Ermənistanın narahatlığını artıran Azərbaycan- Türkiyə təlimləri

Son aylar istər yerləşdiyimiz coğrafiyada, istərsə də onun sərhədlərinə o qədər də uzaq olmayan məsafədə maraqlı proseslər cərəyan edir. Bu proseslərin fonunda qardaş Türkiyənin nümayiş etdirdiyi mövqe və siyasi iradə isə özü ilə yanaşı, Azərbaycanı da mümkün təhdidlərdən müdafiə edir, qoruyur.

Son aylar istər yerləşdiyimiz coğrafiyada, istərsə də onun sərhədlərinə o qədər də uzaq olmayan məsafədə maraqlı proseslər cərəyan edir. Bu proseslərin fonunda qardaş Türkiyənin nümayiş etdirdiyi mövqe və siyasi iradə isə özü ilə yanaşı, Azərbaycanı da mümkün təhdidlərdən müdafiə edir, qoruyur. Bu mənada bu günlərdə keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri də xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alaq ki, bu təlimlərdən əvvəl isə Azərbaycan fərdi şəkildə eyni prosesi icra etmişdi. Bu hərbi təlimlər ilk növbədə Ermənistanın işğal altında saxladığı Ağdam rayonunda keçirdiyi təlimlərə bir cavab idi. Hazırda isə Azərbaycan-Türkiyə təlimləri işğalçı Ermənistanla yanaşı, ona havadarlıq edən güclərə, qüvvələrə də bir mesajdır. Təsadüfi deyil ki, elə əksər analitiklər də bu cür düşünür. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də prosesləri bu cür dəyərləndirir. Politoloq hesab edir ki, Azərbaycan-Türkiyə hərbi təlimlərinin Putin və Ərdoğan görüşü ərəfəsində reallaşması da müəyyən mənada Ankaranın ismarıcı kimi dəyərləndirilə bilər: "Məlum olduğu kimi mayın 3-də Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin Soçidə görüşəcək. Diqqət yetirsək görərik ki, Rusiyanın öz təsir dairəsi kimi gördüyü Cənubi Qafqazda Türkiyənin Azərbaycanla birgə taktiki təlimləri Soçi görüşü fonunda baş verir. Qeyd etmək lazımdır ki, Türkiyənin bu regionda hərbi iştirakı Moskvada soyuq duş" effekti yaradır. Təsadüfü deyil ki, Putinin ideoloqu olan Duginin bu hərbi təlimlər ərəfəsində Qarabağla bağlı əleyhimizə yönələn açıqlamaları, Moskvanın Azərbaycan və Türkiyəyə qarşı siyasətinin bariz nümunəsidir". Politoloq deyib ki, Azərbaycan regionda daima Rusiyanın siyasi basqısı ilə qarşı-qarşıyadır: " Türkiyə -Azərbaycan hərbi birliyi şimaldan gələn təhdidləri önləməyə qadirdir". Məhəmməd Əsədullazadə Soçidə baş tutacaq Türkiyə və Rusiya ölkə başçılarının müzakirə edəcəyi məsələlərə də toxunub. Bildirib ki, Ərdoğan-Putin görüşündə, əsasən Suriyada vəziyyət, rəsmi Moskvanın Suriyada PYD və onun hərbi qanadı YPG dəstəyi, iki ölkə arasında hərbi -ticari xüsusilə havadan müdafiə sistemi "S-400" raket komplekslərinin alınması müzakirə predmeti olacaq: "Təbii ki, burada iki ölkə arasında hələki həllini tapmayan iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunacaq. Ərdoğan -Putin görüşündə Qarabağ münaqişəsinin müzakirəsinin aparılması da gözlənilir. Daima Türkiyə strateji müttəfiqi olan Azərbaycanın Qarabağ münaqişəsini Rusiya ilə müzakirə edir. Ancaq bu görüşdən müsbət nəticələr də gözlənilmir". Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyənin bu görüş ərəfəsində Azərbaycanla hərbi təlimləri, Türkiyənin Qafqazda geosiyasi maraqlarından vaz keçməyəcəyini Rusiyaya bir mesajı kimi dəyərləndirmək olar: "Çünki, Rusiya Suriyada YPG kürd terrorçularına müəyyən dəstək verməklə, Türkiyə sərhəddində problemlərə yol açır, Türkiyənin maraq dairəsi olan Yaxın Şərqdə öz təsirini artırır. Qeyd edim ki, Türkiyə-Rusiya prezidentlərinin görüşünün nəticəsi, yalnız 16 mayda Ərdoğan- Tramp görüşündən sonra aydın olacaq. Məlumat üçün qeyd edim ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb. Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir. Burada iki ölkənin daxili qoşunlarınında birgə təlimləri həyata keçirilir. Xüsusi olaraq, təlimlər öz-özlüyündə Ermənistanda ciddi narahatlıq doğurub. Azərbaycan -Türkiyə taktiki təlimləri Azərbaycan ordusunun döyüş tıcrübəsini artırır. Ermənistanın hazırda danışıqlar prosesində iştirakı imitasiya olmaqla, cəbhədə vəziyyəti gərginləşdirməyə hesablanıb. Hazırda Azərbaycanın taktiki təlimləri işğal olunmuş ərazilərin azad edilməsinə hesablanıb".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31