Mədəniyyətlərarası dialoq brendi-Azərbaycan

Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ənənəvi xarakter alıb. Buna səbəb Aəzrbaycanda bütün xalqların nümayəndələrinə bərabərhüquqlu vətəndaş statusunun verilməsi, ölkədə din və vicdan azadlığının tam şəkildə bərqərar olmasıdır. Bu isə o deməkdir ki, Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq danılmaz faktdır.

Bəşər sivilizasiyasının beşiyi olan ölkəmiz mədəniyyətlərin qovuşduğu məkana çevrilib

Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ənənəvi xarakter alıb. Buna səbəb Aəzrbaycanda bütün xalqların nümayəndələrinə bərabərhüquqlu vətəndaş statusunun verilməsi, ölkədə din və vicdan azadlığının tam şəkildə bərqərar olmasıdır. Bu isə o deməkdir ki, Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq danılmaz faktdır. Üstəlik dövlətin və dövlət başçısının sadalanan sahələrə xüsusi diqqət yetirməsi ölkəmizin gücünü birə beş artırıb. Təsadüfi deyil ki, müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə - məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilmişdir və bu proses bu gün də davam etdirilir. Azərbaycanın yürütdüyü siyasət beynəlxalq humanitar təşkilatlar tərəfindən rəğbətlə qarşılanır. Məhz bu münasibətin nəticəsidir ki, 4-6 may tarixlərində ölkəmizdə 4-cü dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək. Yeri gəlmişkən qeyd edək ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində reallaşır. 

Etiraf edilməlidir ki, dövlət başçımızın qlobal miqyaslı təşəbbüsü beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirilib, nəticə etibarilə  UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlar Forumun  tərəfdaşları kimi çıxış etmək qərarına gəliblər. Bu isə  o deməkdir ki, Prezident İlham Əliyevin məqsədyönlü və əsaslı siyasəti nəticəsində ölkəmiz dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilmə məkanının yekdilliklə Azərbaycan paytaxtının seçilməsi qərarı isə təkcə ölkəmizin geosiyasi əhəmiyyəti ilə deyil, həm də, yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizin müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant məkan, ən nəhayət, ilkin bəşər mədəniyyətinin təşəkkül tapdığı ərazilərdən biri olması ilə bağlıdır. Zəngin tarixi keçmişi olan bu nadir coğrafi məkan həm də bəşər sivilizasiyasının beşiyi sayılan ərazilərdən biri kimi tanınır. Dünya tarixində "Azıxantrop" adı ilə yer almış ən qədim insan qalıqlarından birinin ölkəmizin ərazisindən tapılması faktı Azərbaycanın bəşər sivilizasiyasının məskənlərindən olmasını bir daha təsdiqləmişdir. Eyni zamanda, Azərbaycan bütün tarixi dövrlərdə dünya mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə layiqli töhfələr vermiş məkan kimi də məşhurdur. Bu günümüzə gəldikdə isə demək olar ki, tarix boyu beynəlmiləlçiliyi və tolerantlığı ilə seçilən Azərbaycan müasir mərhələdə müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan statusunu daşıyır.

Məlumat üçün qeyd edək ki, Forumda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunacaq, dialoqa yönələn maneələr nəzərdən keçiriləcək və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə ediləcəyi gözlənir. Forum, həmçinin təcrübə mübadiləsi, eləcə də yeni təşəbbüslərin irəli sürülməsi baxımından əlverişli imkanlar yaradacaq. Dünyanın bütün qitələrindən təşrif buyuracaq 700-ə yaxın  insanın təmsil olunduğu forumda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar təmsil olunacaqlar. Heç şübhə yoxdur ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal layihənin növbəti dəfə Azərbaycanda reallaşması, başqa sözlə, ölkəmizin mədəniyyətlərarası dialoq brendinə sahib olması ilə torpaqlarımızın 20 faizini işğal etməklə dünyada özünəməxsus işğalçı obrazı yaradan Ermənistanı bu dünyəvi humanitar prosesdən bir daha təcrid etmiş olacağıq. Bununla yanaşı, Azərbaycan həqiqətlərini bir daha dünyaya bu kontekstdə təqdim etməklə beynəlxalq ictimaiyyəti hadisələrə konstruktiv yanaşmaya və ən əsası Azərbaycan dövlətinin etdiyi kimi dünya dövlətlərinin ali siyasi hakimiyyətlərini sivilizasiyalararası dialoq və anlaşmaya dəstək verməyə dəvət edəcək.

Xatırladaq ki, indiyə qədər ölkəmizdə keçirilən üç Mədəniyyətlərarası Dialoq Forum nəticəsində xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Nəzərə almaq lazımdır ki, hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Mdəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi deməyə əsas verir ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür. Bu xalqları daha da birləşdirir və insanlar arasında dostluq, mehriban qonşuluq əlaqələrini daha da gücləndirir. Təsasüfi deyil ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilmişdir.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31