Regionun taleyini dəyişən görüş
Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Təyyub Ərdoğan arasında ötən həftə baş tutan Soçi görüşü ətrafında müzakirələr, fikir mübadiləsi hələ də davam edir. Baxmayaraq ki, sözügedən görüşün üzərindən tam 5 gün keçib, ancaq hələ də həm Ankarada, həm də Moskvada, elə Bakının özündə də Soçi görüşünün nəticələri, görüşdə əldə edilən müəyyən razılaşmalar və onun mümkün nəticələri, perspektivləri barədə müxtəlif mülahizələr səslənir, ehtimallar irəli sürülür.
8 May 2017 15:00 SiyasətYaxud Soçi görüşünün nəticələrinin Azərbaycana mümkün təsirləri
Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Təyyub Ərdoğan arasında ötən həftə baş tutan Soçi görüşü ətrafında müzakirələr, fikir mübadiləsi hələ də davam edir. Baxmayaraq ki, sözügedən görüşün üzərindən tam 5 gün keçib, ancaq hələ də həm Ankarada, həm də Moskvada, elə Bakının özündə də Soçi görüşünün nəticələri, görüşdə əldə edilən müəyyən razılaşmalar və onun mümkün nəticələri, perspektivləri barədə müxtəlif mülahizələr səslənir, ehtimallar irəli sürülür.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay deyir ki, hər bir prezident görüşündə üzdə və qapılararxası qapalı olan məslələr üzrə müzakirələr olur. Xüsusən də, bir-iki çox mühüm, üzbəüz danışmadan həlli mümkünsüz olan məsələnin müzakirəsi: "Elə məsələlər ki, heç bu barədə nə əvvəlcədən gündəlikdə, nə görüş prosesində açıqlama verilmir. Qalan, rəsmi bəyan edilən məsələlər ikinci dərəcəli olmaqla, əsasən, görüşün dolgunluğu barədə görüntü və ya əsas məsələlərdən yayındırıcı xarakterli olur. Nə idi, bu görüşün əsas qayəsi? Müşahidə və məlumatlar onu göstərir ki, görüşün əsas qayəsi regional məsələlər idi. Düzdür, iki qonşu böyük dövlətlər arası iqtisadi ticarət, turizm, viza və s. problemlər barədə mövzu həmişə var. Özü də, 2015-ci ildəki Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulmasından sonra bu sahələrdə xeyli əngəlliklər var. Amma danışıqların yekunu və xüsusən prezidentlərin birgə mətbuat konfransı onu göstərdi ki, bu sahəyə elə bir önəm verilməyib. Türkiyə tərəfinin istəyinə və səyinə baxmayaraq, həm məlum pomidor, həm viza və s. kimi problemlər həll edilməmiş qalıb. Görünən o oldu ki, diqqət regional məsələ üzərində cəmləşibmiş. Bəs bu cəmləşmədə hansı mənada regional məsələlər müzakirə oluna bilər? Təbii ki, iki regional super dövlətin regiondakı təsir dairəsi mənasında. Xüsusən, regional problemlərin beynəlxalq, Amerika-Avropa ilə müzakirəsindən öncə qonşular arasındakı müzakirə və razılaşması mənasında". İlqar Altay deyib ki, mətbuat konfransında liderlərin dediyindən məlum oldu ki, Suriya problemi ətrafında ciddi danışıqlar gedib: "Putin bu barədə daha geniş aydınlıq verdi. Məsələnin yoluna qoyulması barədə çıxışında nəsə, dəfələrlə İranın adını çəkməklə onun rolunu və marağını da bu məsələdə qabartdı. İranı da Rusiya və Türkiyə ilə bir sırada qoydu. Suriya məsələsinin həllində. Putin sonda, bu məsələnin Birləşmiş Ştatlarla da razılaşdırmasının vacibliyini vurguladı. Yəni regional məsələmizi aramızda razılaşdıraq və ümumi fikrə gələndən sonra çıxardaq beynəlxalq ümumi səviyyəyə. Ancaq, söhbəti bir vacib məsələnin üzərinə də gətirməmək olmur. Şəxsi müşahidə və analizimizə görə Soçidə, Putin-Ərdoğan qapalı görüşündə açıqlanmayan bir regional məsələ də müzakirə olunub. Necə ki, Putinin mətbuat katibi Peskov öncədən qeyd etmişdi ki, görüşdə Suriyadan əlavə də digər regional
məsələlər müzakirə olunacaq. Fikrimizcə bu görüşdə Azərbaycan üzərində maraqlar da müzakirə olunub və bu məsələ görüşün bir-iki əsas məğzini təşkil edən mövzudan olub. Söhbət heç də Qarabağ problemindən getmir. Qarabağ məsələsi legitim olmaqla, onun söhbətinin aparıldığını bəyan edib açıqlamaq heç bir problem deyil. Söhbət Azərbaycan üzərindəki təsir maraqlarından gedir. Azərbaycanın bundan sonrakı taleyindən gedir. Bu müzakirənin nəticəsi nə olub, kimin üstünlüyü ilə bitib, fikrimizi açıqlamaq istəmirəm. Amma onu bilirəm ki, bu məsələdə Qərb xeyli qədər kənarda saxlanılıb. Onu da demək olar ki, bu görüş-müzakirə Azərbaycanda neçə müddətdir gedən siyasi proseslərin məntiqi nəticəsi kimi görünür. Yaxında, dövlət qullugu haqqında qanundakı dəyişikliklər, bununla bağlı yaşanan təlatüm, ondan sonrakı proseslər, hətta Rusiyanın regional məsələlər üzrə ideoloqu A. Duqinin Ərdoğan-Putin görüşü günləri Bakıya səfəri və s. təzahürlər həmin məntiqi nəticədən yəqin ki, kənar deyil". İlqar Altayın sözlərinə görə, təsadüfi deyil ki, bir sıra siyasi və rəsmi dairələr Soçi görüşünü regionun taleyini dəyişəcək dönüş nöqtəsi kimi qeyd ediblər: "Yəqin ki, həmin dönüş Azərbaycan üçün də aidiyyətli olar. Bizə arzu etmək qalır ki, bu kritik dünya dönəmində nə olursa, Azərbaycanımız üçün xeyirli olsun və heç olmasa ziyanlı olmasın. Mövcud dünya düzəni reallığında dövlət müstəqilliyimizi, xalqımızın birliyini saxlaya bilək. Rusiyanın mühüm emissarı A. Duqinin bu ərəfədə gözlənilmədən Bakıda qeyd etdiyi kimi işğalda olan 5 rayonumuzu və sonra da bütün Qarabağ torpaqlarımızı azad edək.
Süleyman