İranın qeyri-müəyyən siyasəti
Azərbaycanın cənub qonşusu sayılan İran İslam Respublikası hər zaman öz qeyri-müəyyən mövqeyi və siyasəti ilə seçilib. Üzdə və sözdə Azərbaycanla dərin bağlara, mehriban qonşuiuq əlaqələrinə malik olduğunu bildirsə də, əməldə heç də hər zaman bunu təsdiqləmir. Əksinə fürsət düşdükcə Azərbaycanın maraqlarına zidd addımlar atmaqdan çəkinmir.
15 May 2017 15:29 SiyasətYaxud Azərbaycanın regional gücə çevrilməsi Tehranı niyə narahat edir?
Azərbaycanın cənub qonşusu sayılan İran İslam Respublikası hər zaman öz qeyri-müəyyən mövqeyi və siyasəti ilə seçilib. Üzdə və sözdə Azərbaycanla dərin bağlara, mehriban qonşuiuq əlaqələrinə malik olduğunu bildirsə də, əməldə heç də hər zaman bunu təsdiqləmir. Əksinə fürsət düşdükcə Azərbaycanın maraqlarına zidd addımlar atmaqdan çəkinmir. Yaxın və uzaq tarixdə baş verənlər belə deməyə əsas verir. Gah müsəlman ölkəsi olan Azərbaycanın ərazilərini işğal etmiş xristian Ermənistanı ilə sıx təmaslar qurur, onu düşmüş olduğu böhran vəziyyətindən çıxarmaq üçün işğalçı ölkəyə hər cür dəstək nümayiş etdirir, gah Azərbaycan ərazilərində gizli bomba kimi saxladığı emissarlarından istifadə etməklə ölkəmizdə dini zəmində qarşıdurma yaratmağa çalışır, gah da Azərbaycanın işlərinə müdaxilə edərək rəsmi Bakının bu və ya digər ölkə ilə əlaqələr qurmasını sərt tənqid edərək bizə ağıl verməyə çalışır. Necə ki, bir müddət əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycan səfəri zamanı bunu müşahidə etdik. Bakı ilə Təl-Əviv arasında inkişaf edən əlaqələri özünə əsassız olaraq təhdid hesab edən Tehran Azərbaycanı müsəlman həmrəyliyinə zidd addım atmaqda ittiham etdiyi halda, elə özü də bu həmrəyliyi ayaqlar altına ataraq işğalçı Ermənistana növbəti dəfə qucaq açdı, İslam Respublikasının prezidenti Azərbaycan ərazilərinin 20 faizini zəbt etmiş bir ölkəyə səfər edərək nümayişkəranə şəkildə İrəvana dəstək mesajını verdi.
Ümumiyyətlə, İslam Respublikasının Azərbaycana olan münasibətinə nəzər yetirdikdə Tehranın heç vaxt Bakıya səmimi olmadığı aydın görünür. Bir tərəfdən İran Dağlıq Qarabağ probleminin həllində zaman-zaman vasitəçilik təşəbbüsü ilə çıxış edir, digər tərəfdən işğalçı və terrorçu ölkə ilə sıx münasibətlər qurur. Bir tərəfdən Azərbaycanla qonşuluq münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu ifadə edir, digər tərəfdən Azərbaycana qarşı müəyyən təxribatçı hərəkətlərə yol verir. Bütün bunlar azmış kimi Tehran öz ərazisində yaşayan 40 milyona yaxın Azərbaycan türkünü də basqı və təzyiq altında saxlayır, onları ən adi hüquqlardan belə məhrum edir. Ancaq bunun qarşılığında İran ərazisində yaşayan ermənilərə hər cür imkan yaradır, onların hüquqlarını ən ali səviyyədə belə qoruyur. Bütün bunlar İslam Respublikasının mahiyyətini, ən əsası isə Dağlıq Qarabağ probleminə olan münasibətdə erməni maraqlarına xidmət edən mövqeyinin dəyişmədiyini ortaya qoyur.
İranın Azərbaycana olan mənfi münasibətində diqqət çəkən digər bir məqam rəsmi Bakının Ər-Riyadla, eləcə də Ankara ilə əlaqələrinin Tehran tərəfindən süngü ilə
qarşılanmasıdır. Kifayət qədər arqumentsiz və məntiqsiz bir yanaşma. Deyək ki, Azərbaycanın İsraillə münasibətlərini inkişaf etdirməsini İran qərəzli də olsa özünə təhdid hesab edir və Bakını müsəlman həmrəyliyinə riayət etməməkdə günahlandırır. Bəs Səudiyyə Ərəbistanı və Türkiyə ilə Azərbaycan arasında inkişaf edən əlaqələr Tehranı nədən narahat edir? Məgər Səudiyyə Ərəbistanı və Türkiyə müsəlman ölkəsi deyil? Sadəcə məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan həm Qərb, həm də Şərqlə yaxın əlaqələr qurmaqla regionda əsaslı güc mərkəzinə çevrilir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələri Bakının regiondakı yeri və rolunu artırır. Bütün bu amillər paralel olaraq İranın regional güc kimi sürətlə zəifləməsi, onun sıradan çıxması ilə nəticələnir. Ona görə də Tehran fürsət düşdükcə Azərbaycana qarşı öz məkirli planlarını işə salır, onun zəifləməsi, nüfuzdan düşməsi istiqamətində durmadan səy göstərir. Adı çəkilən ölkələrin Tehranla müqayisədə Dağlıq Qarabağ probleminə olan yanaşmasında da ciddi fərqlər mövcuddur. Belə ki, Ankara, və Ər-Riyad həm sözdə, həm də əməldə Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyini dəstəkləyir, işğalçı Ermənistanla heç bir münasibətlər qurmur. Ancaq Tehran sözdə Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını desə də, lakin əməldə bunun əksini sərgiləyir, bu işğala bəraət qazandıran addımlar atır. Ona görə də İslam Respublikası ilk öncə öz siyasətinə, atdığı addımlara diqqət yetirməli, nəyin doğru, nəyin yalnış olduğunu müəyyənləşdirməlidir. Amma əksinə İran bütün imkanlarını səfərbər edərək ciddi cəhdlə Azərbaycana qarşı müntəzəm olaraq kampaniya həyata keçirir. Təbii ki, bu işdə, prosesdə də Tehrana zaman-zaman qucaq açan işğalçı İrəvan dəstək olur, yardım göstərir. Bir sözlə Tehran-İrəvan müttəfiqliyi, dostluğu bütün gücünü Azərbaycanı zəiflətməyə sərf edib. Necə ki, Dağlıq Qarabağ problemi meydana gələn gündən bu siyasət, əməkdaşlıq davam edir.
Füzuli