Azərbaycan dünyaya mütərəqqi bir model, nümunə təqdim edə bilib
Hazırda dünya miqyasında – ayrı-ayrı regionlarda və ölkələrdə dini-etnik müstəvidə qarşıdurmalar müşahidə olunur, xaos və anarxiyanın coğrafiyası daha da genişlənir. Belə olan halda, multikultural dəyərlərin təşviqi daha çox strateji əhəmiyyət kəsb edir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclis sədrinin müavini Bahar Muradova səsləndirib.
8 May 2017 15:19 SiyasətHazırda dünya miqyasında - ayrı-ayrı regionlarda və ölkələrdə dini-etnik müstəvidə qarşıdurmalar müşahidə olunur, xaos və anarxiyanın coğrafiyası daha da genişlənir. Belə olan halda, multikultural dəyərlərin təşviqi daha çox strateji əhəmiyyət kəsb edir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclis sədrinin müavini Bahar Muradova səsləndirib. O, bildiib ki, Azərbaycan bu baxımdan dünyaya mütərəqqi bir model, nümunə təqdim edə bilib: "Sirr deyil ki, Azərbaycan tolerant ölkədir, dünyada müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığı bir cəmiyyətə sahibdir. Bu gün ölkəmiz dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Ölkəmizin əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyət müxtəlifliyinin yaranmasına səbəb olub. Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, öz mədəniyyətlərini yaşadıblar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Bu da onun bariz göstəricisidir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Ümummilli lider Heydər Əliyevin zamanında atdığı düşünülmüş və qətiyyətli addımlar, milli mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğı tolerantlığın və multikulturalizm ənənələrinin bərpa olunmasına, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət isə bu
dəyərlərin daha da möhkəmlənməsinə, inkişafına şərait yaratmaqla ölkəmizin sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsini təmin etməkdədir.
Hazırda Azərbaycan nümunəsində multikulturalizm və azərbaycançılıq ideologiyası bir-birini tamamlayır. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi tanınır. Bir məqamı da əlavə edim ki, ölkəmizin uğurlu xarici siyasət kursu ilə yanaşı, bəhs etdiyim amillər də Azərbaycanı ictimai-siyasi kataklizmlərdən qoruyur, onun sabit, firavan ölkə kimi beynəlxalq arenada iştirakını təmin edir".