“İlham Əliyev bizi bu dərddən qurtardı” - Cocuq Mərcanlılardan Prezidentə BÖYÜK TƏŞƏKKÜR

Bu sözləri prezidentin sərəncamına əsasən torpaqları abadlaşdırılacaq Cocuq Mərcanlı kənd sakinləri danışarkən deyib. Sevindirici haldır ki, artıq bu arzu illərdir deyildiyi kimi sadəcə sözdə qalmayacaq. Çünki ötən gün prezidentin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulub. 1400-ə qədər sakini olan kəndin 400-dən çox ailəsinin ora köçürülməsi mərhələli şəkildə aparılacaq. Lakin bu gün respublikanın 22-dən çox rayon və şəhərində məskunlaşan hər bir Cocuq Mərcanlı sakini geri qayıtmaq arzusundadır.

"Biz hamımız kəndimizə qayıtmağı səbirsizliklə gözləyirik".

Bu sözləri prezidentin sərəncamına əsasən torpaqları abadlaşdırılacaq Cocuq Mərcanlı kənd sakinləri danışarkən deyib.

Sevindirici haldır ki, artıq bu arzu illərdir deyildiyi kimi sadəcə sözdə qalmayacaq. Çünki ötən gün prezidentin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulub. 1400-ə qədər sakini olan kəndin 400-dən çox ailəsinin ora köçürülməsi mərhələli şəkildə aparılacaq. Lakin bu gün respublikanın 22-dən çox rayon və şəhərində məskunlaşan hər bir Cocuq Mərcanlı sakini geri qayıtmaq arzusundadır.

"Kənd camaatı qayıtmaq üçün tam hazırdır"

Kəndin icra nümayəndəsi, hazırda Cocuq Mərcanlıda olan Xanlar Zeynalov sakinlərlə danışdığını və bu xəbərin onları çox sevindirdiyini, qürurlandırdığını deyir: "Kənd camaatı qayıtmaq üçün tam hazırdır. Kəndi əsarət altında saxlayan Lələtəpə yüksəkliyi idi. Artıq onu da ordumuz azad etdi, indi təhlükə də yoxdur. Rahat şəkildə sakinlərimiz kənddə yaşaya bilər. Sərəncamı eşidəndən sonra insanlarımızda böyük ruh yüksəkliyi yaranıb. Hamımız orada gedib yaşamağa hazırıq. Kəndimizdə 432 təsərrüfat var, amma ilk mərhələdə 50 ailə köçürüləcək. Yəqin ki, sonrakı mərhələlərdə digər sakinlər də köçürüləcək. Buna inanırıq və hər birimiz kəndimizdə yaşamağa hazırıq. Keçən il dekabr ayında kəndimizdə olduq, inşallah bundan sonra daha rahat gedib orada yaşayacağıq".

İcra nümayəndəsinin sözlərinə görə, kənd sakinləri hazırda 22 rayonda məskunlaşıb: "Ayrı-ayrı yerlərdə məskunlaşmaqdansa, gedib öz kəndimizdə yaşamağımız daha yaxşıdır. Torpaqlarımızın hamısı əkinə yararlıdır, nə üçün boş-boşuna qalsın?"

"Kaş o 50 ailədən biri biz olaq"

Hazırda Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınan şəhərcikdə yaşayan kənd sakini Atakişi Atakişiyev bu xəbəri eşidəndə çox sevindiklərini deyir: "Bu dərdi yaşayan bilər. Sən demə, yurd dərdindən ağır dərd yox imiş. Bu illər ərzində biz bunu çox yaxşı anladıq. Hər bir kənd sakini torpağına qayıtmaq üçün hazırdır. Axı insan necə öz yurduna qayıtmaq istəməsin? Düzdür, burada da bizim üçün şərait yaradılıb, amma heç bir rahatlıq torpağın yerini verməz. Mən də, oğlum da ora qayıdıb yaşamaq istəyirik. Çox arzu edərdim ki, köçürüləcək 50 ailədən biri biz olaq. Kəndimizdə yaşayıb, əvvəlki təsərrüfatımızı qurmaq istəyirik. Hələ, Lələ təpə azad olunanda artıq kənd sakinlərindən orada yaşamağı arzu edənlər çox idi. İndi ərazinin abadlaşdırılması barədə sərəncam bizim lap ürəyimizcə oldu. Hələ 1993-cü ildə Cocuq Mərcanlı azad olunandan sonra yurd həsrətinə dözə bilməyib qonşu kəndlərə yaxın ərazilərə köçüb yaşayan ailələr var".

"Doğulduğum torpaqda da ömrümü başa vurmaq istəyirəm"

İşğaldan sonra Xətai rayonu ərazisində zavod binasına sığınan 70 yaşlı Məhəmməd Müslümov sərəncam xəbərini eşidəndən sevincinin həddi-hüdudu olmayıb: "Bu, prezidentimizin bizə qayğısıdır. Arzu edirəm ki, Cocuq Mərcanlı kimi digər rayon və kəndlərimiz də azad edilsin, kəndlər abadlaşdırılsın, qaçqın və məcburi köçkünlərimiz öz yurdlarına qayıtsın. Biz Cocuq Mərcanlı sakinləri olaraq hər an öz torpağımıza qayıtmaq üçün hazırıq. Doğulduğum torpaqda da ömrümü başa vurmaq istəyirəm. İnşallah bu arzum da gerçək olar. Mənim kimi oğlum, qızım da torpağa qayıtmağa hazırdır. Ataları gedəndən sonra onlar burada qala bilməz".

"Prezidentimizə təşəkkür edirik"

Cocuq Mərcanlı işğaldan azad ediləndən sonra kənd sakini Oqtay Həziyev heç bir yerə getməyərək ailəsi orada yaşayır. O.Həziyev deyir ki, Lələ təpə yüksəkliyi azad edilənə qədər təhlükəli idi, amma ötən il apreldən sonra tam rahat yaşayırlar: "Buna görə Prezidentimizə, ordumuza təşəkkür edirik. İllərdir burada tək yaşamaq, həmkəndlilərindən uzaq düşməyin özü də böyük dərddir. Prezidentimizə təşəkkür edirik ki, kənd camaatının torpaqlarımıza qayıtması üçün sərəncam imzaladı və bizi bu dərddən qurtardı. İnşallah kəndimizdə 25 il əvvəlki kimi yaşayış üçün şərait qurulacaq".

Qeyd edək ki, Cocuq Mərcanlı 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. Lakin bu kəndi və ətraf əraziləri nəzarətdə saxlayan yüksəklik ermənilərin əlində qalmışdı. Ötən ilin aprelində Ali Baş Komandanın təlimatı ilə keçirilən uğurlu əməliyyat nəticəsində həmin yüksəklik işğaldan azad edilib. Nəticədə bu kənddə sakinlərin yaşaması üçün təhlükəsiz mühit formalaşıb. Bərpa işlərindən sonra isə sakinlər öz doğma kəndlərində məskunlaşa biləcəklər.

Qeyd edək ki, fotolar kənd sakinlərinin ayrı-ayrı vaxtlarda Cocuq Mərcanlıya etdiyi səfərlər zamanı çəkilib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31