Cocuq Mərcanlının bərpası “Böyük Qayıdış”ın ilk müjdəsidir
Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı ölkə ictimaiyyəti tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatları nəticəsində erməni işğalından azad edilmiş rayonların bərpası Azərbaycan cəmiyyətində birmənalı qarşılanır.
25 Yanvar 2017 15:34 SiyasətDeputat: "Bu, ölkə rəhbərliyinin xalq qarşısında götürdüyü öhdəliyin yerinə yetirməsinin göstəricisidir"
Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı ölkə ictimaiyyəti tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatları nəticəsində erməni işğalından azad edilmiş rayonların bərpası Azərbaycan cəmiyyətində birmənalı qarşılanır. Millət vəkili Eldəniz Səlimov bildirib ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası işğalçı və təcavüzkar Ermənistana, onu "bəsləyənlər"ə çox ciddi bir mesajdır. Bu addımla təcavüzkar dövlətə bir daha açıq və sərt şəkildə bəyan edilir ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi mövqeyindən heç bir zaman geri çəkilməyib və çəkilməyəcək, əksinə, bu məsələdə daha qətiyyətli, daha israrlı və güzəştsiz olacaq. O, qeyd edib ki, Azərbaycan, ölkə rəhbərliyi, cəmiyyət bundan sonra da bütün səylərini torpaqlarının erməni işğalından azad olunmasına, həmin ərazilərdə əhalisinin məskunlaşmasına və vətəndaşlarının təhlükəsizliyinin təmininə yönəldəcək: "Ölkə Prezident cənab İlham Əliyevin də işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamı çox tarixi, çox unikal bir sənəddir. Dövlət başçısı tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazimizin bərpa edilməsi və yerli əhalinin oraya köçürülməsi barədə sənəd imzalandı. Bununla da Azərbaycan işğaldakı torpaqlarını azad etmək uğrunda əzmini, qətiyyətini göstərir. Torpaqlar, işğal altındakı ərazilər işğaldan azad edildikdən sonra həmin ərazilərin infrastrukturunun yeniləcəyi, vətəndaşlarımız üçün evlərin tikiləcəyi, normal yaşayışın təmin edilməsi istiqamətində hər zaman deyilmiş fikirlər artıq öz təsdiqini tapır. Bu, ilk növbədə Azərbaycan dövlətinin inkişafının, ölkə rəhbərliyinin xalq qarşısında götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirməsinin nəticəsidir". Millət vəkili həmçinin bildirib ki, məlum aprel hadisələri də Azərbaycan Silahlı Qüvvələrinin və dövlətimizin gücünü göstərdi. Qələbəmizdən sonra aparılan siyasət isə ilk növbədə Azərbaycanın işğal altındakı torpaqlarının işğaldan azad olunması uğrunda bir ciddi xəttə çevrildi: "İndi isə bir kəndin timsalında Azərbaycan özünün suverenliyini təsdiq etməyin yeni bir addımını atdı. Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildiyinə görə, yeni mənzillərin salınması, kommunikasiya xətlərinin yenilənməsi, məktəbin tikilməsi kənd əhalisinin oraya köçürülməsinə, normal həyata qayıtmasına şərait yaradır. İşğaldan azad olunmuş kəndlərimizdə əhalinin məskunlaşması, iş yerlərinin yaradılması, Azərbaycan bazarında kənd təsərrüfatı məhsullarının daha da çoxalması, ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımdır. Bu baxımdan, ölkə Prezidentinə bu addıma görə öz adımdan, bütövlükdə Azərbaycan xalqının adından dərin minnətdarlığımı ifadə edirəm və inanıram, qəti əminəm ki, işğal altında olan digər ərazilərimizin də işğaldan, yağı tapdağından azad olunacağı gün uzaqda deyil. Qələbə, zəfər bizimlədir və bizimlə olacaq. Buna düşmən Ermənistan da, onları "bəsləyənlər" də qəti əmin olsunlar".
Millət vəkili Astan Şahverdiyev deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı Azərbaycan torpaqlarının işğaldan azad olunmasının və "Böyük Qayıdış"ın ilk müjdəsidir: "Mən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olmuşam. Bu kənd mənə çox doğmadır. Bildiyiniz kimi Cocuq Mərcanlı ulu öndərin vaxtında, 1994-cü ildə işğaldan azad edilib. Amma orada şərait elə idi ki, insanların orada yaşaması praktiki olaraq qeyri-mümkün idi. Bu kənddə iki yüksəklik var. Bu yüksəkliklərdən biri Lələ Təpə deyilən yüksəklikdir. Bu yüksəklik strateji yüksəklik sayılır. Strateji yüksəkliyi nədən ibarətdir? Lələ Təpədən kənara, Ermənistan tərəfə 50-60 kilometr məsafəni bizim silahlarımız əhatə edə bilir. İkinci yüksəklik kəndin qəbiristanlığı idi. Lələ Təpə həm də pir, ocaq deməkdir. Möhtərəm prezidentin dünən imzaladığı sərəncamla Prezidentin Ehtiyat Fondundan bu kənddə evlərin tikintisinə 4 milyon manat ayrılıb. Məndə olan informasiyaya görə, bu gün 200-ə yaxın müraciət var. Hazırda intensiv şəkildə torpaqların minalardan təmizlənməsi prosesi gedir. İnsanlar böyük həvəs və arzu ilə ora qayıtmaq istəyir. Orada çox vətənpərvər, qorxmaz bir insan ailəsi ilə birlikdə 1994-cü ildən orada yaşayır. Yeganə ailədir ki, o kənddə yaşayır. İşğaldan qabaq kənddə 400 ailə yaşayırdı. O insan 23 ildir ki, kənddə yaşayırdı, kəndi tərk etməmişdi. O da görünür insanlarımıza bir nümunə olub. Mən hesab edirəm ki, cənab prezidentin söylədiyi kimi biz yaxın zamanlarda bunun bəhrəsini görəcəyik. Yəni, bu, "Böyük Qayıdış"ın ilk başlanğıcı olacaq. Tezliklə evlər tikiləcək və sakinlər ora qayıdacaqlar. Dövlət bu insanların qayğısına qalıb və qalacaq. Cəbrayıl rayonunun seçiciləri, təmsil olunduğum dairənin seçiciləri və bütün sakinlər adından möhtərəm prezidentimizə dərin minnətdarlığımı bildirirəm".
Alim