Mohamed Əli Huməd: “Cibuti Respublikası həmişə Azərbaycanın yanındadır”
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Cibuti Respublikası Milli Assambleyasının Sədri Mohamed Əli Humədin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, sədr diqqətə çatdırıb ki, ilk dəfədir ki, Cibuti parlamentinin sədri Azərbaycana səfər edir və bu səfərin parlamentlərarası münasibətlərimizin inkişafına töhfə verəcəyinə əmindir.
4 May 2017 13:10 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Cibuti Respublikası Milli Assambleyasının Sədri Mohamed Əli Humədin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a verilən məlumata görə, sədr diqqətə çatdırıb ki, ilk dəfədir ki, Cibuti parlamentinin sədri Azərbaycana səfər edir və bu səfərin parlamentlərarası münasibətlərimizin inkişafına töhfə verəcəyinə əmindir. O. Əsədov iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu qeyd edərək bildirib ki, məhz iki ölkə başçılarının görüşündən sonra ikitərəfli əlaqələrin inkişafı üçün münbit şərait yaranıb. Hazırda iqtisadi, humanitar və digər sahələrdə münasibətlərimizi inkişaf etdirmək üçün işlər aparılır. Bunun üçün hər iki ölkənin yüksək vəzifəli şəxslərinin mütəmadi səfərləri həyata keçirilir. Hər iki ölkənin parlamentində qarşılıqlı dostluq qrupları yaradılıb. Milli Məclisin Sədri beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyinə və Cibuti parlamentinin Xocalı soyqırımını tanımasına dair qəbul etdiyi qətnaməyə görə qonaqlara təşəkkürünü bildirib, onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.
Səmimi sözlər üçün minnətdarlığını bildirən Mohamed Əli Huməd Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, bildirib ki, bir müsəlman ölkəsi olaraq Cibuti Respublikası həmişə Azərbaycanın yanındadır və Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllini arzulayır. Parlament sədri diqqətə çatdırıb ki, Xocalı soyqırımı barədə qətnamə Cibuti Respublikası Milli Assambleyası tərəfindən tərəddüdsüz qəbul edilib və bundan qürur duyuruq.