“Sabitliyin təminatçısı Azərbaycan xalqıdır”

Regionların sosial iqtisadi inkişafı Dövlət Proiqramları çərçivəsində həyata keçirilən tədbirlər, görülən işlər bölgələrin simasını nəzərə çarpacaq dərəcədə dəyişir. Müntəzəm olaraq regionlarda açılan yeni müəssisə və zavodlar, istehsalat müəssisələri həmin bölgənin inkişafına öz müsbət təsirini göstərir. Bu mənada Saatlı rayonunda da təqdirəlayiq işlər görülməkdədir. Rayonda tikilib istifadəyə verilən yeni obyektlər Saatlının inkişafını sürətləndirib. Elə Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən rayona səfəri də bütün bu deyilənləri təsdiqləyir.

İlham Əliyev: "Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir"

Regionların sosial iqtisadi inkişafı Dövlət Proiqramları çərçivəsində həyata keçirilən tədbirlər, görülən işlər bölgələrin simasını nəzərə çarpacaq dərəcədə dəyişir. Müntəzəm olaraq regionlarda açılan yeni müəssisə və zavodlar, istehsalat müəssisələri həmin bölgənin inkişafına öz müsbət təsirini göstərir. Bu mənada Saatlı rayonunda da təqdirəlayiq işlər görülməkdədir. Rayonda tikilib istifadəyə verilən yeni obyektlər Saatlının inkişafını sürətləndirib. Elə Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən rayona səfəri də bütün bu deyilənləri təsdiqləyir.

Məlum olduğu kimi martın 28-də Prezident İlham Əliyev Saatlı rayonuna səfər edib. Əvvəlcə rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı daha sonra Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq "Sarıcalar" yarımstansiyasının açılışında iştirak edib. Prezident rayona səfəri çərçivəsində Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun yenidənqurmadan sonra açılışında, Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş 100 yerlik körpələr evi - uşaq bağçasının açılışı, eləcə də Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib. Dövlət başçısı həmçinin rayonun Qıraqlı kəndi ərazisindəki pambıq sahəsinə baş çəkib, kənd ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub.

Prezident İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

Azərbaycan Prezidentinin Saatlı rayonuna səfəri çərçivəsində ən yadda qalan tədbirlərdən biri də rayonda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi olub. Məlumat üçün qeyd edək ki, son illər dünyada yaşanan iqtisadi və maliyyə problemləri, neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi qeyri-neft sektorunun inkişafını zərurətə çevirib. Bu zərurəti nəzərə alan Azərbaycan hökuməti qeyri-neft sektorunu daha da inkişaf etdirməyi qarşıya məqsəd qoyub. Pambıqçılığın qeyri-neft sektorunda xüsusi çəkisi və Azəbaycanın bu sahədə yaxşı təcrübəsinin olduğunu nəzərə alaraq hökumət bu sahənin inkişafını xüsusi diqqətdə saxlayır. Xatırladaq ki, hələ keçən il dövlət başçısı Sabirabad rayonuna səfəri çərçivəsində də sözügedən rayonda pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı müşavirə keçirmişdi. Həm Sabirabad, həm də Saatlıda keçirilən müşavirə Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsinin prioritet olduğunu söyləməyə əsas verir.

Qeyd etdiyimiz kimi Prezident İlham Əliyev Saatlıya səfəri çərçivəsində pambıqçılığın inkişaf etdirilməsinə həsr olunmuş müşavirədə iştirak edib. Müşavirədə çıxış edən dövlət başçısı bildirib ki, pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır. Prezident qeyd edib ki, bu il ən çox pambıq tədarükü Saatlı rayonunda gözlənilir: "Pambıqçılığın rayonun inkişafına çox böyük xeyri var. Eyni zamanda, biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük. Əvvəlki illərdə Saatlı rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülüb. Rayonun infrastrukturu tamamilə yenidən qurulub. Elektrik enerjisi ilə təminat böyük dərəcədə yaxşılaşıb. Açılışında iştirak etdiyim yeni yarımstansiyanın fəaliyyəti həm əhaliyə, həm də bütün təsərrüfatlara fasiləsiz elektrik enerjisini verməklə, əlbəttə ki, böyük bir inkişafa yol açır. Eyni zamanda, Saatlı rayonunun su problemləri də həll olunur. Uzun illər ərzində əhali bu problemdən əziyyət çəkirdi. Şəhərin cəmi 30 faizi su ilə təmin olunurdu, özü də gündə 2-3 saat. İndi isə fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Mənə verilən məlumata görə, qazlaşdırma 80 faizə çatıb və əminəm ki, yaxın gələcəkdə Saatlıda bir dənə də yaşayış məntəqəsi qazsız olmayacaq. Məsələ belə qoyulubdur. Biz buna da nail olacağıq. Saatlı rayonunun demək olar ki, bütün kənd yolları əsaslı təmir edilir, tikilir. Əvvəlki illərdə bir neçə önəmli kənd yolu layihəsi icra edilmişdir. Birinin açılışını bu gün etdik. Bir neçə kəndi birləşdirən daha bir kənd yolu layihəsi var ki, o da yaxın zamanlarda icra ediləcək və əhalinin istifadəsinə veriləcək". Bütün ölkə ərazisində olduğu kimi Saatlı rayonunda da sosial obyektlərin tikintisinin uğurla getdiyini deyən dövlət başçısı bildirib ki, müasir xəstəxana, Olimpiya Mərkəzi, məktəblər, uşaq bağçaları, bir sözlə, Saatlı rayonunun hərtərəfli inkişafı Dövlət Proqramı əsasında uğurla gedir: "Vaxtı ilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilir və ölkəmizdə yeni reallıqlar yaradıbdır. Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, - bu gün də əlbəttə, bu vəzifə qarşımızda durur, - bütün infrastruktur layihələri icra edilsin, müasir infrastruktur yaradılsın, elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorasiya problemləri həll olunsun, kənd yolları, magistral yollar tikilsin və bu, özlüyündə sürətli iqtisadi və sosial inkişafa təkan verəcək. Belə də oldu. Nəzərə alsaq ki, regionların sosial-iqtisadi inkişafına dair artıq bir neçə Dövlət proqramı icra edilib, görərik ki, bu proqramların çox böyük əhəmiyyəti var. İnfrastruktur layihələri icra olunandan sonra biznes üçün daha da yaxşı şərait yaradıldı. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət aparır, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yeni ixrac bazarlarının araşdırılması və o bazarlara çıxmağımız ölkəmizin hərtərəfli inkişafına gətirib çıxarıb.

Biz fəaliyyətimizi gələcəkdə də uğurla davam etdirəcəyik. Qeyri-neft sektorunun inkişafı prioritet sahədir, xüsusilə indiki şəraitdə ki, neftin qiyməti dünya

bazarlarında kəskin şəkildə aşağı düşüb. Biz indi qeyri-neft sektorunun inkişafına həm daha çox fikir verəcəyik, həm də ki, daha da fəal iş aparılacaqdır".

Azərbaycanda pambıqçılığın inkişafının qədim ənənələri olduğunu deyən prezident deyib ki, əsrlərboyu xalqımız pambıqçılıqla məşğul olub: "Ancaq pambıqçılığın ən sürətli və uğurlu dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Hesab edirəm ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olmuşdur. Keçən il qısa müddət ərzində, - düzdür, bir qədər vaxt itirdik, - bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilmişdir. Bu gün mən Saatlı rayonunun bir pambıq tarlasında oldum. Orada da artıq biz səpinə rəsmi start verdik. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, hər şey hazırdır. Əlbəttə ki, bu il biz daha da böyük məhsul gözləyirik". Prezident bildirib ki, pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var: "Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər. Dövlət, əlbəttə ki, öz tədbirlərini görür. Onu da qeyd etməliyəm ki, ilin əvvəlindən ancaq ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilmişdir, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılmışdır. Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir. Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır. Bəzi qonşu ölkələrdə həm işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır. Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var. Biz, əlbəttə ki, keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Bu gün biz pambıqçılıqla bağlı ikinci müşavirəni keçiririk. Bu müşavirələrin keçirilməsi özlüyündə dövlət

dəstəyinin təzahürüdür. Eyni zamanda, biz vətəndaşları, fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər görürük. Pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılmışdır, eyni zamanda, 10 qəpik subsidiya verilib. Vətəndaşlar hər gün tarla başında öz halal pulunu alırlar. Artıq vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yaranıb. Bax, bu, çox önəmli amildir. Dövlət öz dəstəyini göstərir və göstərəcəkdir. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq əgər vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə bax, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarır. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq və buna şübhə yoxdur. Əlbəttə ki, biz gələcəkdə pambıqçılığı daha sürətlə inkişaf etdirəcəyik. Pambıqçılıq daha geniş vüsət alacaq və həm vətəndaşlara, həm dövlətə bunun ancaq böyük xeyri olacaqdır". Çıxışı zamanı ölkədəki sabitliyə də toxunan dövlət bsşçısı deyib ki, Azərbaycanda sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır: "Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir. Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır? Bu nümunəni biz göstəririk və əlbəttə ki, bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Bizim gələcək planlarımızın reallaşdırılması üçün bu, əsas amildir. Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir". Dövlət başçısı onu da diqqətə çatdırıb ki, növbəti illərdə əsas vəzifələrdən biri qeyri-neft məhsulları ixracının artırılmasıdır. Çünki neft-qaz sahəsində hər şey müsbət istiqamətdə gedir. Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq: ""Made in Azerbaijan" brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31