Diasporla İş üzrə Dövlət Komitəsi: “Rusiyada müəyyən anti-Azərbaycan qruplar ÜAK-ın fəaliyyətinin dayandırılması istiqamətində xüsusi fəallıq göstərir”

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin müraciəti əsasında Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı başlamış məhkəmə prosesi Rusiyada yaşayan azərbaycanlı icmasının, digər xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın, eləcə də bütün Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olub.

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin müraciəti əsasında Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı başlamış məhkəmə prosesi Rusiyada yaşayan azərbaycanlı icmasının, digər xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın, eləcə də bütün Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olub. Təəssüf hissi ilə bildiririk ki, son dövrlərdə daxil olmuş məlumatlar Rusiya Federasiyasında müəyyən anti-Azərbaycan qrupların ÜAK-ın fəaliyyətinin dayandırılması istiqamətində xüsusi fəallıq göstərdiyini, may ayının 15-nə təyin olunmuş məhkəmə prosesinə təşkilatın bağlanması üçün təzyiq etmək cəhdlərinin intensivləşdiyini söyləməyə əsas verir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı bəyanatda yer alıb. Dövlət Komitəsi bəzi qüvvələrin bilavasitə Azərbaycan-Rusiya münasibətlərini zədələməyə yönəlmiş məqsədyönlü fəaliyyətindən dərin narahatlıq hissi keçirdiyini bir daha bəyan edərək, məhkəmənin ədalətli qərar verəcəyinə inandığını ifadə edir. Bəyanatda bildirilir ki, bu gün beynəlxalq münasibətlər sistemində mühüm yerə malik Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xüsusi rol oynayan yüzlərlə azərbaycanlının adını çəkmək olar. Dövlət Komitəsi bütün Azərbaycan ictimaiyyətinin və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 460-dan çox diaspor təşkilatında birləşmiş azərbaycanlıların ÜAK-ın fəaliyyəti ilə bağlı başlamış məhkəmə prosesində iki ölkənin maraqlarına, xalqlarımızın dostluq ənənələrinin, dövlətlərimizin strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd qərar qəbul olunması istiqamətində təşəbbüslərdən dərin narahatlığını ifadə edir. Ümid edirik ki, məhkəmə bu narahatlığı nəzərə alaraq, milyonlarla azərbaycanlını təmsil edən ÜAK-ın fəaliyyəti ilə bağlı tam ədalətli, obyektiv və heç bir siyasi motivə əsaslanmayan qərar qəbul edəcəkdir. Bir daha xüsusi vurğulamağı vacib hesab edirik ki, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin dayandırılması iki ölkənin ümumi mənafelərinə tamamilə ziddir və yalnız Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmlənməsini istəməyən qüvvələrin maraqlarına xidmət edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31