23 illik atəşli atəşkəs

Mayın 12-i Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminin qüvvəyə minməsinin tam 23 ili tamam oldu. 1994-cü il, may ayının 12-də Qırğızıstanın Bişkək şəhərində əldə olunan bu razılaşma o zaman Qarabağda sülhün bərqarar olunması və tədricən işğal altında olan ərazilərin geri qaytarılacağına çox böyük ümid yaratmışdı. Düzdür, məlum "Bişkek protokolu" bir növ siyasi müraciət və heç bir hüquqi xarakter daşımayan sənəd idi. Lakin qeyd etdiyimiz kimi sülhə ümidlər də tükənməmişdi. Ən azından ona görə ki, tərəflər arasında atəşkəs rejiminin əldə olunmasında təkcə Azərbaycan və Ermənistan deyil, eyni zamanda qonşu ölkələr, münaqişənin nizamlanması prosesində iştirak edən ATƏT-in Minsk qrupu da fəallıq nümayiş etdirirdi.

Yaxud Ermənistanın maraqlarına xidmət edən Bişkek protokolu

Mayın 12-i Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminin qüvvəyə minməsinin tam 23 ili tamam oldu. 1994-cü il, may ayının 12-də Qırğızıstanın Bişkək şəhərində əldə olunan bu razılaşma o zaman Qarabağda sülhün bərqarar olunması və tədricən işğal altında olan ərazilərin geri qaytarılacağına çox böyük ümid yaratmışdı. Düzdür, məlum "Bişkek protokolu" bir növ siyasi müraciət və heç bir hüquqi xarakter daşımayan sənəd idi. Lakin qeyd etdiyimiz kimi sülhə ümidlər də tükənməmişdi. Ən azından ona görə ki, tərəflər arasında atəşkəs rejiminin əldə olunmasında təkcə Azərbaycan və Ermənistan deyil, eyni zamanda qonşu ölkələr, münaqişənin nizamlanması prosesində iştirak edən ATƏT-in Minsk qrupu da fəallıq nümayiş etdirirdi.

Məlumat üçün qeyd edək ki, sözügedən sənəd əslində həmin il, may ayının 5-də Bişkekdə imzalanmalı idi. Sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, Dağlıq Qarabağın Erməni İcmasının üzvü, həmin günlərdə "DQR parlamentinin spikeri" kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. Lakin mayın 5-i tarixində Afiyyədin Cəlilovdan başqa hamı bu sənədi imzalamış, o isə bundan imtina etmişdir. Əsas səbəblərdən biri və Azərbaycan üçün prinsipial xarakter daşıyan məqam sənədi imzalayan tərəflər arasında Dağlıq Qarabağın Azərbaycan İcmasının yer almaması idi. Sonradan Bişkek protokolunun 6 nəfər tərəfindən imzalanmış kserosurətini Azərbaycan tərəfindən imzalanması üçün Bakıya ATƏT-in Minsk qrupundakı Rusiyanın təmsilçisi Vladimir Kazimirov gətirmişdi. O, mayın 8-də Azərbaycan tərəfinə yenidən bu protokolu imzalamaq təklif etmişdi. Bu dəfə Azərbaycan tərəfini Milli Məclisin o vaxtkı spikeri Rəsul Quliyev təmsil edirdi. Etiraf edək ki, o da sənədin mətninə müəyyən düzəlişlər edilmədən və onu imzalayanlar sırasına Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Nizami Bəhmənovun adı əlavə olunmadan onu imzalamaqdan imtina etmişdi.

Beləliklə, Rəsul Quliyev Kazimirovun gözünün qabağında öz əli ilə Nizami Bəhmənovun adını oraya əlavə etmiş, onun imzası üçün xətt çəkmiş, sənədin mətninə iki düzəliş əlavə etmiş və bundan sonra Afiyəddin Cəlilovun adının yanında öz imzasını qoymuşdu. Nəticə etibarilə, sənəd Azərbaycan tərəfindən 8 may 1994-cü ildə imzalanmışdı.[3] Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri şəxsində Şuşa rayonu İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində "DQR parlamentinin sədri" Karen Baburyan imza atır. Bundan sonra 12 may 1994-cü il tarixdən Bişkek protokolu qüvvəyə minir. Elə həmin gündən cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılır. O zaman Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Belə ki, Bişkek protokolunun 5-ci abzasında "tutulmuş ərazilər" sözləri "işğal olunmuş ərazilər" sözləri ilə əvəzlənir və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunur. Bu sənədə, əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "Böyük sülh sazişi" imzalamalı idilər.

Qarabağda sülhə hesablanmış atəşkəs razılaşmasının imzalanmasından 23 il keçsə də, lakin ötən illər ərzində nə bu sazişə imza atan Ermənistan, nə də onun təşəbbüskarı qismində çıxış edən beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu sözügedən protokolun icrası istiqamətində konkret addımlar atmayıb. Əksinə atəşkəsi birtərəfli qaydada pozan Ermənistana bu və ya digər formada dəstək nümayiş etdirib, ona havadarlıq edib. O zaman ortaya maraqlı bir sual çıxır. Bişkek protokolunun imzalanmasına olan beynəlxalq maraq nədən irəli gəlirdi? Xüsusilə, Rusiya nə üçün bu sənədin imzalanmasına ciddi cəhdlə səy göstərirdi? Cavab sadədir. Ermənistanın həmin sənəd imzalanana qədər zəbt etdiyi Azərbaycan ərazilərini tədricən erməniləşdirmək, status-kvonu saxlamaq. Düzdür, Bişkek protokoluna qədər Azərbaycanın nizami ordusunun olmaması bir çox rayonlarımızın işğalı ilə nəticələndi. Ancaq tədricən Azərbaycanın Silahlı Qüvvələrinin təkmilləşdirilməsi, ordu quruculuğunun möhkəmləndirilməsi qısa zamanda Azərbaycanın hərbi əməliyyatlara başlayaraq işğal altında olan ərazilərini geri qaytaracağını reallığa çevirirdi. Bunu isə həm Moskvada, həm də Avropada aydın müşahidə edirdilər. Ona görə də Azərbaycanın öz ərazilərini geri almaq şansını minimuma endirmək üçün planlı şəkildə atəşkəs sazişi məsələsi gündəmə gətirildi ki, bu da birbaşa Ermənistanın maraqlarına xidmət edirdi. Yəni, Bişkek protokolu birbaşa Ermənistanı himayə etməyə hesablanmış sənəd idi. Təsadüfi deyil ki, sözügedən sənədin imzalanmasında xüsusi fəallıq nümayiş etdirən Vladimir Kazimirov da illər sonra qələmə aldığı xatirələrində Bişkek protokolu barədə qeydləində yazırdı: "Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik, hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Buna görə də Azərbaycan tərəfin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti yox idi".

Bu gün Ermənistanın cəbhədə atəşkəs rejimini müntəzəm olaraq pozması, tez-tez təxribat hərəkətlərinə yol verməsi onu deməyə əsas verir ki, artıq Bişkek protokolu mənasız bir razılaşma funksiyasını daşıyır və Azərbaycanın düşmən ölkənin təxribat hərəkətlərinin qarşısını almasına heç bir sənəd mane ola bilməz. Çünki 23 il ərzində yalnız Azərbaycan birtərəfli qaydada Bişkek protokoluna sadiqlik nümayiş etdirib. Əgər qarşı tərəf buna ənəl etmirsə, atəşkəs rejimini atəş səsləri ilə "qüvvədə" saxlamağa cəhd göstərirsə, o zaman ona layiqli cavab da verilməlidir. Əks halda Ermənistan və onun havadarları daha 23 il atəşkəs sazişi adı altında manipulyasiyaya davam edəcəklər.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31