AŞPA-da Soros və erməni işbirliyi: kəşfiyyat mərkəzi Azərbaycana düşmən şəbəkəni İFŞA ETDİ
Avropa Şurasının Parlament Assambleyasında (AŞPA), ATƏT-də və digər qurumlarda Azərbaycanla bağlı qərəzli, aqressiv sənədlərin, qətnamələrin və bəyanatların qəbul olunmasında, xüsusilə də insan haqları və söz azadlığı prinsiplərinin qorunması ilə məşğul olduqlarını iddia edən strukturların rəsmi Bakıya qarşı yönəlmiş fəaliyyətini yenidən sübut etməyə ehtiyac yoxdur.
9 Mart 2017 14:20 SiyasətAvropa Şurasının Parlament Assambleyasında (AŞPA), ATƏT-də və digər qurumlarda Azərbaycanla bağlı qərəzli, aqressiv sənədlərin, qətnamələrin və bəyanatların qəbul olunmasında, xüsusilə də insan haqları və söz azadlığı prinsiplərinin qorunması ilə məşğul olduqlarını iddia edən strukturların rəsmi Bakıya qarşı yönəlmiş fəaliyyətini yenidən sübut etməyə ehtiyac yoxdur.
Çünki belə fəaliyyət artıq teorem yox, aksiomdur. Azərbaycanda konkret cinayətə görə həbs olunan hər hansı adamla bağlı məhkəmə qərarının siyasiləşdirilməsi, İslamla pərdələnən radikal ekstremistdən tutmuş adi xuliqanadək ən müxtəlif şəxslərin "siyasi məhbus" kateqoriyasına aid edilməsinin absurd olduğunu dəfələrlə yazmışıq.
Rüsvayçılıq o həddə çatıb ki, cinayəti tam sübut olunan şəxsi Azərbaycandakı bir para "qeyri-hökumət təşkilatları"nın mənsubları, "müstəqil jurnalistlər" dərhal "vicdan məhbusu" elan edən kimi onların Qərbdəki havadarları ölkəmizə qarşı çirkin kampaniyaya başlayırlar.

Zahirən belədir. Batində isə hər şey tərsinədir. Qərbdə qurulmuş plan və yazılmış ssenari işə salınır, Azərbaycandakı marionetlər hərəkətə gəlir, ortaya guya "insan haqları müdafiəçilərinin müstəqil fəaliyyəti" adlı bərbad rejissuralı müzikl qoyulur.
Belə çirkin oyunların pərdəarxasını bu dəfə elə Avropanın ən məşhur jurnalistləri arasında yer alan üç şəxs aşkarlayıblar.
Uzun illər Fransanın Xarici Kəşfiyyat Baş İdarəsinin (Direction générale de la Sécurité extérieure) yüksək rütbəli zabiti olmuş 59 yaşlı Klod Monike...
20 ildən bəri təhqiqat jurnalistikası ilə məşğul olan və bestsellerə çevrilmiş bir neçə kitabın müəlifi Cenofeva Etyenn.
Və 57 yaşlı belçikalı analitik, siyasi ekspert və jurnalist Uilyam Rasimora.
Onlar Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic Intelligence and Security Center, ESİC) rəhbərləridir.
ESİC siyasi, təşkilatı və maliyyə baxımından heç bir dövlətdən, beynəlxalq və ya transmilli qrupdan asılı olmayan, tam şəffaf fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Bu qurum transatlantik inteqrasiya, demokratik dəyərlərə və insan azadlıqları prinsiplərinə dəstək, beynəlxalq terrorizm və radikal ekstremizmlə effektiv mübarizə məsələlərini araşdırır.

Bu üç məşhur, nüfuzlu, peşəkarlığı, müstəqilliyi və obyektivliyi Avropa Birliyi ölkələri ilə yanaşı, əksər dövlətlərin siyasi dairələrinə əsla şübhə doğurmayan şəxslər "Erməni əlaqələri: Qafqaz üzrə gənclər və qeyri-hökumət təşkilatlarından ibarət məxfi təşkilat 2012-ci ildən bəri AŞPA çərçivəsində beynəlxalq hüququn tələblərinin gizlədilməsi istiqamətində necə fəaliyyət göstərib" (The Armenian Connection: How a secret caucus of MPs and NGOs, since 2012, created a network within the Parliamentary Assembly of the Council of Europe to hide violations of international law) adlı sensasion araşdırmalarının nəticəsi olan hesabatı yayıblar.
Hesabatın leytmotivi sadədir: Ermənistanın hakimiyyət dairələri və dünyanın bir sıra ölkələrindəki erməni diaspor təşkilatları maliyyə imkanlarını işə salaraq AŞPA-da bir sıra deputatları, habelə Avropa Birliyinin müxtəlif ölkələrində jurnalistləri, siyasətçiləri və ictimai xadimləri satın alaraq Azərbaycana qarşı kampaniya aparırlar. Bu kampaniyanın rəhbərləri, kölgədə duran rejissorları isə milyarder, "Açıq Cəmiyyət" fondunun banisi və sahibi Corc Soros ilə Almaniyanın insan haqları üzrə sabiq ombudsmanı, Almaniya Xristian-Demokrat Partiyasının funksineri Kristof Ştrasserdir.
Erməni lobbisinin bir sıra təşkilatları və ideoloqları, habelə maliyyə mənbələri ilə sıx əlaqələrə əsaslanan, AŞPA-da yaradılan məxfi qrup Azərbaycanla bağlı real situasiyanın müxtəlif bəyanatlarla sənədlərdə tam təhrif olunmasına, Bakıya qarşı sürəkli ittihamların irəli sürülməsinə, ölkəmizin insan haqları, söz və dini azadlıqların pozulmasında suçlanmasına yönəlmiş iddiaların sayının maksimuma çatdırılmasına çalışıblar, indi də bu istiqamətdə fəaliyyət göstərirlər.

AŞPA-da bütünlüklə ermənilərin maliyyəsindən asılı olan, İrəvandan və müxtəlif ölkələrdəki erməni diaspor təşkilatlarından alınan göstərişlər əsasında fəaliyyət göstərən bu qrupun rəhbərliyi ilə üzvləri öz merkantil maraqlarını hər şeydən üstün tutaraq Avropa Birliyi ölkələri ilə yanaşı, Şərqi Avropa və postsovet məkanı ölkələrindəki proseslərə aktiv müdlaxilə rıçaqlarına yiyələnmək, situasiyanı daim nəzarətdə saxlamaq, "hədəf" seçilən dövlətdə hakimiyyət dəyişikliyinə nail olmaq üçün bütün vasitələri sınamaqdadır.
Azərbaycan bəhs etdiyimiz qrupun əsas hədəfidir. AŞPA-da erməni maliyyəsi ilə idarə olunan sözügedən qrup Dağlıq Qarabağ münaqişəsində Ermənistana haqq qazandırır, Azərbaycan ərazilərinin 20 faizinin işğalını "qanuniləşdirməyə" çalışır, beynəlxalq hüququn norma və prinsiplərini tam təhrif etməklə müxtəlif bəyanatlar yayır, ən başlıcası isə Azərbaycanda mifik "siyasi məhbus"ların mövcudluğunu israrla təkrarlayaraq Bakıya təzyiqlər etməyə can atır.
Hər şey 2012-ci ildə başlandı
ESİC aprel ayında açıqlayacağı yeni hesabatında AŞPA-dakı aşkar ermənipərəst, Ermənistanın maraqlarına kölə kimi xidmət edən qrupun faktiki və real rəhbərinin, hesabatda "Mister X." adlandırılan şəxsin adını çəkəcəyini bəyan edib. Məhz bu şəxs 2012-ci ildə "AŞPA-da kiçik Ermənistan" şərti adlı qrupun təməlini qoyub.
Qrupun analitik mərkəzi isə Avropa Stabilləşmə Təşəbbüsləri ("European Stability Initiative", ESİ ) adlı qeyri-hökumət təşkilatıdır. Məhz bu qrup 2012-ci ildə Azərbaycanın guya AŞPA-dakı bəzi deputatları satın aldığını iddia etmişdi.
Baş ofisi Berlində olan ESİ maliyyə mənbələrini açıqlamasa da, ESİC-in hesabatında təşkilatın milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini müəyyənləşdiriblər.

C.Soros postsovet məkanında "rəngli inqilab"ların ssenari müəllifi və maliyyə mənbələrindən biri, müstəqil siyasət yürüdən dövlətlərdə iğtişaşlar, qiyamlar və üsyanlara rəvac verməklə həmin ölkələri Qərbin müti köləsinə çevrilməsinə yönəlmiş prosedurların pərdəarxası müəllifləri arasında yer alan məkrli, çirkin insan kimi tanınır.
Son illər Azərbaycanlda bağlı hədyanların, yalanların və iftiraların yayılmasında, Bakıya təzyiq cəhdlərində müstəsna rol oynayan "Soros Foundation" təşkilatı "Human Rights Watch", "Amnesty International", "Human Rights House Foundation", "Open Dialog", "European Stability Initiave" və "Helsinki Committees on Human Rights" qurumlarına sırf Azərbaycana qarşı fəaliyyət üçün 50 milyon dollar ayırıb.
Mərkəzi ofisi Berlində olan ESİ-nin rəhbəri Herald Knausun izafi təqdimata ehtiyacı yoxdur: o, Azərbaycanın radikal müxalifət liderləri, habelə hakimiyyətə düşmən kəsilmiş Xədicə İsmayılova və vergilərdən yayındığı təsdiqlənən məşhur "qrantyeyən" Anar Məmmədli ilə həddən ziyadə sıx təmaslara, aktiv əlaqələrə malik olub.
3 butulka konyaka Qarabağ
Bu ilin yanvarın 24-də AŞPA üzvü, ukraynalı deputat Vladimir Ariyev Facebook-dakı səhifəsində sensasion açıqlama ilə çıxış etdi. O yazmışdı: "Son illər Avropa Şurasının Parlament Assmbleyası yalan və iftiralar məkanına çevrilir. Burada deputatları satın almaq istəyirlər. Ermənistandan olan deputatlar Samvel Farmanyan, Naira Karapetyan və Naira Zohrabyan mənə Azərabycana qarşı çıxışlar edərək sənədləri imzalamağın müqabilində pul təklif etdilər. Daha sonra mənə təklif olundu ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal oluması faktını danım, pul alım. Mənə 3 butulka erməni konyakı təklif etdilər, dedilər ki, 40 illik bu konyakların qiyməti 1400 avrodur".
3 butulka konyakla AŞPA deputatını ələ almağa çalışan ermənilərin bu gerizəkalı cəhdi komik təsir bağışlayar, amma hər şey belə bəsit deyil.
Ariyev ermənilərin təkliflərini rədd edəndən sonra Ermənistanda mediasında isterika başlandı, ukraynalı deputat "Bakıya satılmaq"da suçlandı, onun "əslən azərbaycanlı olduğu" deyildi.

AŞPA-da bir sıra deputatların ermənilərdən, daha doğrusu, onların pullarından asılı olduğunu vurğulayan EİC ekspertləri vəziyyətin artıq sistemli siyasi problemə çevrildiyini deyirlər.
"Bu hesabat bir neçə aylıq araşdırmalarımızın və tədqiqatlarımızın nəticəsidir. Hesabatın ikinci hissəsini apreldə açıqlayacağıq. Lakin indidən bəyan edirik ki, AŞPA-dakı bu biabırçı situasiya, deputatların ermənilər tərəfindən ələ alınmasını hüquq-mühafizə orqanları araşdırmalıdır. Habelə Avropa Şurasının baş katibi Torbyern Yaqland və AŞPA-nın rəhbəri Pedro Arqamunt tərəfindən də ən ciddi şəkildə araşdırılmalı, dəyərləndirilməli və müvafiq qiymətini almalıdır. Pulla ələ alınmış deputatlar birmənalı olaraq AŞPA-dan kənarlaşdırılmalıdır", - ESİC-in hesabatında deyilir.
Ştrasser, Knaus və Soros
AŞPA-da Azərbaycanla bağlı qərəzli, subyektiv və diffamasiya tipli sənədlərin müzakirəyə çıxarılmasında xüsui rol oynamış Kristof Ştrasser Almaniya Xristian-Demokrat Partiyasından 2006-cı ildə AŞPA-ya seçilib. 2012-ci ildə o, Corc Sorosun vasitəçiliyi ilə ESİ rəhbəri Herald Knausla Berlində görüşüb və "Mister X."in rəhbərliyi ilə anti-Azərbaycan fəaliyyəti ilə məşğul olacaq qrupun yaradılmasına qərar verilib.
Avstriyalı iqtisadçı, 1999-cu ildə Berlində yaradılmış ESİ-nin rəhbəri Herald Knausun, əslində, Corc Sorosun müti fiqurlarından biri olduğu alman siyasətçilərə yaxşı bəllidir.
Corct Sorosun çoxsaylı "insan haqları və vətəndaş cəmiyyəti" strukturlarının fəaliyyətini araşdıran "ONG Monitor" təşkilatının hesabatlarına görə, amerikalı milyarder "Human Rights Watch", "Amnesty International", "Human Rights House Foundation", "Open Dialog", "European Stability Initiave" və "Helsinki Committees on Human Rights" təşkilatlarının daimi, amma kölgə maliyyəçiləri arasında əlahiddə yer tutur.

Sorosun bu qurumlar qarşısında pulun müqabilində qoyduğu şərt isə Azərbaycanla bağlı hazırlanan bütün hesabatlarda rəsmi Bakıya təzyiq göstərilməsi, pressinqə əl atılmasıdır.
Maraqlıdır ki, ESİ maliyyə mənbələrini açıqlamır, gizli saxlayır.
QHT-lər oyuncağa çevriləndə
ESİC-in hesabatında deyilir: "Həddən artıq mühüm geostrateji məkanda yerləşən, Avropa Birliyi üçün təmaslarda müstəsna əhəmiyyət kəsb edən Azərbaycana qarşı AŞPA-da 2012-ci ildən bəri aparılan kampaniyada Corc Sorosun "Soros Foundation"un aktiv iştirakı danılmazdır. Ukraynadakı hakimiyyət böhranında sınaqdan keçirdiyi ssenarini Soros bu dəfə Bakıya qarşı tətbiq etmək istəyir. O, çoxsaylı QHT-lərdən oyuncaq kimi istifadə edir. Halbuki, Avropa Birliyi və xüsusilə də AŞPA sadə həqiqətləri çətinliklə dərk edir. O həqiqətlər sadədir: 2010-cu ildən bəri Azərbaycan inkişaf edir, beynəlxalq terrorizmə qarşı aktiv mübarizə aparır, müstəqil xarici siyasət yürüdür, daxili stabilliyin tam təminatı üçün təqdir ediləsi addımlar atır. AŞPA-dakı anqajə edilən deputatlar isə "Düşmənimin düşməni dostumdur" kimi prinsipə əsaslanaraq Azərbaycanla bağıl yanlış mövqe tutur, Bakıya təzyiq göstərməyə çalışırlar. Halbuki, həmin deputatlar Sorosun və erməni lobbisinin pulu ilə maliyyələşir".
Erməni lobbi təşkilatları ilə sıx əlaqələr quran Corc Soros Azərbaycanda vəziyyəti qarışdırmaq, destabilizasiyaya nail olmaq üçün Ermənistanla "dostluq" oyunu aparır. Bu istiqamətdə "Soros Foundation"un İrəvandakı nümayəndəliyi çox ciddi rol oynayır.

"AŞPA-dakı anqajə edilmiş deputatlar C.Sorosun diqtəsi ilə deyirlər ki, Azərbaycanda guya 105 siyasi məhbus var. Yalandır, çünki bu şəxslərin tam əksəriyyəti İslam adı ilə pərdələnmiş ekstremistlərdir və konkret cinayətlərinə görə həbs olunublar", - ESİC-in hesabatında deyilir.
Corc Sorosla ABŞ-dakı erməni lobbisinin ən güclü təşkilatlarından olan "Ümumerməni Xeyriyyə İttifaqı"nın (Armenian General Benevolent Union) rəhbəri Corc Setrakyan arasında çox sıx əlaqələr var.
Avropaya hücum
Sorosun göstərişindən sonra "Mister X."in rəhbərliyi ilə AŞPA-da yaradılmış qrupun ən aktiv mənsublarından olan ESİ direktoru Herald Knaus Azərbaycana qarşı az qala düşmən mövqe tutub. Məhz bu şəxs AŞPA-da bir neçə deputatın guya Azərbaycan tərəfindən pulla ələ alınmasını iddia edən absurd "Qara kürü diplomatiyası" adlı bəyanatın müəlliflərindən biridir.
AŞPA-da ermənilərin maraqlarını daha effektiv və aktiv şəkildə təmin etmək üçün ələ alınan deputatlara qurumda "yerli lider" gərək idi.
Həmin lider Kristofer Ştrasser oldu.

H.Knausun yaxın dostu K.Ştrasserin Ermənistana olan müstəsna rəğbəti sirr deyil. O, 2015-ci ilin aprelində İrəvanda qondarma "erməni soyqırımı"nın 100 illiyinə həsr olunmuş anım tədbirlərində Almaniya hökumətinin yeganə (!) təmsilçisi olub.
K.Ştrasser AŞPA-da Ermənistanın və ermənilərin maraqlarının təmsilçisi kimi həm Corc Soros, həm də İrəvan üçün ideal namizəd sayıla bilərdi.
2016-cı ilin fevralına qədər Almaniyanın federal hökumətinin insan haqları və humanitar yardım məsələləri üzrə müvəkkili, yəni ombudsmanı olan Ştrasserin həmin postu tərk etməsinə səbəb mənsub olduğu Almaniya Xristian-Demokrat Partiyasındakı biabırçı, korrupsioner fəaliyyəti ilə bağlı araşdırmanın yaratdığı qalmaqal oldu.

Fəqət, bu rüşvətxor, yalançı və ikiüzlü siyasətçi AŞPA-nın insan haqları üzrə komissarı olmağı bacardı.
Daha sonra Azərbaycanda mifik "siyasi məhbuslar"la bağlı müzakirələrdə, dinləmələrdə H.Knausla K.Ştrasser az qala daima yanaşı otururdular.
Bir qədər keçəndən sonra İtaliyanın RAİ3 telekanalındakı "Report" proqramının müəllifi və aparıcısı Milena Qabanelli də AŞPA-dakı ermənipərəst şəbəkəyə cəlb olundu.

"Report"un sponsorları arasında Corc Sorosun bir neçə fondunun olmasının təsadüf sayılması da sadəlövhlük olardı.
Məsələn, 2013-cü ildə Corc Sorosun "Financial Turmoil in Europe and in the United States" kitabının qalib seçildiyi "Tiziano Terziani" ədəbiyyat müsabiqəsinin münsiflər heyətinin üzvlərindən biri məhz M.Qabanelli idi.
Dağlıq Qarabağ münaqişəsinin ilk illərində Ermənistana yollanan M.Qabanelli o vaxtdan bəri ermənilərin dostu olduğunu gizlətmir.
Və daha bir "təsadüf": "Report" proqramının Azərbaycana həsr olunmuş xüsusi buraxılışında Kristof Ştrasser AŞPA-dakı erməni deputat Samvel Farmanyanla birlikdə peyda olur.
Həmin proqramda Azərbaycanın, sən demə, AŞPA deputatlarını "pulla ələ almasın"dan bəhs olunur, əvvəl Ştrasser, sonra Farmanyan danışırlar və yeni "təsadüf": proqram nümayiş olunandan az sonra AŞPA-da "Kürü diplomatiyası-2" adlı yeni hesabat layihəsi hazırlanır.

Sənədin maliyyəçisi erməni diaspor təşkilatları və Corc Soros, "müəllif"ləri isə "Mister X."in rəhbərlik etdiyi qrup idi.
Hollandiyadakı erməni aşiqi
Türk Ayfer Koçun əri, Hollandiya Xristian-Demokrat Partiyasının funksioneri, AŞPA deputatı Piter Omztiht də məhz M.Qabanellinin "təqdimat"ından sonra AŞPA-dakı ermənipərəst deputatlar qrupuna qəbul olunmuşdu.
AŞPA-nın hollandiyalı deputatı aşkar ermənipərəstdir. O, Erməni Milli Komitəsinin Hollaniyadakı ofisinin daimi qonağı olmaqla yanaşı, hər il aprelin 24-də İrəvana yollanaraq qondarma "soyqırım"ın anım tədbirlərinə qatılır. Bundan başqa, P.Omtziht "Ermənistanın Avropa dostları" qrupunun üzvü, Hollandiya parlamentində ermənilərin "Hollandiyada Erməni Təşkilatları Federasiyası"nın faktiki təmsilçisidir. Hollandiyadakı erməni diaspor təşkilatlarının istisnasız olaraq bütün tədbirlərində P.Omtzihti görmək olar.

AŞPA-dakı "Fransa-Dağlıq Qarabağ qrupu"nun rəhbəri Fransua Roşbluan, italyan jurnalist Milena Qabanelli, Kristofer Ştrasser, Piter Omtzişt, AŞPA-dakı "Fransa-Ermənistan Sosialist Parlament Qrupu"nun rəhbəri Rene Ruke, Billi Brouder, Almaniya Sosial-Demrokrat Partiyasının funksioneri Frank Şvab, Kristofer Ştrasser və Corc Soros, habelə kimliyini ESİC-in gələn ay açıqlayacağı "Mister X."in olduğu qrup Azərbaycana qarşı fəaliyyətini daha da intensivləşdirmək niyyətindədir.
Bunu bilirik.
Lakin Avropa Şurasının rəhbərliyi AŞPA-da ermənilərlə Corc Sorosun siyasi əxlaqsızlıq səviyyəsindəki oyunlarının pərdərarxasını bilirmi?
Bilirsə də, niyə susur?!
Elçin Aloğlu
Milli.Az