Ermənistana və dünyaya mesaj

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam sözügedən kənd sakinləri tərəfindən də rəğbətlə qarşılanıb. Artıq sərəncamda əksini tapmış məsələlərin icrasına start verilib.

Prezident: "Biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba yurdlarına qaytaracağıq"
 

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam sözügedən kənd sakinləri tərəfindən də rəğbətlə qarşılanıb. Artıq sərəncamda əksini tapmış məsələlərin icrasına start verilib. Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bildirib ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar hazırlıq işləri intensiv şəkildə həyata keçirilir. K.Həsənov qeyd edib ki, kənddə köhnə əmlakların müəyyənləşdirilməsi və qiymətləndirilməsi, ərazilərin minalardan təmizlənməsi işləri həyata keçirilir. İcra başçısı həmçinin bildirib ki, Cocuq Mərcanlı kəndində yaşamaq istəyən ailələrin sayı artmaqdadır. Bu arada Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, 190 ailə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtmaq istəyir: "Cocuq Mərcanlıda yaşamaq imkanının olduğunu bilən həmin kəndin sakinləri - vaxtilə kənddə yaşayan 400 ailədən artıq 190-ı doğma yerlərinə köçmək istədikləri barədə ərizə ilə müraciət ediblər. Mən bunu cənab Prezidentə məruzə etdim, dövlət başçısı sərəncam imzaladı, 4 milyon manat vəsait ayırdı. O vəsait həmin kənddə ilk 50 fərdi yaşayış evinin və bir məktəb binasının tikintisinə yönəlib". Ə.Həsənov bildirib ki, tez bir zamanda 50 fərdi yaşayış evinin tikinrtisinə başlanacaq: "Cənab Prezident belə tapşırıq verib. Təcili olaraq 190 ailədən 50-ni ora köçürəcəyik". Göründüyü kimi artıq prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındı verdiyi vədin icrası reallaşmaq üzrədir. Xatırladaq ki, dövlət başçısı dəfələrlə bəyan etmişdi ki, ölkədə bir dənə də olsun qaçqın çadır səhərciyi qalmayacaq: "Biz nə zamansa onlar üçün rahat mənzillər tikəcəyik, biz işğaldan azad olunmuş yerlərə qayıdacağıq". İndi 190 ailənin Cocuq Mərcanlı kəndinə qayıtmaq arzusu xalqın dövlət başçısı ilə həmrəy olduğunun bariz göstəricisi kimi dəyərləndirilməlidir. Daha dəqiq, bu addım xalqı əmin edir ki, dövlət başçısı bütün varlığı ilə işğal altında olan torpaqların azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına çalışır. İstər xarici, istərsə də daxili siyasətdə itirilmiş torpaqların geri qaytarılması dövlətin prioritet hesab etdiyi məslələr sırasındadır. Nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ probleminin çözülməsində maraqlı olan qüvvələrin nisbəti Azərbaycanın xeyrinə deyil, ancaq ölkə başçısı bütün ağırlığı öz üzərinə götürərək beynəlxalq güclə təkbaşına mübarizə aparmalı olur. Nəticə isə göz qabağındadır, 190 ailə işğaldan azad edilmiş kəndə qayıtmaq üçün növbəyə yazılıb. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib ki, biz kənd sakinlərini işğaldan azad edilmiş kəndə qaytarırıq: "Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, maraqla yanaşırlar. Əminəm ki, onlar indi səbrsizliklə o günü gözləyirlər. Əminəm ki, qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq". İndi qətiyyətlə demək olar ki, bu qayıdış son deyil, əksinə Dağlıq Qarabağa gedən yolun başlanğıcıdır. Demək, işğaldan azad edilmiş digər kənd və rayonlarımızda da infrastruktur yaradılacaq, köçkünlər öz ocaqlarını alovlandıracaqlar. Yəni, qayıdış prosesi davamlı olacaq, dövlət başçısı bu məqsədlə yeni-yeni sərəncamlar imzalayacaq. Qısası, qayıdış prosesi dabamlı olacaq: "İlkin mərhələdə 50 ev tikiləcək, amma göstəriş vermişəm ki, kəndin master planı hazırlansın. Mən əminəm ki, burada gələcəkdə 200 ev tikiləcək. Əlbəttə ki, burada yaşayacaq insanlar üçün iş yerləri açılmalıdır. Əkin sahələri və digər iş yerlərinin təmin edilməsi üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba yurdlarına qaytaracağıq". Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə qeyd edib ki, ilk dəfədir ki, işğaldan azad olunan yaşayış məntəqəsi bərpa edilir. Bunun üçün də dövlət böyük vəsait ayırıb: "Baxmayaraq ki, ilk olaraq cəmi 50 ev tikiləcək. Artıq icra hakimiyyətinə həmin kəndən olan 190 ailə müraciət edərək, geri qayıtmaq istədiklərini bildirib. Fərmandan sonra ilk gün 190 ailə müraciət edibsə, bu o deməkdir ki, həmin kənd daha da genişlənəcək. Hər bir geri qayıdan ailə gələcəkdə təsərrüfatla məşğul olmaqla bizim ərzaq bazarımızı daha da zənginləşdirəcək. Bu, hər bir adam üçün həm mənzil şəraitinin yaxşılaşması, həm də onun üçün yeni bir iş yerinin yaradılmasıdır. Məktəbdə müəllimlər, tibb məntəqələrində isə tibb işçiləri və həkimlər işə götürüləcək. Kəndə təsərrüfat məhsulların saxlanması üçün böyük soyuducunun qurulması da mümkündür". Onun bildirdiyinə görə, 
tamamilə gözləniləndi ki, cənab prezident həmin kəndlə bağlı növbəti sərəncamlar versin: "Tək bu kəndlə yox, digər işğaldan azad olunan kəndlərlə də bağlı belə bərpa sərəncamların olması gözlənilir. Bu Ermənistana və dünyaya mesajdır. Bu torpaqlarımızın işğaldan azad etmə əzmimizi, bunu həyata keçirmək üçün resurslarımızın kifayət etdiyini göstərir. Həmçinin bu cəmiyyətə dövlətin vətəndaşın problemləri ilə ciddi şəkildə məşğul olduğunun göstəricisidir. Ən əsası isə cəmiyyət bir kəndin timsalında dövlətimizin öz ərazi bütövlüyü uğrunda öz əzmini göstərəcək. Bu ulu öndər Heydər Əliyev və cənab İlham Əliyevin apardığı siyasi kursun növbəti uğurlu qələbəsidir".

Zəka
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31