Bu dövlətin sosial layihələrinin davamıdır
Azərbaycan sosial dövlət olduğundan onun daxili siyasət kursunun mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, dövlət başçısının həyata keçirdiyi sosial siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır.
25 Yanvar 2017 15:21 SiyasətDeputat: "Sənəd daha çox qaçqınların və məcburi köçkünlərin mənafeyini müdafiə edən bir qərardır"
Azərbaycan sosial dövlət olduğundan onun daxili siyasət kursunun mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, dövlət başçısının həyata keçirdiyi sosial siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Azərbaycanın sürətli inkişafı, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. Ölkəmizdə qaçqın və məcburi köçkünlər yüksək dövlət qayğısı ilə əhatə olunublar. Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə davamlı qayğı göstərir, mühüm qərarlar qəbul olunur. Prezident İlham Əliyevin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" sərəncamı da bu məqsədlərə hədəflənib. Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə imzalanan Fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Millət vəkili İmamverdi İsmayılov bildirib ki, doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın bütün qayğıları, problemləri hər zaman dövlətimizin diqqət mərkəzində olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həllini prioritet olaraq diqqət mərkəzində saxlayır. Hələ 2003-cü ildə möhtərəm Prezidentimiz ölkəmizdə çadır şəhərciklərinin olmayacağı haqda vəd vermişdi. Bundan əlavə Prezident İlham Əliyev doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımların atılacağını bildirmişdi. Ötən illər ərzində bu vədlər tam olaraq yerinə yetirildi, ölkəmizdə çadır şəhərcikləri ləğv edildi və qaçqın və məcburi köçkünlərin yaşamıs üçün yeni qəsəbələr salındı. Millət vəkilinin sözlərinə görə, bu Fərman, ayrılan vəsaitin ünvanlılığının təmin edilməsinə və çatdırılma mexanizminin sadələşdirilməsinə xidmət göstərir. Verilən Fərmanın mühüm əhəmiyyətini vurğulayan İ.İsmayılov onu da qeyd edib ki, dövlətimiz məcburi köçkünlərin həyat şəraitinin yüksəldilməsi istiqamətində davamlı işlər görür: "Ölkə başçısının sonuncu Fərmanı da məcburi köçkünlərimizin sosial təminatının daha yüksək səviyyədə təmin edilməsinə istiqamətlənib. Ümumiyyətlə, bir fakt xüsusi vurğulanmalıdır ki, bu gün Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yüksəldilməsi istiqamətində komleks tədbirlər görməkdədir. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" qəbul edilib, mütəmadi olaraq məcbur köçkünlərin sosial təminatı ilə bağlı Fərman və sərəncamlar imzalanır. Qeyd olunan Dövlət proqramı qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına güclü təkan verib. Ötən illər ərzində məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 7 milyard dollara yaxın vəsait sərf olunub. Qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız üçün salınan yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti, ölkə Prezidenit hər zaman öz vətəndaşının yanındadır, onların problemlərinin həllinə çalışır. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti Dağlıq Qarabağın və işğal altında olan rayonların işğaldan azad olunması istiqamətində fəaliyyətini də uğurla davam etdirir. Prezident İlham Əliyev hər zaman vurğulayıb ki, Azərbaycan öz torpaqlarını azad etdikdən bu ərazilərdə yeni infrostrukturlar qurulacaq, geniş işlər aparılacaq. Artıq Azərbaycan bütün dünyaya sübut edib ki, Dağlıq Qarabağ münaqişəsi məhz ermənilərin qeyri-konstruktiv mövqeyi nəticəsində öz həllini tapmır. Ötən ilin aprelində düşmən təxzribatlarının qarşısın qəhrəman əsgərlərimiz tərəfindən rəşadətlə alındı. Prezidentimiz bir daha bildirdi ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır, qadirdir. Bu baxımdan birmənalı şəkildə qaçqın və məcburi köçkün rayonların əhalisi dövlətimizə inanır, möhtərəm Prezidentimizi dəstəkləyirlər". Millət vəkili, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov deyib ki, sözügedən Fərman daha çox qaçqınların və məcburi köçkünlərin mənafeyini müdafiə edən bir qərardır. Onun sözlərinə görə, məçburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulan yardımların kəsilməsindən söhbət gedə bilməz: "Sadəcə, yardımın ünvanlı, daha dəqiq olması və məcburi köçkünləri diqqətdə saxlamaq üçün belə bir addım atılıb. Fərmana görə, hər adam başına 36 manat müyyən edilib. Əvvəl onlara işıq, qaz və su üçün verilən yardımlar aidiyyatı qurumların hesabına, yəni ayrı-ayrı təşkilatlara köçürülürdü. Amma indi həmin yardımlar birbaşa şəxslərin özlərinə veriləcək. Onlar da bu yardımdan istədiyi şəkildə istifadə edəcək".
Alim