Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam təqdir edilir
“Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad edilmişCəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı Azərbaycan torpaqlarının işğaldan azad olunmasının və “Böyük Qayıdış”ın ilk müjdəsidir”. Bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası zamanı millət vəkili Astan Şahverdiyev deyib.
25 Yanvar 2017 14:10 Siyasət"Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı Azərbaycan torpaqlarının işğaldan azad olunmasının və "Böyük Qayıdış"ın ilk müjdəsidir". Bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası zamanı millət vəkili Astan Şahverdiyev deyib.
"Mən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olmuşam. Bu kənd mənə çox doğmadır. Bildiyiniz kimi Cocuq Mərcanlı ulu öndərin vaxtında, 1994-cü ildə işğaldan azad edilib. Amma orada şərait elə idi ki, insanların orada yaşaması praktiki olaraq qeyri-mümkün idi. Bu kənddə iki yüksəklik var. Bu yüksəkliklərdən biri Lələ Təpə deyilən yüksəklikdir. Bu yüksəklik strateji yüksəklik sayılır. Strateji yüksəkliyi nədən ibarətdir? Lələ Təpədən kənara, Ermənistan tərəfə 50-60 kilometr məsafəni bizim silahlarımız əhatə edə bilir. İkinci yüksəklik kəndin qəbiristanlığı idi. Lələ Təpə həm də pir, ocaq deməkdir. Möhtərəm prezidentin dünən imzaladığı sərəncamla Prezidentin Ehtiyat Fondundan bu kənddə evlərin tikintisinə 4 milyon manat ayrılıb. Məndə olan informasiyaya görə, bu gün 200-ə yaxın müraciət var. Hazırda intensiv şəkildə torpaqların minalardan təmizlənməsi prosesi gedir. İnsanlar böyük həvəs və arzu ilə ora qayıtmaq istəyir. Orada çox vətənpərvər, qorxmaz bir insan ailəsi ilə birlikdə 1994-cü ildən orada yaşayır. Yeganə ailədir ki, o kənddə yaşayır. İşğaldan qabaq kənddə 400 ailə yaşayırdı. O insan 23 ildir ki, kənddə yaşayırdı, kəndi tərk etməmişdi. O da görünür insanlarımıza bir nümunə olub. Mən hesab edirəm ki, cənab prezidentin söylədiyi kimi biz yaxın zamanlarda bunun bəhrəsini görəcəyik. Yəni, bu, "Böyük Qayıdış"ın ilk başlanğıcı olacaq. Tezliklə evlər tikiləcək və sakinlər ora qayıdacaqlar. Dövlət bu insanların qayğısına qalıb və qalacaq.Cəbrayıl rayonunun seçiciləri, təmsil olunduğum dairənin seçiciləri və bütün sakinlər adından möhtərəm prezidentimizə dərin minnətdarlığımı bildirirəm", - deyə A. Şahverdiyev vurğulayıb.
Komitə sədri Aqiyə Naxçıvanlı isə bildirib ki, işğaldan azad olunmuş kənddə tikiləcək evlərin sayı gələcəkdə daha da çox olacaq: "Sərəncam hələ təzə imzalanıb. Yaxın gələcəkdə işğaldan azad olunmuş kənddə daha çox ev tikiləcək". Apa.az