Makronun ikinci turda qalib gəlmək ehtimalı daha çoxdur
Fransada seçkilərdə 23,75% səs toplamış “En Marche” (İrəli) Hərakatının lideri Emmanuel Makronla birinci mərhələni 21, 53 % səslə başa vurmuş “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen ikinci turda yarışacaqlar.
24 Aprel 2017 11:33 SiyasətFransada seçkilərdə 23,75% səs toplamış "En Marche" (İrəli) Hərakatının lideri Emmanuel Makronla birinci mərhələni 21, 53 % səslə başa vurmuş "Milli Cəbhə" partiyasının lideri Marin Le Pen ikinci turda yarışacaqlar. Respublikaçıların namizədi Fransua Fiyon 19,91%, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64% səs toplayıblar. "OLAYLAR"-ın xəbərinə görə, politoloq Elçin Mirzəbəyli bildirib ki, seçkinin ikinci mərhələsində Emmanuel Makronun qalib gəlmə ehtimalı daha çoxdur: " "En Marche" (İrəli) Hərakatı sosial-liberal siyasi partiyadır. Yəni sol cəbhəni təmsil edir. "En Marche"nin ideoloji prioritetləri - mərkəzçilik, xristian-demokratiya, liberalizm seçki marafonundan kənarda qalan Fransua Fiyon və Jan-Lyuk Melanşonun təmsil etdiyi siyasi partiyalarla üst-üstə düşür. Jan-Lyuk Melanşon da seçkidə sol cəbhəni təmsil edirdi. Bu baxımdan, onun və seçki marafonundan kənarda qalan digər sol qüvvələrin səslərinin ikinci turda Makrona veriləcəyi ehtimalı çoxdur. Fransua Filyonun partiyası - respublikaçılar - sağ-mərkəzçi cəbhəni təmsil etsələr də, onların da ideoloji baxışları Emmanuel Makronun "En Marche" (İrəli) Hərakatının prinsiplərindən bir o qədər də fərqlənmir: Mərkəzçilik, xristian-demokratiya". Politoloq deyib ki, Makron, Filyon və Melamşonun təmsil etdiyi siyasi qüvvələrin üst-üstə düşən prioritetləri Avropa İttifaqına münasibətlə bağlıdır: "Bu baxımdan Fransua Fiyonun tərəfdarlarının da ikinci turda Emmanuel Makrona səs verəcəkləri şübhə doğurmur. Seçkilərin ikinci turunda sabiq iqtisadiyyat naziri Emmanuel Makronun qalib gəlmək ehtimalı daha çoxdur. Lakin "Milli Cəbhə" partiyasının lideri Marin Le Penin seçkidən ana müxalifət kimi çıxmasının özü belə Fransa və Avropa İttifaqı üçün ciddi problemlər yaradacaq".