AntiAzərbaycan şəbəkə hərəkətə keçdi

Gözlənildiyi kimi Azərbaycana qarşı şər kampaniyasına yenidən start verildi. Hələ bir müddət əvvəl qeyd etmişdik ki, IV İslam Həmrəylik Oyunları ərəfəsində yenidən bəlli beynəlxalq təşkilat və qurumların yadına insan hüquq və azadlıqları, mətbuatın mövcud durumu, onun fəaliyyəti üçün mövcud olan imkanlar yada düşəcək və bütün bunların fonunda Azərbaycan tənqid hədəfinə çevriləcək.

"Freedom House"un qərəzli hesabatı belə deməyə əsas verir

Gözlənildiyi kimi Azərbaycana qarşı şər kampaniyasına yenidən start verildi. Hələ bir müddət əvvəl qeyd etmişdik ki, IV İslam Həmrəylik Oyunları ərəfəsində yenidən bəlli beynəlxalq təşkilat və qurumların yadına insan hüquq və azadlıqları, mətbuatın mövcud durumu, onun fəaliyyəti üçün mövcud olan imkanlar yada düşəcək və bütün bunların fonunda Azərbaycan tənqid hədəfinə çevriləcək. Gözlənildiyi kimi də oldu və bu dəfə də ənənəvi missiyanı "Freedom House" təşkilatı öz üzərinə götürdü. Yəni Azərbaycana qarşı ilk hərəkətə keçən qüvvə oldu. Xəbərlərdən də aydın olduğu kimi bu günlərdə "Freedom House" təşkilatı özünün növbəti illik hesabatını açıqlayıb. Hesabatda təşkilat Azərbaycanda mətbuatın azad olmadığını iddia edib. Belə ki, təşkilatın media azadlığı üzrə siyahısında Azərbaycan 199 ölkə və ərazi sırasında 190-cı yerdə qərarlaşıb.Keçən illə müqayisədə Azərbaycan hətta 189-cu yerdən bir pillə geriləyib və media azadlığı siyahısında Azərbaycanın İran və Suriya ilə eyni hesabla yalnız Şimali Koreya, Türkmənistan, Özbəkistan, Krım, Eritrea, Kuba və Eqvatorial Qvineyadan irəlidə olduğu göstərilir.Hesabat Azərbaycanın "illərboyu azad media və sərbəst ifadə tərəfdarlarına qarşı yürütdüyü kampaniyasına" yavaşlamadan davam etdiyini deyir. Hesabat Azərbaycanın son və ya media azadlığı üçün ən pis onluqda olmasını qeyd edir.

Başdan-ayağa qərəz və şər-böhtan üzərində qurulan sözügedən hesabatda Azərbaycanın İran və Suriya ilə eyni sırada göstərilməsinin özü bunun ölkəmizə qarşı bir ədalətsiz yanaşma olduğunu söyləməyə əsas verir. Ümumiyyətlə, "Freedom House" təşkilatının indiyə qədər hazırlamış olduğu hesabatlarda bir dəfə də olsun Azərbaycan barədə müsbət fikirlərin yer almaması, adıçəkilən qurumun ölkəmizə olan kin və nifrət hissini açıq şəkilə ortaya qoyur. Heç şübhəsiz ki, növbəti mərhələdə isə Human Rights Watch təşkilatı da anoloji qərəzli iddia və şər-böhtanla çıxış edərək IV İslam Hərməyliyi Oyunları ərəfəsində Azərbaycanın imicinə zərbə vurmağa çalışacaq. Elə əksəriyyət də belə düşünür. Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev hesab edir ki, "Freedom House" və bu kimi təşkilatlar insan azadlıqları məhdudlaşdığında deyil, əsasən ölkələr qərb dairələrindən müstəqil daxili və xarici siyasət yürütdüklərində dövrəyə girir. Təşkilat sədrinin sözlərinə görə, görünür Azərbaycan dövlətinin yürütdüyü müstəqil siyasət dünyanı öz mənfəətlərinə görə dizayn etmək istəyən dərin qərb dairələrinin ürəyincə olmayıb: "Milli maraqlardan çıxış edən hökumətlərə qarşı qurulan "hüquq müdafiəsi" təşkilatlarından biri olan"Freedom House" tərəfindən hazırlanan "Mətbuat Azadlığı 2017" adlı hesabatda Azərbaycana qarşı sərgilənən qərəzli mövqe açıq-aşkar ortadadır. Hesabatda Azərbaycan haqqında aparılan dəyərləndirmə obyektivlikdən çox uzaqdır. Azərbaycanda müstəqil media azad şəkildə fəaliyyət göstərir və insanlar internetdən və sosial şəbəkələrdən istifadə hüququndan maneəsiz olaraq istifadə edirlər". Ramiq Vəliyevin qənaətincə, əslində Azərbaycana qarşı göstərilən bu qərəzli mövqenin arxasında tamamilə fərqli mətləblər var: "2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ili"nin elan olunması, "2017 İslam Həmrəyliyi Oyunları"nın ölkəmizdə keçirilməsi, ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasət Qərbdəki bəzi İslamafob dairələrin yəqin ki, xoşuna gəlmir. Lakin Azərbaycanın yürütdüyü tolerantlıq və multikulturalizm siyasəti, bundan başqa ölkəmizin Avroviziya Mahnı Müsabiqəsində iştirakı və bir neçə il öncə bu müsabiqəyə ev sahibliyi etməsi, Bakı-2015 Birinci Avropa Oyunları kimi böyük tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin milli, dini dəyərlərinə sadiq qalması ilə yanaşı son dərəcə müasir, incəsənət və mədəniyyətə böyük əhəmiyyət verməsinin ən gözəl nümunəsidir. Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi olaraq "Freedom House" təşkilatının ölkəmizə qarşı göstərdiyi qərəzli mövqeyini kəskin şəkildə qınayırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli maraqlarımızı əsas alaraq ölkəmizin gözəl gələcəyi üçün yürütdüyü müstəqil siyasəti tam şəkildə dəstəkləyirik.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31