Danışıqların hazırki durumu sülhü yaxınlaşdırmır

Elxan Şahinoğlu: "Ona görə də cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalacaq"

"Bunu Ermənistan prezidenti Serj Sərkisyan da anlayır"

Ermənistanın cəbhədə gərginliyi artırmaq cəhdləri fonunda Qarabağ probleminin həlli istiqamətində nisbi aktivliyin müşahidə edilməsi müsbət məqamlardan olsa da, lakin bu aktivliyin münaqişəni yoluna qoymaqdan daha çox, işğalçının maraqlarına xidmət edən bir yanaşma olduğu aydın görünməkdədir. Hər bir halda mart ayında əsas diqqət yenə də Moskva, Vaşinqton, xüsusilə də Parisdən əsəcək küləyə yönəlib. Xüsusilə, Parisdən ona görə ki, bu ay ərzində Azərbaycan və Ermənistan prezidentlərinin bu ölkəyə səfəri nəzərdə tutulub. Bütün halda həmin səfərlərin problemin həllinə hər hansı bir müsbət təsiri ehtimal belə edilməsə də, amma hər halda diqqətlər Parisdə olacaq. Cərəyan edən prosesləri şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, hazırkı situasiyada beynəlxalq vasitəçiləri Dağlıq Qarabağ münaqişəsinin köklü həllindən çox, "necə edək ki, müharibə başlamasın" sualına cavab maraqlandırır. Əslində sualın cavabı işğal faktına son qoymaqdan keçir: "Ancaq vasitəçilər buna hazır deyillər. Ona görə də Azərbaycan ATƏT-in müşahidə missiyasının cəbhə bölgəsində sayının artmasına razı ola bilməzdi. Bizə münaqişənin həlli lazımdır, müşahidəçilərin bölgədə yerləşdirilməsi vasitəsilə status-kvonun uzanması yox. Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Ceyms Uorlik keçən həftə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı açıqlama verdi. Amerikalı diplomat həmsədr olanda Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması gərəkliyini bir neçə dəfə təkrarlamışdı. Uorlik status-kvonun da bölgədə gərginliyi azaltmadığını söyləmişdi. O, yenə də bu fikirlərini təkrarladı. Ancaq o dediklərinə "status da müzakirə olunmalıdır" cümləsini də əlavə etdi. Erməni separatçıları da Uorlikin və ya Rusiyanın xariic işlər naziri Sergey Lavrovun eyni tip açıqlamalarına əsaslanaraq "rayonların boşaldılması əvəzinə status" formulunu irəli sürürlər. Bu formul isə Azərbaycanın maraqlarına cavab vermir. Dağlıq Qarabağın statusu sonrakı mərhələnin müzakirə predmetidir. Azərbaycan danışıqlarına indiki mərhələsində status müzakirələrinə və ya referendum tarixinə razılaşsa, bu faktiki Dağlıq Qarabağın müstəqilliyinə yol açacaq". Politoloq hesab edir ki, Uorlik və digər qərbli diplomatların formulu Rusiyanın formulundan fərqlənmir: "Ermənistan işğal altında saxladığı 7 rayonu mərhələ-mərhələ boşaltsın, bunun əvəzində Azərbaycan yaxın gələcəkdə Dağlıq Qarabağın müstəqilliyinə razılaşsın". Azərbaycan heç zaman bu formulu qəbul etməyəcək. Yeganə güzəşt Dağlıq Qarabağa aralıq statusun verilməsidir ki, bu həm Azərbaycanın, həm Dağlıq Qarabağda yaşayan ermənilərin, həm də Ermənistanın maraqlarına zidd deyil. Uorlik hazırda həmsədr deyil, Rusiya ilə əlaqəli şirkətdə

çalışır və o Dağlıq Qarabağla bağlı fikirlərini sərbəst şəkildə ifadə edir. Ancaq indi onun dediklərinin əhəmiyyəti yoxdur. O həmsədr olan dövrdə tərəflərin mövqelərini uzlaşdırmağa çalışmalı idi. Masa üzərindəki danışıqların hazırki durumu sülhü yaxınlaşdırmır. Ona görə də cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalacaq. Bunu Ermənistan prezidenti Serj Sərkisyan da anlayır. Təsadüfi deyil ki, Ermənistan prezidenti son müsahibəsində müharibənin hər an başlaya biləcəyini deyib. Sərkisyan haqlıdır. Belə vəziyyətdə toqquşmaların davamı labüddür". Elxan Şahinoğlu bildirib ki, bu arada, Ermənistan prezidenti Fransaya rəsmi səfər etdi. Azərbaycan prezidenti də yaxın günlərdə Fransaya səfər edəcək: "Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycan və Ermənistan prezidentlərinin Parisə səfərləri ciddi əhəmiyyət kəsb etmir. Birincisi, Fransanın hazırki prezidenti Fransua Olland təxminən bir aydan sonra dövlət başçısı vəzifəsindən gedəcək. Fransada apreldə prezident seçkisidir və başqa siyasətçi ölkəyə rəhbərlik edəcək. Odur ki, Fransua Olland istəsə belə bir ayda Dağlıq Qarabağ münaqişəsinin həllinə yenilik gətirə bilməz. Ona görə də Ermənistan, ardından isə Azərbaycan prezidentinin Fransaya səfərləri faktiki Fransua Ollandla sağollaşmaq mahiyyəti daşıyır. İkincisi, Azərbaycan və Ermənistan prezidentlərinin Parisə səfərləri daha çox iqtisadi amillərlə bağlıdır. Ermənistan prezidenti Parisdə fransalı iş adamları ilə görüşdü. Eyni görüşü Azərbaycan prezidenti də həyata keçirəcək. Sadəcə, fərq ondadır ki, Ermənistanın indiki ağır vəziyyətində Fransa işadamları cazibədar nəsə təklif edə bilməz. Azərbaycan isə böyük layihələrin iştirakçısı olduğundan fransalı iş adamlarının investisiyalarına gəlir imkanları saxlaya bilər. Prezidentlərin Paris görüşü Fransada Ermənistan və Azərbaycan lobbilərinün hansı gücə malik olmasıyla da yadda qalacaq. Ermənistan prezidenti Parisdə olanda Azərbaycanın mövqeyini müdafiə edənlər Parisin mərkəzində toplaşıb Xocalı qatilinin səfərinə etiraz etdilər. Fransadakı erməni lobbisi isə Azərbaycan prezidentinin Parisdəki görüşlərini pozmaq istəyir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31