümayəndəlikləri ilə birlikdə ləğvi Ədliyyə Nazirliyinin aşkarladığı nöqsanlara görə adekvat qərar deyil. Bu, aşkar siyasi təzyiq, "dikbaşların cəzalandırılması", hətta soydaşlarımızın Rusiyadakı ən böyük diaspor təşkilatının məhvi istəyidir.
Məqsəd bəllidir: Moskvada 3 milyonluq azərbaycanlı diasporunu rəhbərliksiz qoymaq.
Ali Məhkəmənin qərarı qüvvəyə minib və bu sənəddən bir ay ərzində apellyasiya şikayəti vermək olar.
Gerçəklik
Ümumrusiya Azərbaycanlıoarı Konqresi (ÜAK) bir nəfərin və ya bir neçə hakimin qərarı ilə asanlıqla ləğv olunması mümkün struktur deyil. Belə olmayıb və ümid edirik ki, olmayacaq da.
Situasiyanın çeşidli səbəbləri var.
Əvvəla, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib.

Azərbaycan Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilmiş və qarşılıqlı dəstək ruhu hökm sürüb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atmışlar və bu siyasət hazırda da davam etdirilir.
Və bütün bunlarla yanaşı Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir.
Belədə Rusiyanın Ədliyyə Nazirliyinin ÜAK-la bağlı yaydığı bəyanat, iddialar sadəcə, absurd təsiri bağışlayır.
"Təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi", "rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması" və bu kimi hüquqi gəvəzəlik ciddi ictimai təşkilatın ləğv üçün yetərli sayılmayacaq "səbəb"lər, ironiya doğuran "dəlil"lərdir.
Gerçəklik odur ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar.
.jpg)
Moskva unutmasın ki...
Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir.
Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir.
Bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq səhv addımdır.
Azərbaycan icmasının ən böyük ictimai birliyini qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır.
Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmış təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir.
Məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir.
Bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə problem yaradacaq və onun bitərəf mövqeyinə kölgə salacaq.
Olmaya Moskva İrəvanda keçirilən mitinqlərdə "Rusiya, ölkəmizdən rədd ol!" şüarlarını görmür?!

Səbəb nədir?
Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi?

Aprelin 16-da Rusiya Erməniləri İttifaqının sədri, İrəvandakı mövcud rejimin ən böyük maliyyə donorlarından biri Ara Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən Rusiyanın XİN başçısı Sergey Lavrov, sənaye və ticarət naziri Denis Manturov, Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sarkisyan, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, habelə RF Prezident Administrasiyasının, Moskva meriyasının, nazirliklərinin və dövlət korporasiyalarının, kütləvi informasiya vasitələrinin rəhbərliklərinin mənsubları, siyasətçilər, Dumanın və Federasiya Şurasının üzvləri qatılmışdılar.

Rusiya prezidenti Vladimir Putin də A.Abramyanı təbrik etmişdi.
Halbuki Rusiya Erməniləri İttifaqının (REİ) fəaliyyəti də Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən yoxlanmış və nə az, nə çox - 124 pozuntu faktı aşkarlanmışdı.
Di gəl, Nazirlik REİ-yə sadəcə, barmaq silkələməklə işini bitmiş saydı, sonrasa o "silkələnmə" ümumiyyətlə, unuduldu. Hətta nazir Aleksandr Konovalov az qaldı REİ sədri A.Abramyandan üzr istəsin, Rusiyanın baş prokuroru Yuri Çayka isə ermənilərin diaspor təşkilatının işindəki qanunsuzluqları "kiçik, cüzi anlaşılmazlıqlar" adlandırdı.
Ermənilərin diaspor qurumunun qanunsuzluqlarına, özbaşınalıqlarnına göz yumulur, ÜAK-dakı kiçik nöqsanlarsa az qala "Rusiya qanunvericiliyini təhdid edən məqamlar" sayılırsa, bu, birtərəfli və əsassız yanaşma deyilsə, nədir?
Rəsmi Moskva gerçəkdən də anlamır ki, Ali Məhkəmənin sifarişli qərarı Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi və Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, deməli, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da avtomatik olaraq inam azalır, etimad sarsılır və Moskvanın iddia etdiyi "proses fəaliyyəti" tragikomediyaya çevrilir?!
Rusiya Dövlət Duması Vladislav Volodinin də cəlb olunduğu dəstə ÜAK-a linç məhkəməsi qurmağa çalışır.

Rusiya rəhbərliyi dərk etmir ki, bir neçə ermənipərəst, ermənilərin kapitalından asılı duruma düşmüş yüksəkçinli məmurun hərəkətləri nəticəsində ölkənin hakimiyyət dairələri erməni lobbisinin girovuna çevirilmiş qrup təsiri bağışlayır?!
Təbiii ki, Azərbaycanın Rusiya ilə əlaqələri və münasibətləri sadəcə, ÜAK-la başlayıb, ÜAK-la da bitmir. Amma Moskva dərk etməlidir ki, ermənilərlə onların Kremldəki idarəolunan fiqurları əslində ÜAK-a yox, Rusiyanın təməl maraqlarına, geostrateji və geosiyasi mənafelərinə qalib gəldilər.
ÜAK-la bağlı qərar Rusiya prezidenti Vladimir Putinin yürütdüyü siyasətə və onun strateji hədəflərinə, taktikasına meydan oxumaqdır.
Eyni zamanda, Rusiyadakı azərbaycanlıların icmasını, diaspor təşkilatlanmasını 2012-ci ildə yaradılmış mənhus "Milyarderlər İttifaqı" vasitəsilə ələ keçirməyə can atanlar sadiq əlaltıları və nökər xislətli adamlarının hərəkətləri sayəsində nələrəsə nail olacaqlarını düşünürsə, yanılırlar.
Rusiya indi dost və müttəfiq Azərbaycanla münasibətləri sərinlətməyə yox, Moskvanın tərəfdaşlarının sayının dünyada sürətlə azaldığı bir durumda tam əksinə, Bakı ilə təmasları aktivləşdirməyə çalışmalıdır.
Moskva dərk etməlidir ki, Rusiya Ali Məhkəməsinin qərarı ölkədəki 3 milyondan artıq azərbaycanlının durumuna ciddi təsir etməyəcək. Əksinə, Rusiyadakı soydaşlarımızın vətənləri ilə təmasları daha da güclənəcək.
ÜAK-ın ləğvi ermənilər üçün panaseya deyil: ən azı ona görə ki, Rusiyadakı soydaşlarımızın tam əksəriyyəti ölkə vətəndaşlığını alıblar, amma qəlbləri, ruhları Azərbaycanladır,

Ən nəhayət, Moskva anlamalıdır: bu qərar Qərbin Cənubi Qafqazda daha da aktivləşməsinə, Rusiyanın mövqelərinin zəifləməsinə rəvac verir və Kreml ÜAK-la bağlı oynanan absurdizm məzhəkəsinə müdaxilə etməsə, gec olacaq.
Beynəlxalq arenada bir çox situasiyalarda və məsələlərdə Rusiyanı dəstəkləyən, Moskvaya müttəfiq olan, ikitərəfli əlaqələri (iqtisadi, maliyyə, hərbi-texniki və s.) milyardlarla dollarlıq səviyyəyə çatdıran ölkə olan Azərbaycan üçün ÜAK məsələsi indi önəmlidir.
Çox önəmli.
Moskva maraqlarını və Cənubi Qafqazdakı yerini ermənilərin istəklərinə qurban verəcəksə, əsla udan tərəf olmayacaq.
Elçin Alıoğlu
Milli.az