Sərkisyan hədələyici açıqlamalarını aprelin 2-nə qədər  verə bilər

Ermənistanda aprelin 2-də keçirilməsi nəzərdə tutulan parlament seçkiləri yaxınlaşdıqca ictimai narazılığın artması müşahidə olunur. Artıq ölkə müxalifəti Cərkisyan hakimiyyətinin dövləti idarə edə bilməməsini faktlarla əsaslandırır, iqtidarın yarıtmaz daxili və xarici siyasəti nəticəsində Ermənistanın məhvə doğru getdiyini açıq şəkildə bəyan edir. Lakin bütün baş verənlərə baxmayaraq yenə də xalq arasında nüfuzunu tamamilə itirmiş prezident Sərkisyan mümkün çirkin vasitələrdən istifadə edərək hakimiyyətini qoruyub saxlamağa çalışır.

Deputat: "Müharibənin taleyini "İsgəndər" raketləri həll etməyəcək"

Ermənistanda aprelin 2-də keçirilməsi nəzərdə tutulan parlament seçkiləri yaxınlaşdıqca ictimai narazılığın artması müşahidə olunur. Artıq ölkə müxalifəti Cərkisyan hakimiyyətinin dövləti idarə edə bilməməsini faktlarla əsaslandırır, iqtidarın yarıtmaz daxili və xarici siyasəti nəticəsində Ermənistanın məhvə doğru getdiyini açıq şəkildə bəyan edir. Lakin bütün baş verənlərə baxmayaraq yenə də xalq arasında nüfuzunu tamamilə itirmiş prezident Sərkisyan mümkün çirkin vasitələrdən istifadə edərək hakimiyyətini qoruyub saxlamağa çalışır. S.Sərkisyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin də məhz daxili auditoriya üçün hesablandığı heç kimə sirr deyil. Belə ki, Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə qanunsuz səfər edən Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, lazım gələrsə, Ermənistan Silahlı Qüvvələrinə tərəddüd etmədən "İsgəndər" raket kompleksindən istifadəyə icazə verəcək. Artıq məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi öz mövqeyini bildirib. Xarici siyasət idarəsinin ATƏT üzv dövlətlərinə, ATƏT-in Daimi Şurasının sədrinə, ATƏT-in katibliyinə və müvafiq təsisatlarına ünvanladığı məktubda bildirilib ki, Ermənistan Prezidentinin bəyanatı atəşkəs üçün baza sənədi olan Bişkek Protokolunun Ermənistan tərəfindən pozulmasının aydın göstəricisidir: "Bunun müqabilində Ermənistan işğal olunmuş ərazilərdə hərbi mövqelərini möhkəmləndirir və genişləndirir, hərbi avadanlıq və vasitələri işğal edilmiş ərazilərə ötürür, bununla da hərbi əməliyyatların dayandırılmasından işğala əsaslanan status kvo-sunu möhkəmləndirmək üçün istifadə edir. Bu baxımdan, Ermənistan Prezidentinin bəyanatı kifayət qədər aydındır və izaha ehtiyacı yoxdur: "bu gün Ermənistan Ali Baş Komandanı gözünü belə qırpmadan lazım olacağı təqdirdə, İskəndər raketləri ilə zərbə endirmək əmri verəcək. Qonşu dövlət bunu çox yaxşı bilir".
Məsələ ilə bağlı Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycanla bağlı hədələyici açıqlamalarını aprelin 2-nə qədər çox verə bilər: "Ancaq bunun hər hansı bir siyasi effekti yoxdur. Eyni zamanda bu əsgər və zabitlər arasında da əks səda yaratmır". Zahid Oruc deyib ki, "İsgəndər" raket kompleksindən istifadə olunması sıradan bir məsələ deyil: "Minimum 350 km məsafəni qət edən və hədəfləri vuran bu mühüm silahdan istifadə böyük bir regional müharibə deməkdir. Azərbaycanın da arsenalında birbaşa Ermənistanın paytaxtı İrəvanı hədəf seçən və böyük dağıntılar gücünə malik olan silahlar var. Eyni zamanda bizim bu cür raket qurğularının hava məkanında zərərsizləşdirilməsinə imkan verən müdafiə silahlarımız mövcuddur. Lakin hərbin öz qanunları var. Genişmiqyaslı müharibə bir məkanda qalmır. O, mütləq genişlənərək regional savaşa çevrilir. Əməliyyatlar məsafədən idarə olunan ağır silahların üzərinə keçsə və lokal səngər toqquşmaları arxada qalsa, bu o deməkdir ki, həqiqətən də bölgənin bütövlükdə dağıtmağa qadir olan potensial mövcuddur. Hesab edirəm ki, bu İrəvana bəllidir. Ermənistanın yanında olan dövlətlər də bunu onlara bildiriblər". Deputat qeyd edib ki, Ermənistran rəhbərliyi hərbi parad zamanı "İsgəndər" raketlərini  nümayiş etdirərək cəmiyyətdə bir qədər özlərinin mövqelərini möhkəmləndirməyə nail oldular: "Ancaq "İsgəndər" üzərindən siyasət qurulmaz. Ona qalsa, bu gün daha güclü silahlara malik olan dövlətlər var ki, beynəlxalq siyasi həyatda çox da aktiv rol oynaya bilmirlər. Belə bir politoloji termin var: "Sadə xalq kütləsi ən mühüm resursdur". Yəni müharibədə döyüşən amil xalqın müdafiəsi, iqtisadiyyatın güclü olmasıdır. Ermənilər dəfələrlə buna oxşar bəyanatlar veriblər. Onlar deyiblər ki, Mingəçevir su anbarını partladacaqlar, neft kəmərlərini vuracaqlar. Bakının hədəf seçilməsini düşünən qüvvə buradakı beynəlxalq kooperasiyalara, transmilli şirkətlərə qarşı müharibə elan etmiş olur. Ermənistan doğurdanmı buna qadirdir? Onlar British Petrolium-un gücü qarşısında dayana bilərlərmi?. Bu cür güclü silahlar Ermənistanın zəif halında onlara qüvvə vermir. Ona görə də müharibənin taleyini "İsgəndər" raketləri həll etməyəcək". Millət vəkili Rövşən Rzayev deyib ki, hazırda Ermənistanda olan işğalçı rejim öz hakimiyyətini qoruyub saxlamaqdan ötrü bütün imkanlarından istifadə edir. Cinayətkar qrup terrora, hədə-qorxuya əl atmaqla yanaşı, onlara göstərilən bütün dəstəklərdən yararlanırlar. Deputatın fikrincə, əgər Ermənistan xalqı öz sözünü səsləndirə bilsə, haqq öz yerini tapa bilər: "Amma təəssüf ki, hələ də bu istiqamətdə tutarlı iş görülmür, əksinə səhra komandirləri onlara göstərilən dəstək nəticəsində öz iyrənc fəaliyyətlərini davam etdirir". R. Rzayev qeyd edib ki, cari ilin aprel ayında düşmən ölkədə keçiriləcək seçkilərin nəticəsi  Ermənistan xalqının öz gələcəyini düşünməsi ilə bağlıdır: "Əgər Sarkisyan uduzsa, demək Ermənistan cəmiyyəti öz gələcəyini düşünərək, işğalçı düşüncəsinə yox deyərək normal həyata qədəm qoyacaq. Bu, həm onlar, həm də bizim üçün vacibdir. Əgər işğalçı rejim hakimiyyətdən getməsə, Dağlıq Qarabağ münaqişəsinin həlli o qədər asan məsələ deyil. Mən inanıram ki, Sarkisyan hakimiyyətdən getsə, onun yerinə gələn digər qrup hazırki səhra komandirlərindən fərqli olaraq öz mövqeyini səsləndirə biləcək".

 Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31