Dərin islahatlar nəticəsində ölkənin inkişafı təmin edilib
Yanvarın 30-da Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda geniş nitq söyləyən dövlət başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib.
31 Yanvar 2017 14:24 SiyasətEldəniz Səlimov: "Məlum konfrans və dövlət başçısının çıxşı Azərbaycanın özünəməxsus inkişaf yolu ilə addımladığının növbəti əyani sübutu, təsdiqi oldu"
Yanvarın 30-da Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda geniş nitq söyləyən dövlət başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib. 2004-cü ildə birinci proqramın qəbul edilməsinin tarixi hadisə olduğunu söyləyən Prezident İlham Əliyev qeyd edib ki, regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar, infrastruktur ilə bağlı olan layihələr, bugünkü reallığı yaradıb: "Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bakı şəhəri, bizim əsas şəhərlərimiz - Gəncə, Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir. Bizim bütün şəhərlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır, böyük infrastruktur layihələri icra edilmişdir. Bu, imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Bu, imkan verir ki, biznes strukturları bu imkanlardan səmərəli istifadə etsinlər". Dövlət başçısı konfransda çıxışı zamanı qarşıdakı müddət ərzində görüləcək işlərlə bağlı da öz tapşırıq və tövsiyyələrini verib.
Millət vəkili Eldəniz Səlimov bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqi, geniş məzmunlu və əhatəli çıxışı tarixi əhəmiyyətli, ölkəmizin gələcək inkişaf yoluna işıq salacaq bir çıxışdır. Onun sözlərinə görə, məlum konfrans və dövlət başçısının çıxşı bir daha Azərbaycanın düzgün yolda olduğunun, o cümlədən, ölkəməzi istəməyən qüvvələr tərəfindən ortaya çıxarılan bəzi maneələrə və əngəllərə baxmayaraq, Azərbaycanın dönmədən, sapmadan resursları hesabına özünəməxsus inkişaf yolu ilə addımladığının növbəti əyani sübutu, təsdiqi oldu: " Dövlət başçısı haqlı və əsaslı olaraq vurğuladı ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə də Azərbaycan iqtisadiyyatı inkişaf edib və bütün əsas vəzifələr icra olunub, yəni, iqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Məsələn, kənd təsərrüfatı 2,6 faiz, qeyri-neft sənayesi 5 dəfə artıb. Bununla yanaşı, dünyada məlum iqtisadi-maliyyə böhranı ilə əlaqədar neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il aparılan dərin islahatlar nəticəsində ölkənin inkişafı təmin edilib.
Cənab Prezidentin də qeyd etdiyi kimi, dünyada davam edən iqtisadi və maliyyə böhranı ölkə iqtisadiyyatına öz mənfi təsirini göstərsə də, ancaq Azərbaycan nəticə etibarı ilə digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bildi. Təsadüfi deyil ki, ölkəmizdə təkcə ötən il yüz mindən çox daimi iş yeri yaradıldı, Neft Fondunun valyuta ehtiyatları qorundu. Şəxsən mən də belə hesab edirəm ki, bunlar da çox əlamətdar hadisədir. Çünki dövlət başçısının da söylədiyi kimi, neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərclədi, Azərbaycan isə öz valyuta ehtiyatlarımızı qoruyub saxlaya bildi. Ona görə ki, valyuta ehtiyatlarımız həm bu gün, həm də sabah üçün lazım olacaq və bütövlükdə bu, bizim iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir. Bu baxımdan belə hesab edirəm ki, bu konfrans və ölkə Prezidentinin geniş nitqi ölkəmizin inkişafında yeni üfüqlər doğuracaq, öz müsbət töhfəsini verəcək. Bu, eyni zamanda bir daha ona qəti əminlik yaradır ki, ölkənin taleyi etibarlı əllərdədir. Yəni, Azərbaycan xalqı və dövləti İlham Əliyevin rəhbərliyi ilə hələ uzun illər yeni-yeni-uğurlara, nailiyyətlərə imza atacaq". Bu günlərdə Prezidentin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncama da toxunan millət vəkili Eldəniz Səlimov qeyd edib ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası işğalçı və təcavüzkar Ermənistana, onu "bəsləyənlər"ə çox ciddi bir mesajdır: "Bu addımla təcavüzkar dövlətə bir daha açıq və sərt şəkildə bəyan edilir ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi mövqeyindən heç bir zaman geri çəkilməyib və çəkilməyəcək, Əksinə, bu məsələdə daha qətiyyətli, daha israrlı və güzəştsiz olacaq. Azərbaycan, ölkə rəhbərliyi, cəmiyyət bundan sonra da bütün səylərini torpaqlarının erməni işğalından azad olunmasına, həmin ərazilərdə əhalisinin məskunlaşmasına və vətəndaşlarının təhlükəsizliyinin təmininə yönəldəcək. Bu baxımdan ölkə Prezident cənab İlham Əliyevin də işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamı çox tarixi, çox unikal bir sənəddir. Bununla Azərbaycan işğaldakı torpaqlarını azad etmək uğrunda əzmini, qətiyyətini göstərir. Torpaqlar, işğal altındakı ərazilər işğaldan azad edildikdən sonra həmin ərazilərin infrastrukturunun yeniləcəyi, vətəndaşlarımız üçün evlərin tikiləcəyi, normal yaşayışın təmin edilməsi istiqamətində hər zaman deyilmiş fikirlər artıq öz təsdiqini tapır. Bu, ilk növbədə Azərbaycan dövlətinin inkişafının, ölkə rəhbərliyinin xalq qarşısında götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirməsinin nəticəsidir." Millət vəkili qeyd edib ki, məlum aprel hadisələri də Azərbaycan Silahlı Qüvvələrinin və dövlətimizin gücünü göstərdi: "Qələbəmizdən sonra aparılan siyasət isə ilk növbədə Azərbaycanın işğal altındakı torpaqlarının işğaldan azad olunması uğrunda bir ciddi xəttə çevrildi. İndi isə bir kəndin timsalında Azərbaycan özünün suverenliyini təsdiq etməyin yeni bir addımını atdı. Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildiyinə görə, yeni mənzillərin salınması, kommunikasiya xətlərinin yenilənməsi, məktəbin tikilməsi kənd əhalisinin oraya köçürülməsinə, normal həyata qayıtmasına şərait yaradır. Bu işğaldan azad olunmuş kəndlərimizdə əhalinin məskunlaşması, iş yerlərinin yaradılması üçün atılan addımdır. Bu baxımdan, ölkə Prezidentinə bu addıma görə öz adımdan, bütövlükdə seçicilərim adından dərin minnətdarlığımı ifadə edirəm və inanıram, qəti əminəm ki, işğal altında olan digər ərazilərimizin də işğaldan, yağı tapdağından azad olunacağı gün uzaqda deyil. Qələbə, zəfər bizimlədir və bizimlə olacaq. Buna düşmən Ermənistan da, onları "bəsləyənlər" də qəti əmin olsunlar.
Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunurdfu ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
S.İsmayılbəyli