Erməni təxribatı yeni mərhələdə
Ermənistan bütün parametrlər üzrə tərxribat hərəkətlərini davam etdirir. Ötən ilin aprelində üzləşdiyi uğursuzluq və Azərbaycan Silahlı Qüvvələrindən aldığı zərbələri heç cür həzm edə bilməyən işğalçı ölkə bir ildən artıq müddətdir ki, bu acı məğlubiyyətin əvəzini çıxmağa çalışır.
12 May 2017 14:12 SiyasətErmənistan bütün parametrlər üzrə tərxribat hərəkətlərini davam etdirir. Ötən ilin aprelində üzləşdiyi uğursuzluq və Azərbaycan Silahlı Qüvvələrindən aldığı zərbələri heç cür həzm edə bilməyən işğalçı ölkə bir ildən artıq müddətdir ki, bu acı məğlubiyyətin əvəzini çıxmağa çalışır. Danışıqlar prosesindən yayınmaq, cəbhə xəttində təxribat hərəkətlərinə yol vermək, atəşkəs rejimini müntəzəm olaraq pozmaq kimi hallar məhz buna hesablanıb. Təəssüflər olsun ki, Ermənistan tərəfinin bu təxribat hərəkətəri və cəbhədə vəziyyəti gərginləşdirmək cəhdinə Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu və onun həmsədri olan ölkələr, eləcə də digər beynəlxalq təşkilat və qurumlar heç bir reaksiya vermir, rəsmi İrəvana sülh prosesindən uzaqlaşmamaq çağırışı etmirlər. Bu kimi sakit seyriçilik ab-havası, əhval-ruhiyyəsi isə Ermənistanı daha aqressiv davranmağa, danışıqlar prosesindən yayınmağa və yeni-yeni təxribatlara əl atmağa sürükləyir, onda həvəs yaradır. Bir neçə gün əvvəl cəbhənin Tərtər istiqamətində göstərdiyi təxribat cəhdindən sonra işğalçı Ermənistan daha bir təxribata, Azərbaycanı qıcıqlandırmağa yönəlik hərəkətə əl atıb. Belə ki, işğalçı ölkənin kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, Ermənistan separatçı Dağlıq Qarabağ rejiminin beynəlxalq səviyyədə təbliğ olunması, tanınması üçün yeni-yeni addımlar atmağı düşünür. Belə ki, rəsmi İrəvan qondarma Dağlıq Qarabağ Respublikasının yeni-yeni nümayəndəliklərinin açılması planları üzərində işləyir. Hələlik qondarma rejimin hansı şəhərlərdə nümayəndəliklər açacağı barədə bir dəqiq informasiya olmasa da, ancaq ümumilikdə Ermənistanın belə bir niyyətdə olduğu göz önündədir. Qondarma rejimin nümayəndəliklərinin açılmasının hüquqi tərəfinə gəlincə, bu addım birmənalı olaraq beynəlxalq hüquq və normalarına ziddir. Separatçı rejimin nmayəndəliyinin açılmasına icazə verən və ya ona şərait yaradan istənilən ölkə də beynəlxalq hüquq və normalara ziddi atmış olacaq. Ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik etdiyini sərgiləyəcək.
Qeyd etdiyimiz kimi Ermənistanın qondarma Dağlıq Qarabağ Respublikasının yeni nümayəndəliklərini açmaq niyyətinin arxasında birbaşa Azərbaycanı təxribata sürükləmək dayanır. Ona görə də Azərbaycan bu təxribata özünəməxsus formada cavab verməlidir. Elə əksəriyyət ekspertlər, politoloqlar da məhz belə düşünür. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycan Ermənistanın bu təxribatının qarşısını almaq üçün malik olduğu imkanlardan yararlanmalıdır. Politoloq deyib ki, Ermənistan hakimiyyəti və erməni lobbisi Dağlıq Qarabağ separatçılarının mövqelərini gücləndirmək üçün "nümayəndəliklər" açmağa çalışır, harda gəldi "bayraqlarını" dalğalandırır: "Bir sözlə Azərbaycana qarşı təxribatla məşğuldur. Ən çox da Rusiyada fəaldırlar. Biz bundan şikayətçiyik, Rusiyada erməni separatçılarına böyük imkanlar yaradıldığını deyir və izahat tələb edirik. İzahat isə yoxdur. Belə olan halda biz də öz imkanlarımızı hərəkətə gətirməliyik. Məsələn, Azəbaycan Rusiyanın Volqoqrad və Həştərxan şəhərlərində məktəblər tikib, parklar açıb, bir sözlə pul yatırıb və buna görə həmin şəhərlərin rəhbərləri Azərbaycana minnətdardırlar. Ancaq elə rusların yaxşı bir misalı var, "quru sağ ol ilə iş düzəlmir". Dağlıq Qarabağın azərbaycanlı icmasının iştirakı ilə bu şəhərlərdə dəyirmi masalar təşkil edilsin, işğaldan danışılsın, məsələnin sülh yolu ilə həlli haqqında fikirlər çatdırılsın. Bu prosesə Sülh Platformunu da qoşmaq olar. Moskva və Sankt-Peterburda da bu çalışmaları genişləndirmək lazımdır. Erməni lobbisi Moskva və Sankt-Peterburda separatçılarının "bayrağını" qaldırırsa, bizim də buna cavabımız Dağlıq Qarabağın azərbaycanlı icmasını tanıtdırmağımız olmalıdır". Elxan Şahinoğlu onu da qeyd edib ki, seperatçıların "paytaxtı" Şuşaya köçürməsinə, Kəlbəcərdə məktəb, uşaq baxçası, xəstəxana və su elektrik stansiyasının tikintisinə bir çox vasitələrlə mane olmaq mümkündür: "Rəsmi Bakı separatçıların Xankəndidə təmir etdiyi hava limanının istifadəsinə necə əngəl oldusa və separatçılar qorxularından bu hava limanından istifadə edə bilmirlərsə, təyyarələr enib-qalxmırsa, eyni taktikadan Şuşa və Kəlbəcərlə bağlı da istifadə etmək lazımdır. Necə oldu ki, separatçılar 20 ildə işğal altındakı torpaqlarda heç bir fəaliyyət göstərmədilər və qəfil həmin torpaqlarda tikinti işlərinə başladılar? Kim onlara bu təxribatlarına görə təhlükəsizlik zəmanəti verdi? Dərhal ATƏT-in Minsk Qrupu həmsədrləri Bakıya çağırılmalı və onlar baş verənlərin hansı nəticələrə gətiriləcəyindən xəbərdar edilməlidirlər. Ümumiyyətlə elan edilməlidir ki, işğal altındakı torpaqlarda infrastruktur işləri və köçürülmə müharibəyə səbəb olacaq". Politoloq deyib ki, belə olan halda Azərbaycan Ermənistanın təxribatçı hərəkətləri önləyə, onların məkirli niyyətinin qarşısını almağa müvəffəq ola bilər: "Düşünürəm ki, vaxt itirmədən biz də Ermənistanın təxribatçı hərəkətlərinə qarşı lazımı addımlar atmalıyıq".
Süleyman