Azərbaycanda terror təhlükəsi var
6 Mart 2017 08:19 SiyasətTəhlükəsizlik eksperti: "Rəqəm xüsusi xidmət orqanlarına məlumdursa, deməli, onlar nəzarət altındadır"
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda keçirilən konfransda bildirib ki, əksəriyyəti gənclər olan 900-ə yaxın Azərbaycan vətəndaşı terrorçu təşkilatçılara qoşulub.
Təhlükəsizlik xidmətinin rəisi söyləyib ki, onların bəziləri öldürülüb, bəziləri də Azərbaycan qanunvericiliyi ilə cəzalandırılıb: "Son 1 ildə 54 nəfər Azərbaycan vətəndaşlığından xaric edilib. Dinin həqiqi mənası terrorçular tərəfindən təhrif edilir, bundan şüar kimi istifadə edilir. Bu baxımdan ölkəmizdə son illər mühüm işlər görülür. Bunun özü də göstərir ki, Azərbaycan sabit və təhlükəsiz ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da qüdrətlənəcək", - deyə M.Quliyev vurğulayıb.
Mövzu ilə bağlı "Yeni Müsavat"a danışan təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev bildirdi ki, rəqəm bu gün xüsusi xidmət orqanlarına məlumdursa, deməli, bu şəxslər nəzarət altındadır: "Həmin tədbirdə mən də iştirak etmişəm. Doğrudan da aydınlaşdırılıb ki, 904 nəfər terror təşkilatının üzvü olan şəxs var. Ancaq bu, təkcə bir ilin göstəricisi deyil. Söhbət son zamanlar İŞİD-ə, o cümlədən "Hizbullah" və digər terror təşkilatlarına qoşulanlardan, Suriyada vuruşan, bir sıra Qafqaz əmirliyində adı keçən vətəndaşlardan gedir. Bu şəxslərin içərisində vətəndaşlıqdan çıxarılanlar, həbs edilənlər də var. Təbii ki, 900 nəfər o qədər də kiçik rəqəm deyil. Eyni zamanda düşünürəm ki, problemli rəqəm də sayılmaz. Təhlükənin qarşısının alınması istiqamətində müvafiq əməliyyat tədbirləri keçirilir. Doğrudan da qeyd olunan rəqəm bu gün xüsusi xidmət orqanlarına məlumdursa, deməli, bu şəxslərə nəzarət edilib və ya edilməkdədir. Əməliyyat şəraitinə bu rəqəmlər Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi səviyyəsində açıqlanırsa, demək ki, onlara nəzarət olunur".
A.Nağıyev həmin şəxslərin ölkəyə qayıdaraq təhlükə yaratmaları barəsində isə aşağıdakıları söylədi: "Düşünürəm ki, 900 nəfərin içərisində artıq ölkəyə qayıdanları da var. Artıq onlardan həbs olunanları, hətta məhv edilənləri də yox deyil. Əsas məsələ ondan ibarətdir ki, onlara, əməliyyat şəraitinə tam nəzarət edilsin. Təbii ki, heç bir dövlət, o cümlədən Azərbaycan da hər hansı terror hadisəsindən sığortalanmayıb. Lakin bunların hər birinin ətrafında müvafiq əməliyyat aparılmalıdır. Bunlar özbaşına deyillər. Yəqin ki, hansısa icmada birləşib, kimlərləsə sıx əlaqələrə malikdirlər. Bu əlaqələr istər sosial şəbəkələrdə, istərsə də digər istiqamətlərdə ola bilər. Əsas məsələ odur ki, onların fəaliyyətinə nəzarət edilsin".
Təhlükəsizlik eksperti son zamanlar dünyada baş verən terror hadisələrinin bir çoxunun səbəbkarı olan İŞİD-in hazırkı fəaliyyətinə də toxundu: "Fikrimcə, İŞİD hər zaman vasitədir və vasitə olaraq da qalır. Baxmayaraq ki, onların rəhbəri Əbubəkr əl-Bağdadi bir neçə gün öncə İŞİD-ə müraciət etdi ki, artıq siz öz missiyanızı yerinə yetirmisiniz və dağlara çəkilin. Lakin belə olsaydı, Türkiyə, ABŞ və eləcə də digər dövlətlər səviyyəsində Raqqada hər hansı bir əməliyyat planlaşdırılmazdı. Türkiyə rəhbərliyi artıq Amerika və Rusiyaya belə bir təkliflə çıxış edib ki, Raqqada əməliyyat keçirsin. Bu ərazi isə İŞİD-in Suriya ərazisində özünə paytaxt seçdiyi bir şəhərdir. Yəni, İŞİD bu gün adını başqa cür də qoya, ayrılıb digər qurumlara da keçə bilər. Əsas məsələ odur ki, ad dəyişməklə, keyfiyyət dəyişmir. İnanmıram ki, bu gün İŞİD bütün silahlarını təhvil versin və kənara çəkilsin. Çünki onun vasitəsi ilə bir sıra xüsusi xidmət orqanları, həm də orada təbii sərvətlərə, iqtisadi məsələlərə də nəzarət edirlər. Ona görə də İŞİD-in bütün əməliyyatları saxlaması inandırıcı görünmür. Bir məsələdə var ki, Bağdadi öz başına belə bir bəyanatı verə bilməzdi. Yəqin ki, onların hansısa planları var. Ona görə də belə bəyanatla çıxış edirlər. Yaranan dövrdən də məlumdur ki, İŞİD bir vasitədir və bundan istifadə olunur. Düşünürəm ki, gələcəkdə də bu, belə olacaq. Ancaq konkret olaraq nə işlə məşğul olacaqlar, harada fəaliyyət quracaqlar - bunu zaman göstərəcək. Eyni zamanda Böyük Orta Şərq layihəsi də hələ tamamlanmayıb, davam etməkdədir. Bu istiqamətdə isə müxtəlif dövlətlərin özlərinin istəkləri, planları var. Bu, Suriya, İraq və digər dövlətlər də ola bilər. Tam şəkildə demək olmaz ki, İŞİD gələcəkdə fəaliyyətlərini hansı istiqamətdə quracaq. Bundan başqa ABŞ prezidenti Trampın da həm seçkiqabağı verdiyi vədlərdə, həm sonrakı əməllərində hiss olundu ki, Yaxın Şərqə qarşı onların planları dəyişməz olaraq qalır".