Ermənistan Suriyadan köçkün düşmüş erməniləri öz çirkin oyunlarına alət edir
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında “Suriyada vəziyyət və onun qonşu ölkələrə təsirləri” hesabatı çərçivəsində aparılan cari müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropanın köçkünlərə, miqrantlara münasibətini kəskin tənqid edib.
27 Yanvar 2017 13:59 SiyasətQənirə Paşayeva AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırıb
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Suriyada vəziyyət və onun qonşu ölkələrə təsirləri" hesabatı çərçivəsində aparılan cari müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropanın köçkünlərə, miqrantlara münasibətini kəskin tənqid edib. Xanım deputat bildirib ki, buna son qoyulmalı, bu insanlara daha çox dəstək göstərilməlidir: "Bir neçə dəfə jurnalist olaraq Suriyada olan və bu yaxınlarda Türkiyə və İordaniyada Suriyadan olan köçkünlərlə görüşən bir şəxs kimi demək istəyirəm ki, bu insanlıq faciəsi davam edir və o insanlar sizdən daha çox dəstək gözləyirlər. Biz bir neçə dəfə burada Suriyada yaşanan faciələri və onun qonşu bölgələrə və Avropaya təsirlərini müzakirə etmişik. Mən də həmkarlarımın fikrini bölüşürəm. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmaq və köçkünlərə Avropa təşkilatlarının və ölkələrinin dəstəyini artırmaq lazımdır. Əks halda faciələr daha da böyüyəcək". Milli Məclisin deputatı Suriyadan köçkün düşmüş türkmənlərlə, soydaşlarımızla bağlı məsələni də AŞPA-da qaldıraraq onların səsini duymağa çağırıb və Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı məsələlərə hər zaman həssas yanaşdığını vurğulayıb: "Bir müddət əvvəl Suriyadan köçkün düşmüş türkmənlər, bizim soydaşlarımız bizimlə görüş zamanı onların istəklərini buradan səsləndirməyimizi istədilər. Çox böyük əziyyətlər yaşayan türkmən köçkünlər Parlament Assambleyasını onların yaşadığı faciələrə daha çox diqqət ayırmağa çağırır və onların həllində daha çox dəstək gözlədiklərini söyləyirlər. Suriyadan köçkün düşmüş bütün insanlar da bu çağırışı səsləndirirlər. Biz onların səsini duymalı və dəstəyimizi artırmalıyıq". Q.Paşayeva Avropanı terrorla mübarizədə, köçkünlərlə bağlı məsələlərdə ikili standartlardan əl çəkməyə çağırıb və Türkiyəyə daha çox dəstək göstərilməsinin vacibliyini vurğulayıb: "Biz Yaxın Şərqdə baş verən prosesləri daha geniş müzakirə etməliyik. Çünki artıq Avropa Şurası sərhədləri yaxınlığında baş verən ağır faciələr mütləq öz mənfi təsirini hamımıza, bütün Avropanın təhlükəsizliyinə daha çox göstərəcək. Biz son aylar artan terror hadisələri ilə bunun şahidi oluruq. Suriya ilə böyük sərhədləri olan və bu ölkədən köçkün düşmüş 3 milyondan artıq insana qapılarını açmış üzv ölkə Türkiyəyə də AŞPA olaraq dəstəyimizi daha da artmalıyıq. Bu dəstəyin hələ də yetərli olmadığını görürük. Terrorla mübarizədə də Türkiyəyə dəstək artmalıdır. Eyni zamanda, Avropanın müxtəlif ölkələrinə üz tutan köçkünlərə münasibətdə daha həssas münasibətin göstərilməsi vacibdir. Bəzən xoşagəlməz münasibətlərin şahidi oluruq ki, onlara da yol verilməməlidir". Milli Məclisin deputatı Ermənistan hökumətinin Suriyadan köçkün düşmüş erməniləri öz çirkin oyunlarına alət etdiyini söyləyib və buna son qoyulması üçün AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırıb: "Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hər hansı çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu, beynəlxalq sənədlərdə də öz əksini tapır. Bu da doğru yanaşma deyil". Deputat Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına zidd olduğunu diqqətə çatdırıb və buna son qoyulmasının vacibliyini vurğulayıb. Bildirib ki, Ermənistan dövləti onları Ermənistanın bölgələrinə deyil, məhz işğal etdikləri Azərbaycan torpaqlarında yerləşdirməklə onlara zərər vurmaqla yanaşı, AŞPA-nın da üzərində dayandığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur. Assambleyamızda bir neçə dəfə Avropa Şurasının baş katibi, AŞPA prezidenti tərəfindən də münaqişənin sülh yolu ilə həlli prosesinə zərbə vuran, vəziyyətin daha da gərginləşdirilməsinə səbəb olan addımların atılmaması çağırışları edilib. Biz Ermənistanı bu çağırışlara əməl etməyə çağırır və Suriya qaçqınlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsinə son qoymağa və məruzəçimizi bu məsələyə də xüsusi diqqət verməyə çağırırıq. AŞPA Ermənistana buna son vermək üçün təzyiq göstərməlidir.
AŞPA sessiyasında həmçinin "Assambleyanın monitorinq prosesinin təkmilləşdirilməsi, Avstriya, Çexiya, Danimarka, Finlandiya, Fransa və Almaniya tərəfindən öhdəliklərin həyata keçirilməsinin dövri dəyərləndirilməsi" məruzəsi üzrə müzakirələr keçirilib. Müzakirələr çərçivəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək bildirib ki, dünyada mükəmməl demokratiya yoxdur və bu halda monitorinq prosesinin 9+4 ölkə prinsipi üzrə həyata keçirilməsi anlaşılmazdır. Fransa və Almaniya kimi ölkələrdə son zamanlar terror aktlarının və arzuolunmaz halların baş verməsi bu ölkələrdə də monitorinq prosesinin olmasının vacibliyini göstərir. Artıq monitorinq prosesi çərçivəsində xüsusi bir mexanizmin yaradılması haqqında düşünmək lazımdır. Bu halda bəzi qüvvələrin demokratik prinsipləri alət olaraq istifadə etməsinin qarşısı alına bilər. Bu gün Avropada ksenofobiya və islamofobiyanın artması, Avropaya daha yaxşı həyat üçün gələn miqrantların qəbuledilməz münasibətlərə məruz qalması da deyilənləri bir daha təsdiqləyir: "Beləliklə, biz bir-birinə çox bənzər iki problemlə üzləşirik. Birinicisi, demokratik prinsiplərin yeni formalaşdığı və bir sıra problemlərin hələ də qaldığı ölkələrlə əlaqədardır. Məruzəçiyə təşəkkür edirəm ki, mənim ölkəmdə demokratiya və insan hüquqlarının daha da möhkəmlənməsi üçün bütün addımların atıldığını məruzəsində qeyd edib. Biz QHT-lərlə bağlı yeni qanunvericiliyin üzərində işləyirik. Bu istiqamətdə Venesiya Komissiyası, AŞPA və onun monitorinq komitəsi, xüsusilə ölkəmiz üzrə həmməruzəçilər ilə bütün istiqamətlərdə hərtərəfli sıx əməkdaşlıq edirik. İkinci problem isə populizm, demokratik dəyərlərdən təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri, artan antisemitizm və islamofobiya, özlərindən olmayanlara qarşı qəbuledilməz yanaşma və digər bu kimi tendensiyalardır. Digər bir yanaşma isə tolerantlıqla bağlıdır ki, bu da mənim nöqteyi-nəzərimdən qəbuledilməzdir". Azərbaycan nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, AŞPA-da gözlə görülən, daha güclü və təsirli monitorinq mexanizmini yaratmaqla demokratik dəyərləri inkişaf etdirmək mümkündür. Monitorinq mexanizmi AŞPA-nın bütün 47 üzvünə tətbiq edilməlidir. S.Seyidov vurğulayıb ki, 9+4 ölkə prinsipi ilə digər ölkələri monitorinqdən kənarda saxlamaq doğru deyil. Bunun aradan qaldırılması subyektivlikdən, ikili standartlardan yaxa qurtarmaq və AŞPA daxilində yeni standartlar yaratmaq üçün ümdə əhəmiyyət daşıyır.
Alim