Cocuq Mərcanlı kəndinin yenidən qurulması tarixi hadisədir

Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Prezident: "Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin"

Yanvarın 30-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, 2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir. Xüsusilə bölgələrdə aparılan işlər də öz dinamikasını saxlamışdır. Keçən il bölgələrdə çox böyük işlər görülmüşdür: "Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirmişdir. Bugünkü konfrans sayca 14-cüdür. On dörd ildir ki, biz hər il ilin əvvəlində görülən işlərə qiymət veririk, nöqsanları aşkar edirik və gələcək üçün fəaliyyət planımızı tuturuq. Bu il də bu ənənəyə sadiq qalaraq bu konfransı keçiririk. Burada mərkəzi, yerli icra orqanlarının rəhbərləri, aparıcı biznes qurumlarının nümayəndələri iştirak edirlər. Konfransın birinci hissəsindən sonra tədbir işinə davam edəcək. Əminəm ki, aparılacaq diskussiyalar və müzakirələr bu il ərzində görüləcək əlavə işlər haqqında fikir formalaşdırmağa imkan verəcək". Prezidenti İlham Əliyev ölkəmizdə güclü və fəal milli biznes sinfinin formalaşdığını bildirib: "Əlbəttə, dövlət də bu sahədə öz dəstəyini əsirgəməyib. Mən iş adamları ilə daim təmasdayam, görüşlər keçiririk, onların problemlərinin həlli ilə məşğuluq və onlara həmişə siyasi və maddi dəstək verilir. Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir işi görmək mümkün deyil. Bir də ki heç bir biznesmen, iş adamı riskli yerlərə, ölkələrə heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddi dəstək, - bax hesab edirəm ki, bu amillər milli biznes sinfini formalaşdırıb". Dövlət başçısı əlavə edib ki, Azərbaycan iqtisadiyyatı inkişaf edib və əsas vəzifələr icra edilib. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2.6 faiz, ölkənin qeyti-neft sənayesi isə 5 faiz artıb: "Baxmayaraq ki, neftin qiyməti dünyada 3-4 dəfə aşağı düşüb, əvvəlki illərdə aparılmış işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik. Əlbəttə, bu gün dünyada davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərib. Mən hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilib. Keçən il 100 mindən çox daimi iş yeri yaradılıb. Bu proses 2004-cü ildən bu günə qədər davam edir. Biz Dövlət Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik, bu da hesab edirəm ki, çox əlamətdar hadisədir". Prezident İlham Əliyev bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur: "Qeyd etməliyəm ki, son illər ərzində 100-ə yaxın məcburi köçkün qəsəbəsi inşa edilib, 200 mindən çox məcburi köçkün bu binalara yerləşdirilib. Bütünlükdə isə son illərdə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması məqsədlərinə 5 milyard manatdan çox vəsait ayrılıb. Bu il yeni binalar tikilməlidir, yerlər ayrılıb. Eyni zamanda, mövcud qəsəbələrdə yeni fərdi evlərin tikintisi də nəzərdə tutulub. Çünki orada artıq infrastruktur var və infrastruktura vəsait qoymağa ehtiyac yoxdur. Eyni zamanda, tapşırıq verilib ki, bu il Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi də başlasın. Artıq müvafiq göstərişlər verilib, layihələr hazırlanır və əlavə vəsait ayrılacaq ki, bu il və bundan sonrakı illərdə yataqxanalarda yaşayan vətəndaşlarımızın mənzil şəraitini yaxşılaşdıraq. Yenə də demək istəyirəm ki, bütün müvafiq göstərişlər verilib, indi hesablamalar aparılır, layihələndirmə işləri aparılır və ümid edirəm ki, yaxın gələcəkdə, bəlkə də bir ay ərzində artıq praktiki tikinti işləri başlanmalıdır". İlham Əliyev qeyd edib ki, Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq sərəncam imzalanıb: "Bu layihənin icrası çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir". Dövlət başçısı bildirib: "Biz kənd sakinlərini işğaldan azad edilmiş kəndə qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, maraqla yanaşırlar. Əminəm ki, onlar indi səbrsizliklə o günü gözləyirlər. Əminəm ki, qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq". Prezident İlham Əliyev qeyd edib ki, hazırda minalardan təmizləmə işləri aparılır: "Televiziyada kəndin görüntüləri göstərilib. Bir neçə ay o kənd işğal altında olub. Ondan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilmişdi və işğalçılar, düşmənlər o kənddən qovulmuşdular. Bir neçə ay ərzində onlar o kəndi yerlə-yeksan ediblər. Əlbəttə ki, indi orada minalardan təmizləmə işləri, sonra isə infrastruktur layihələrinin icrası olmalıdır. Mən göstəriş vermişəm ki, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini kəndə göndərsinlər. Görsünlər ki, erməni vəhşiliyi nədən ibarətdir". Dövlət başçısı deyib ki, indi digər işğal edilmiş torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar: "Ağdamın, Füzulinin və digər şəhərlərimizin dağıntılarını beynəlxalq mətbuatda az-az görə bilirik. Niyə görə? Çünki buraxmırlar. Amma Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin canlı şahididir. Gəlsinlər görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədirlər. Ona görə orada bu işlər görülməlidir. Sonra isə bütün sənədləşmə işləri aparılmalıdır, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi aparılmalı, video, foto, bütün dağılmış binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Yəni, bu işlərə çox əsaslı yanaşmalıyıq və orada ilk növbədə qeyd etdiyim kimi infrastruktur - yollar, qaz, su, işıq xətləri çəkilməli, ondan sonra isə mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. İlkin mərhələdə 50 ev tikiləcək, amma göstəriş vermişəm ki, kəndin master planı hazırlansın. Mən əminəm ki, burada gələcəkdə 200 ev tikiləcək. Əlbəttə ki, burada yaşayacaq insanlar üçün iş yerləri açılmalıdır. Əkin sahələri və digər iş yerlərinin təmin edilməsi üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba yurdlarına qaytaracağıq". Prezident İlham Əliyev bildirib ki, ölkənin sosial infrastrukturunun genişləndirilməsi istiqamətində də xeyliişlər görülüb: "Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur. Sosial infrastruktura gəldikdə, qeyd etməliyəm ki, son illər ərzində - 2004-cü ildən başlayaraq üç mindən çox məktəb tikilib və ya təmir edilmişdir. Altı yüzdən çox tibb ocağı tikilmiş və ya təmir edilmişdir. Ancaq bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası inşa edilmişdir. Yəni, bütün sosial infrastruktur bloku da daim diqqət mərkəzində idi. Bu proses davam etdirilir. Bu ilin dövlət investisiya proqramında da sosial infrastrukturun yaradılması üçün kifayət qədər böyük vəsait nəzərdə tutulmuşdur". Dövlət başçısı bildirib ki, xalçaçılıq sənətini yaşatmaq, iş yerlərini yaratmaq və ixrac imkanlarını genişləndirmək üçün "Azərxalça" yaradıldı və artıq 1-ci fabrik Füzuli şəhərində açılıb və mən orada iştirak etmişəm. Bu il bu fabriklərin sayı 10-a çatdırılmalıdır. Dövlət başçısı bildirib ki, həm ənənəvi sənət yaşadılmalı, həm xalçaçılıq sənayesi də yaradılmalıdır: "Həm əllə, həm də maşınlarla toxunan Azərbaycan xalçaları dünyada təbliğ edilməli və bu, böyük gəlir mənbəyinə çevrilməlidir". Turizmlə bağlı görülmüş işlərdən danışan dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq turizm üçün çox cəlbedici bir ölkəyə çevrilir: "Xüsusilə vizayla bağlı atılan addımlar bu sahədə dönüş yaratdı. Əlbəttə ki, Azərbaycan turizm üçün çox cəlbedici bir ölkədir. İlk növbədə Azərbaycanda zəngin, mədəni irs var. Tarixi abidələrimiz, bizim qədim mədəniyyətimiz turistləri cəlb edir. Digər tərəfdən, Azərbaycan müasir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib. 2014-cü ildən bu günə qədər Azərbaycanda 300-dən çox mehmanxana tikilib. Bakı şəhərində dünyanın aparıcı hotellər şəbəkələrinin mehmanxanaları var. Bizim əla mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və qonaqpərvər insanlarımız - bütün bunlar turistləri cəlb edir. Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bu faktorlar var. Viza sadələşdirilməsi də həll olunub. Sadəcə olaraq, biz işləri düzgün təşkil etməliyik və ölkəmizin güclü turizm sənayesi yaradılmalıdır. Bu sahədə böyük təcrübəsi olan ölkələrin təcrübəsindən istifadə etməliyik". Dövlət başçısı vurğulayıb ki, sadlanan işlərin həyata keçirilməsi heç də asan şəraitdə başa gəlməyib: "Onu da deməliyəm ki, biz bütün bu işləri o qədər də asan olmayan şəraitdə icra etmişik. Yaxşı bilirsiniz ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir etmir. Çünki biz bilirik ki, bunlar haradan qaynaqlanır, bunun arxasında kimlər dayanırlar, onların məqsədi nədən ibarətdir. Ona görə öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur. Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik. Onların içində əlbəttə ki, regional inkişaf proqramı xüsusi yer tutur. Əminəm ki, proqramda 2018-ci ilə qədər nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və əlavə məsələlər də proqrama daxil ediləcək".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31