Qarabağdan barıt qoxusu gəlir
Ermənistan seçki şousunu başa vurduqdan dərhal sonra Qarabağda yenidən hərbi hərəkətliliyi artırmağa başlayıb. Belə ki, artıq iki gündür ki, işğalçı ölkə işğal altında saxladığı Ağdam rayonunun ərazilərində ağır artileriyadan da istifadə etməklə hərbi təlimlərə start verib. Birmənalı olaraq Azərbaycanı təhdid xarakteri daşıyan bu təlimlər regionda yenidən müharibə riskini artırıb. Buna rəğmən problemin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu hələ də Yerevanın müharibə ritorikasına qarşı hansısa münasibət bildirmir.
14 Aprel 2017 14:23 SiyasətErmənistan seçki şousunu başa vurduqdan dərhal sonra Qarabağda yenidən hərbi hərəkətliliyi artırmağa başlayıb. Belə ki, artıq iki gündür ki, işğalçı ölkə işğal altında saxladığı Ağdam rayonunun ərazilərində ağır artileriyadan da istifadə etməklə hərbi təlimlərə start verib. Birmənalı olaraq Azərbaycanı təhdid xarakteri daşıyan bu təlimlər regionda yenidən müharibə riskini artırıb. Buna rəğmən problemin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu hələ də Yerevanın müharibə ritorikasına qarşı hansısa münasibət bildirmir.
Bu arada Azərbaycan da haqlı olaraq Ermənistanın müharibə əhval-ruhiyyəli hərəkətlərinə qarşı cavabsız qalmır. Xəbərlərdən də aydın olduğu kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər keçiriləcək. Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdiriləcək. Qəbul edilmiş qərara əsasən qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunacaq. Təlimlər aprelin 21-dək davam edəcək.
Maraqlıdır ki,Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərin keçiriləcəyi ərəfədə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Osetiyaya səfəri nəzərdə tutulur. Həmçinin bu ərəfədə NATO baş katibinin Gürcüstana gözlənilən səfəri Cənubi Qafqazda yaxınlarda maraqlı proseslərin cərəyan edəcəyi görüntüsü yaradır. Cərəyan edən prosesləri analiz edən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, bütün bunlar regionun yenidən qaynar fazaya daxil olduğundan xəbər verir: "Gürcüstanın Cənubi Osetiya bölgəsində qondarma referendum və seçkilər, NATO baş katibinin Gürcüstana gözlənilən səfəri, nəhayət Rusiya xarici işlər naziri Sergey Lavrovun Cənubi Osetiya səfəri regionda gərginliyi artırmaqdadır. Artıq, Gürcüstanda Rusiyanın mümkün hücumlarından müdafiə üçün peşəkar və müasir ordu yaradır. Regionda siyasi təhlükəsizliyi ciddi təhdid edən ən əsası faktorlardan biri şübhəsiz Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan işğalçı siyasətidir. Məhz Rusiyanın bilavasitə dəstəyi ilə Qarabağ münaqişəsinin həllində irəliləyiş yoxdur. Və, status-kvonun saxlanması, birbaşa rəsmi Kremlin geosiyasi maraqlarına cavab verməkdədir". Politoloq deyib ki, artıq, ATƏT-in Minsk qrupunun səyləri də tükənib və Ermənistan danışıqlardan çəklilib: "Münaqişə ətrafında bu sakitlik, baş verə biləcək müharibə ehtimalını artırır. Ermənistanda keçirilən parlament seçkilərində Serj Sarkisyanın partiyasının yenidən hakimiyyətdə qalması, münaqişənin həllində hər hansı kompromisi və danışıqları sual altına qoyur. Qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsi ətrafında bu nisbi diplomatik fəaliyyətsizlik, cəbhədə silahların yenidən fəaliyyəti ilə nəticələnəcək. Artıq, Azərbaycan ordusu təlimlərə başlayıb. Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. Qeyd edim ki, bu təlimlər Cənubi Qafqazda irimiqyaslı təlimdi. Ermənistan bu təlimlərdən nəticə götürməlidir. Hazırda Ermənistan da Ağdamın Uzundərə ərazisində kiçik təlimlər həyata keçirir. Azərbaycan ordusunun təlimləri Ermənistanın bu kimi təlimlərini kölgədə qoyur. Buna baxmayaraq, Ermənistan da işğal etdiyi ərazilərdə yeni silah və artilleriya sistemləri yerləşdirir". Politoloq hesab edir ki, rəsmi Yerevanın bu kimi hərbi hərəkətliliyi regionda yenidən müharibə ehtimalını artırır: "Və, Azərbaycanın əks cavab zərbəsinə zəmin yaradır.Hazırda Ermənistanda siyasi vəziyyət mürəkkəb olaraq qalır. Azərbaycanla mümkün müharibə ehtimalından xalq çox çəkinir, həmçinin Ermənistan müxalifəti. Erməni ictimai-siyasiləri işğal olunmuş ərazilərin boşaldılmasını dilə gətirir. Amma, Qarabağ kartından istifadə edən Rusiya və Sarkisyan partiyası hələki, danışıqları sabotaj etməkdədir". Məhəmməd Əsədullazadə təəssüf hissi ilə qeyd edib ki, regionda artan hərbi hərəkətlilik, xüsusilə Ermənistanın aqressiyasına qarşı beynəlxalq birlik qabaqlayıcı addımlar atmır.
Süleyman