Dünyanın təhlükəsizliyi üçün yeganə yol
Mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. Dövlət başçısı çıxışında bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib. Prezident bildirib ki, Forumun iştirakçılarının sayı ilbəil artır: "Foruma 120 ölkədən iştirakçı qatılıb.
5 May 2017 17:18 Siyasətİlham Əliyev: "Biz hər zaman xalqlar və dinlər arasında anlaşmanın səviyyəsini artırmağa çalışırıq"
Mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. Dövlət başçısı çıxışında bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib. Prezident bildirib ki, Forumun iştirakçılarının sayı ilbəil artır: "Foruma 120 ölkədən iştirakçı qatılıb. Forumun tərəfdaşlarının siyahısı genişdir. Azərbaycan hökuməti, UNESCO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı tədbirin təşkilatçısıdır. Mədəniyyətlərarası dialoq olmasa, bütün dünya təhlükə ilə üzləşər. Azərbaycan sivilizasiyaların qovuşduğu məkan rolunu oynamalıdır. Ölkəmiz tolerantlığı, dini dözümlülüyü ilə fəxr edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri dinc şəraitdə yaşayır. Fəxr edirik ki, 743-cü ildə tikilmiş məscid Şamaxı şəhərində yerləşir. Qədim kilsələrdən biri isə Şəki şəhərindədir. Zərdüşt dininə aid olan atəşgah da Azərbaycandadır. Bu gün ölkəmizdə mövcud olan məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən qorunur, bərpa edilir". Prezident İlham Əliyev bildirib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir: "Tarixi dövrdən, siyasi sistemdən asılı olmayaraq, Azərbaycan xalqı hər zaman multikulturalizmi dəstəkləyib və ölkə hüdudlarından kənarda yayıb. 2011-ci ildə ilk dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş format yaratmaq istəyimizdən irəli gəldi. Bu gün dünyada bəzi proseslər, münaqişələr, vətəndaş müharibələri baş verir. Bu, müxtəlif dinlərin, etnik qruplar arasında anlaşmanın çatışmazlığından irəli gəlir. Keçən il Azərbaycanda Multikulturalizm ili, bu il İslam Həmrəyliyi ili elan edilib. Bu, həm də regionda anlaşmaya xidmət edir". Dövlət başçısı bildirib ki, Azərbaycanın tarixi, mədəniyyəti uğur qazanmağa imkan verir: "Biz birləşməliyik. Bu gün bu Forumda beynəlxalq ictimaiyyətin əksəriyyəti təmsil olunur. Biz sübut etməliyik ki, multikulturalizm yaşayır. Bu, dünyanın təhlükəsizliyi üçün yeganə yoldur". Prezident İlham Əliyev qeyd edib ki, 2008-ci ildə "Bakı prosesi"nə start verilib: "2008-ci ildə Avropa Şurası ölkələri nazirlərinin toplantısını keçirən zaman müsəlman ölkələri nazirlərini dəvət etdik, mədəniyyətlərarası dialoqu müzakirə etdik. 2009-cu ildə müsəlman ölkələri nazirlərinin toplantısına isə Avropa ölkələrinin nazirlərini dəvət etdik. Azərbaycan mədəniyyətlərarası dialoqda bu rolu oynamaqla fəxr edir. Təklif edilib ki, Bakı prosesi mükafatı təsis olunsun, mədəniyyətlərarası dialoqa töhfə verən insanlara təqdim edilsin". Dövlət başçısı bildirib ki, 2015-ci ildə ilk Bakıda Avropa Oyunları keçirilib: "Azərbaycanın təşəbbüsü olmasaydı, Avropa Oyunları keçirilməzdi. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə multikulturalizmin daha bir nümayişidir. Bu il biz IV İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik, 3 mindən artıq idmançı ölkəmizə gələcək. Biz bununla xalqları, xüsusən müsəlman xalqlarını birləşdiririk. Azərbaycan İslam dəyərlərini təşviq etmək üçün müxtəlif tədbirlər keçirir. Azərbaycan islamofobiyaya qarşı mübarizə aparan ölkələrin ön cərgəsində dayanır". Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın üzləşdiyi yeganə problem Ermənistanın torpaqlarımızı işğal etməsidir: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti törədilib, məscidlərimiz dağıdılıb. Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik, Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib. ATƏT-in faktaraşdırıcı missiyaları da bunu təsdiq edib". Dövlət başçısı vurğulayıb ki, Ermənistan torpaqların işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmir: "Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir, yerinə yetirilməməsi ikili standartların göstəricisidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi, hüquqi bir hissəsidir". Dövlət başçısı bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji əməkdaşlıq sazişi imzalayıb: "Azərbaycan enerji təhlükəsizliyinə mühüm töhfə verir, Cənub Qaz Dəhlizi ilk mərhələdə 7 ölkəni birləşdirəcək. Bu ölkələr təbii tərəfdaşlarımız olacaq, biz qarşılıqlı surətdə bir-birimizdən asılı olacağıq. Azərbaycanın təşəbbüskarı olduğu layihələr Azərbaycanın beynəlxalq əməkdaşlığa və mədəniyyətlərarası dialoqa yatırdığı sərmayədir". Prezident İlham Əliyev bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə böyüyüb: "Xarici borcumuz ümumdaxili məhsulumuzun yalnız 20 faizini təşkil edir. Yoxsulluq, işsizlik 5 faizə düşüb. İqtisadi rəqabət qabiliyyətinə görə Azərbaycan 37-ci yerdədir. Azərbaycanın təhsil sahəsinə böyük sərmayə yatırır, ölkəmizdə savadlılıq 100 faizə yaxındır. Son 10 ildə 3 minə qədər məktəb tikilib, əsaslı təmir olunub. Ekstremizm həm də savadsızlıqdan irəli gəlir, savadsız gənc nəsil terror aktlarına cəlb olunur. İlk növbədə radikalizmi yaradan səbəbləri, sosial bərabərsizliyi aradan qaldırmalıyıq". Dövlət başçısı qeyd edib ki, bəzi siyasətçilər reytinq üçün proqramlarını dəyişir, radikal çıxışlar edirlər: "Belə QHT də var. Medianın da bu sahədə rolu mühümdür. Forumun məqsədi odur ki, bu çağırışlar önündə səylərimizi birləşdirək. Əminəm ki, Forum uğurlu olacaq, qəbul edilən qərarlar həyata keçiriləcək".
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib ki, Azərbaycan prezidenti mədəniyyətlərarası dialoqun inkişafı üçün dəstəyini əsirgəmir. Bu gün Azərbaycan ahəngdarlıq ölkəsidir: "Azərbaycan sülh, demokratiya və inkişaf ölkəsidir: "Dünyaya sülh lazımdır. Ancaq sülh fobiyalar, ədalətsizlik olduğu şəraitdə mümkün deyil. Ancaq super güclər yalnız öz maraqları üçün mübarizə apardıqları üçün buna nail ola bilmirik. Dağlıq Qarabağ münaqişəsi də bunu göstərir. Azərbaycanın ərazi bütövlüyü pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Bu gün Suriyada mədəni irs məhv edilir. BMT Təhlükəsizlik Şurası öz vəzifəsini yerinə yetirə bilmir".
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" mövzusunda panel keçirilib. Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assamleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib ki, dünyanın bu ağır dövründə, problemlərin genişləndiyi bir vaxtda problemlərə yeni yanaşma vacibdir: "Ksenofobiya, islamofobiya, antisemitizm, insan oğurluğu indi reallığa çevrilib. Biz nə edə bilərik? Məsələyə qlobal nöqteyi-nəzərdən yanaşmalıyıq". Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd bildirib ki, ölkəsi Afrika və ərəb mədəniyyətinin qovşağıdır: "Biz sabitlik adasına çevrilmişik. Mədəniyyətlərarası dialoq bizim gündəlik fəaliyyətimizin ayrılmaz bir hissəsidir. Parlamentlər mədəniyyətlərarası dialoqun bərqərar olmasında əvəzsiz rol oynaya bilər. Biz təmsil etdiyimiz xalqların baxışlarını nəzərə alaraq, ən mütərəqqi ideyalardan istifadə edərək mədəniyyətlərarası dialoqu təmin etməliyik". Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanın mədəniyyətlər və dinlər arasında dialoqa töhfələrindən danışıb: "Mədəniyyətlər, dinlərarası dialoq, multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bununla yanaşı, təəssüf ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları 25 ildir işğal altında saxlayan Ermənistan Azərbaycanla qarşıdurmanı, Dağlıq Qapabağ münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışır. Məqsəd həm də ölkəmizdə dinlər və millətlər arasında münasibətlərə zərbə vurmaqdır. Bu səylər boşa çıxıb. Azərbaycanda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunlarının keçiriliməsi dünyaya bir töhfədir". Böyük Britaniya Lordlar Palatasının üzvü Zahidə Pərvin Mənsur Böyük Britaniyanın Azərbaycandakı əsas sərmayədarlardan biri olduğunu xatırladıb: "Biz mədəniyyətlər arasında körpüləri tikirik. Parlamentlər bu körpülərin inşasında əsas rol oynamalıdır. Dialoqlar problemi həll etməsə də, eskalasiyanın, zorakı hərəkətlərin qarşısını ala bilər. Mən Azərbaycan prezidenti İlham Əliyevə Forumun açılışında çıxışına görə təşəkkür edirəm. Prezident İlham Əliyev sanki bizim fikirlərimizi oxuyub". Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Caved Abbasi deyib ki, Şərqlə Qərb arasında təfriqələrin gərginləşməsi, cəmiyyətlər daxilində qarşıdurmaların artması parlamentlərarası münasibətlərə də təsir göstərir: "Müxtəlif mədəniyyətlər və xalqlar arasında birlik, vəhdət hissinin yaradılması çox vacibdir. Müxtəlif ölkələrin parlamentlərinin üzvləri ilk növbədə öz aralarında münasibətlər qurmaqla mədəniyyətlərarası dialoqa töhfə verə bilər. Azadlığın, tolerantlığın, mədəniyyətlər və dinlərarası dialoqun təmin olunmasına çalışmalıyıq". ABŞ-da Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Rabbi Mark Şnayer vurğulayıb ki, Azərbaycan müsəlman dünyasında bir modeldir, dinlər və etiqadlararası münasibətlərin gözəl nümunəsidir: "Mən bunu ABŞ-da təbliğ edən bir insanam. Azərbaycan bu sahədə nümunəvi bir ölkədir. Biz amerikalılar üçün Azərbaycan sivilizasiyasını kəşf etməyə çalışırıq. Azərbaycan, prezident İlham Əliyev, xalqınız tolerantlıq, dözümlülük baxımından dünya üçün bir nümunəyə çevrilib".
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq Təşkilatların 1-ci Yüksək Səviyyəli Görüşü keçirilib. Görüşdə Foruma qatılan bütün beynəlxalq təşkilatlar, maliyyə institutları və inkişaf agentlikləri bu görüşdə iştirak ediblər. Görüşdə Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyeva açılış nitqi ilə çıxış edib. Ardınca "İnsanların təhlükəsizliyi üzrə müştərək məsuliyyət: Davamlı inkişaf üzrə dayanıqlı və inklüziv cəmiyyətlərin qurulması" mövzusunda sessiya keçirilib. Sessiyada YUNESKO, BMT SA, BMT ÜTT, AŞ, İƏT, İSESKO, BMT ƏKTT, NATO, UNDP, EU, UN Nairobi, ECOSOC, Turkic Council kimi beynəlxalq təşkilatları nümayəndələri çıxış ediblər.
Alim