Erməni lobbisinin girovuna çevrilmiş Rusiya rəsmiləri
Azərbaycan-Rusiya münasibətləri hər zaman bu və ya digər dövlətlərin, xaricdəki müəyyən qruplaşmaların diqqət mərkəzində olan başlıca məsələ olub. Daha doğrusu Moskva-Bakı münasibətlərinə zərbə vurmaq, iki ölkə arasında problemlər yaratmaq sözügedən dairələrin əsas hədəflərindən birinə çevrilib. Zaman-zaman buna cəhdlər edilsə də, lakin iki ölkə rəhbərliyinin siyasi iradəsi və qarşılıqlı faydalı əməkdaşlıq hər zaman Moskva ilə Bakı arasında sərinlik, inciklik yaratmaq cədhlərini puça çıxarıb. Çünki Azərbaycanla Rusiya arasında münasibətlər dostluq, mehriban qonşuluq əlaqələri ilə yanaşı, həm də hər zaman strateji xarakter daşıyıb. Bu mövqe iki ölkə rəhbərliyinin dilindən hər zaman ifadə edilib.
12 May 2017 17:34 SiyasətMoskva Bakı ilə münasibətlərə xələl gətirəcək adımlardan yayınmalıdır
Azərbaycan-Rusiya münasibətləri hər zaman bu və ya digər dövlətlərin, xaricdəki müəyyən qruplaşmaların diqqət mərkəzində olan başlıca məsələ olub. Daha doğrusu Moskva-Bakı münasibətlərinə zərbə vurmaq, iki ölkə arasında problemlər yaratmaq sözügedən dairələrin əsas hədəflərindən birinə çevrilib. Zaman-zaman buna cəhdlər edilsə də, lakin iki ölkə rəhbərliyinin siyasi iradəsi və qarşılıqlı faydalı əməkdaşlıq hər zaman Moskva ilə Bakı arasında sərinlik, inciklik yaratmaq cədhlərini puça çıxarıb. Çünki Azərbaycanla Rusiya arasında münasibətlər dostluq, mehriban qonşuluq əlaqələri ilə yanaşı, həm də hər zaman strateji xarakter daşıyıb. Bu mövqe iki ölkə rəhbərliyinin dilindən hər zaman ifadə edilib.
Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb. İstər yaxın. Istərsə də uzaq tarixdə rəsmi Bakının bu mövqeyi dəyişməz olaraq qalıb. Hətta bir neçə il əvvəl gərginləşən Rusiya-Türkiyə münasibətləri fonunda da Azərbaycan eyni yola sadiq qaldığını nümayiş etdirmiş oldu, strateji tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipini əsas götürərək Ankara və Moskva arasında seçim etmədi. Baxmayaraq ki, Türkiyə Azərbaycana qardaş ölkədir, ancaq buna rəğmən rəsmi Bakı heç bir tərəf arasında üstün mövqe tutmayaraq proseslərdə bitərəf rol oynamağa üstünlük verdi.
Müasir dövrdə Azərbaycanla Rusiya arasında beynəlxalq təşkilatlar çərçivəsində də faydalı əməkdaşlıq əlaqələri hökm sürür və ölkələr bir sıra prinsipial məsələlərdə bir-birinə dəstək nümayiş etdirir. Elə yaxın tarixdə, Krım problemi ortaya çıxan zaman Rusiyanın Avropa qurumlarındakı mandatının ləğvi məsələsi gündəmə gələrkən də Azərbaycan keçirilən səsvermələrdə onun əleyhinə səs verərək bir daha strateji partnyorluq prinsiplərinə sadiqlik nümayiş etdirdi.
Təkcə siyasi deyil, eyni zamanda iqtisadi və mədəni sahədə də iki ölkə arasında yüksək səviyyəli əlaqələr mövcuddur və bu əlaqələr hər ötən gün daha da inkişaf edir. Azərbaycanda rus dilinin və mədəniyyətinin qorunub saxlanması təmin edilir. Eyni zamanda rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinə ölkə ərazisində kifayət qədər şərait, imkanlar yaradılır. İqtisadi sahədə də ölkələr arasında əlaqələr hər ötən gün daha da inkişaf edir, ticarət dövriyyəsi ildən-ilə artır. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf etməsini istəməyən qüvvələri ciddi şəkildə narahat edir. Bir müddət əvvəl gündəmə gələn Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsi də məhz adıçəkilən şəbəkənin fəaliyyətinin nəticəsidir. Artıq bir müddətdir ki, başlanan bu kampaniyanın əsas hərəkətverici qüvvələrinin Rusiyadakı erməni lobbisi olduğu üzə çıxmaqdadır. Məlumata görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ideyası Rusiyanın Ədliyyə Nazirliyində yüksək posta sahib olan və erməni lobbisinin maraqlarına xidmət edən antiAzərbaycan şəbəkəsi tərəfindən gündəmə gəlib. Artıq may ayının 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi reallaşmaq üzrədir. Burada yeganə məqsəd isə Rusiya ilə Azərbaycan arasındakı münasibətləri yenidən sınaq qarşısında qoymaqdır.
Ancaq maraqlı situasiya ondan ibarətdir ki, Rusiyanın yüksək çinli dairələri də erməni lobbisinin antiAzərbaycan fəaliyyətinə göz yummaqdadır. Bu gün Rusiyada yüzlərlə, minlərlə təşkilat fəaliyyət göstərdiyi halda Azərbaycanın ən böyük diaspor təşkilatı sayılan Ümumrusiya Azərbaycanlıları Konqresini ləvğ etmək qərarına Kreml rəsmilərinin biganə münasibəti Moskva-Bakı strateji əlaqələrinə bilərəkdən zərbə vurmaqla yanaşı, bu ölkənin obyektivliyinə də şübhə yaradan məqamdır. Nəzərə alsaq ki, belə bir addım Rusiyadan Ermənistana hərbi yardımın artırılması fonunda baş verir, o zaman demək olar ki, Moskva erməni lobisinin tam təsiri altındadır. Və erməni lobbisi Rusiyada istənilən addımı atmağa qadirdir. Bütün bu arqumentlər isə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına kölgə salmış olur. Həmçinin Moskvanın ATƏT-in Minsk qrupunun həmsədri kimi bitərəfliyini şübhə altına alır.
Ümid etmək olar ki, Moskva mayın 15-də yalnış addım atmaqdan çəkinəcək və Bakı ilə münasibətlərə xələl gətirmək istəməyəcək. Hər halda Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər buna inanmaq istəyir. Əks halda Rusiya həm də erməni lobbisinin girovuna çevrilmiş bir ölkə imici yaratmış olacaq.
S.İsmayılbəyli