Perspektivli və böyük imkanlar vəd edən səfər
Son aylarda Azərbaycan xarici siyasət sahəsində bir sıra mühüm addımlar ataraq həm Qərb, həm də Şərqlə əməkdaşlığı genişləndirir. Dövlət başçısı İlham Əliyevin bir müddət əvvəl Avropanın siyasi paytaxtı sayılan Brüsselə səfər edərək Avropa Komissiyasının rəsmiləri ilə görüşlər keçirməsi, bunun ardınca isə Qətər və Pakistana səfər etməsi, hər üç səfər zamanı tərəflər arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair müzakirələrin aparılması deyilənlərin əyani sübutudur.
9 Mart 2017 12:02 SiyasətVüqar Zifəroğlu: "Bizim siyasətimiz bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə öz töhvələrini verə bilər"
Son aylarda Azərbaycan xarici siyasət sahəsində bir sıra mühüm addımlar ataraq həm Qərb, həm də Şərqlə əməkdaşlığı genişləndirir. Dövlət başçısı İlham Əliyevin bir müddət əvvəl Avropanın siyasi paytaxtı sayılan Brüsselə səfər edərək Avropa Komissiyasının rəsmiləri ilə görüşlər keçirməsi, bunun ardınca isə Qətər və Pakistana səfər etməsi, hər üç səfər zamanı tərəflər arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair müzakirələrin aparılması deyilənlərin əyani sübutudur. Bu günlərdə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cənub qonşumuz İran İslam Respublikasına səfəri reallaşdı. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dövlət başçısının İran səfəri günümüz üçün olduqca əhəmiyyətli idi. Belə ki, bir müddət əvvəl İran prezidenti Həsən Ruhaninin Ermənistan səfərindən sonra rəsmi İrəvan ənənəvi şər-böhtana xidmət edən informasiya maşınını işə salaraq belə bir fikir formalaşdırmağa çalışırdı ki, Tehran artıq regionda daha çox Ermənistana üstünlük verir və Azərbaycanın İslam Respublikası üçün əhəmiyyəti nəzər çarpacaq dərəcədə azalır. İran prezidentinin İrəvanda keçirdiyi görüşlər zamanı istər regional əməkdaşlıq, istərsə də Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirləri öz maraqlarına uyğun şərh edən ermənilər hesab edirdilər ki, bununla Tehran-Bakı münasibətlkərinə ciddi zərbə vurmağa nail olacaqlar. Ancaq bu günlərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İran İslam Respublikasına baş tutan səfəri və səfər zamanı keçirilən görüşlər erməni planının bu dəfə də işə yaramadığını ortaya qoydu. Xəbərlərdən də aydın olduğu kimi bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti rəsmi səfərlə İranda oldu. İstər bu səfər, istərsə də səfər zamanı imzalanan sazişlər Tehran-Bakı münasibətlərinin bundan sonra da inkişaf edəcəyi reallığını ortaya qoydu. Elə əksər ekspertlər də bu qənaətdədirlər. "Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu "OLAYLAR"-a verdiyi açıqlamada qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri ciddi əhəmiyyətə malikdir və regionda baş verən proseslərin fonunda gerçəkləşən bu səfərə diqqət, həm də beynəlxalq əhəmiyyət daşımaqdadır. Onun sözlərinə görə, erməni mediasında səfərlə bağlı heç bir məlumatın yer almaması, Türkiyə mediasında isə əksinə, maraqlı reaksiyaların sərgilənməsi faktlarının özü bunu əyani sübut edir: "Bu Azərbaycan və İran prezidentlərinin son 3 ildə gerçəkləşdirdikləri sayca 8-ci görüşdür. Ümumiyyətlə İranla siyasi münasibətlər
Azərbaycanın xarici siyasətində hər zaman xüsusi önəmə malik olub. Bu yalnız qonşuluq baxımından deyil, uzun əsrlərin tarixi-mənəvi bağlılığından və orada yaşayan 40 milyonluq soydaşımızın varlığından qaynaqlanıb. Vurğulamalıyıq ki, bu perspektivli və böyük imkanlar vəd edən bir səfərdir. Gerçəkləşdirilən səfərlə biz, ən yüksək səviyyədə dost, qonşu ölkə olduğumuzu nümayiş etdiririk. Təbii ki, eyni münasibət birmənalı olaraq qarşı tərəfdən də gözlənilir". Vüqar Zifəroğlu deyib ki, Azərbaycan Türkiyə ilə İran arasında mövcud olan narazılıqların aradan qaldırılmasında alternativi olmayan vasitəçi, körpü rolunu oynaya bilər: "Bizim siyasətimiz, həm də bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə öz töhvələrini verə bilər. İran-Azərbaycan münasibətləri eyni zamanda iqtisadi nöqteyi-nəzərdən öz səmərəsini verə bilər. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti "Şahdəniz-2" layihəsinin fəal iştirakçısı və sərmayədarıdır. Regional əməkdaşlığın qurulmasında ciddi əhəmiyyətə malik "Şimal-Cənub" nəqliyyat dəhlizini də xüsusi vurğulamaq olar. Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun açılışı, energetika, ticarət, nəqliyyat, turizm və ekologiya sahələrində həyata keçirilən digər layihələr Tehran və Bakının regional və regionlararası əlaqələrin mərkəzinə çevrilməsinə imkan yaradır. Lakin şübhəsiz ki, İranın yalnız Azərbaycanəın ərazi bütünlüyünü dəstəkləməsi ilə bağlı verdiyi bəyənatlardan əlavə, əməldə işğalçı Ermənistanla münasibətlərində müəyyən korrektələr etməsi də ciddi məqamdır. Bu bir həqiqətdir ki, İran Ermənistan münasibətləri, Azərbaycanın haqlı gözləntiləri ilə tərs mütənasibdir. Azərbaycan cəmiyyəti, bu məsələdə İranın siyasi və dini dairələrindən adekvat münasibət gözləyir. Məncə unudulmamalıdır ki, işğal edilmiş torpaqlarımızda dağıdılan məscidlər, peyğəmbər nəslinin nümayəndələrinin təhqir edilmiş məzarları həm də İranın paylaşdığı dəyərlərin bir hissəsidir".
S.İsmayılbəyli