Güllə səsinə hana səsi qarışan HORADİZ
Başqa vaxtı Horadizə səfər məni bu qədər həyəcanlandırmazdı. Əlbəttə, əgər Füzuli işğalda olmasaydı, dahi şairin adını daşıyan şəhərə ən yaxşı halda Füzuli kantatasından yadımda saxladıqlarımı zümzümə edə-edə gedərdim. Amma indi sözün əsl mənasında həyəcan vardı.
24 Yanvar 2017 15:17 SiyasətLəman Ələşrəfqızı
Başqa vaxtı Horadizə səfər məni bu qədər həyəcanlandırmazdı. Əlbəttə, əgər Füzuli işğalda olmasaydı, dahi şairin adını daşıyan şəhərə ən yaxşı halda Füzuli kantatasından yadımda saxladıqlarımı zümzümə edə-edə gedərdim. Amma indi sözün əsl mənasında həyəcan vardı. Füzuli adına yola çıxasan, Füzulini başdan-başa gəzə bilməyəsən?!. Apreldə işğaldan azad edilən Lələtəpəyə qalxasan və gözüyaşlı Füzuliyə sarı boylanasan?!. Çətin idi əlbəttə. Amma ruhu sevindirən bir məsələ vardı. Horadizdə möhtəşəm bir ilkə imza atılmışdı. "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti 150-si toxucu, 10-u texniki işçi olmaqla ümumilikdə 160 nəfərin işlə təminatına hesablanan xalça emalatxanası açmışdı ki, noyabrın 12-də Konstitusiya günündə dövlət başçısı cənab İlham Əliyev Füzuliyə səfər çərçivəsində bu emalatxanaya da baş çəkəcəkdi. Düzü, çox qürurverici idi. İnsanda stimul, torpaqlarımızın işğaldan azad olunmasına inam yaradırdı bu emalatxana. Deməli, tarixi torpaqlarımıza, itirdiklərimizə mütləq qovuşacağıq! Bu, düşmən üzərində mədəni inqilab idi! Bunun davamı da gələcək. Və əsl QƏLƏBƏ bizim olacaq! Axı, zarafat deyil, Lələtəpənin beşcə addımlığında belə bir iş yeri açıb düşmənə meydan oxumaq! Prezident İlham Əliyevin Füzuliyə hərbi geyimdə gəlməsi də məncə qonşularımıza açıq mesaj idi.
Lələtəpədə lalələr
hələ apreldə açmışdı. Bu yüksəkliyi düşməndən azad edən neçə-neçə igidimizin lalə rəngli qanı torpağa axmış, əvəzində yüksəklik işğaldan azad edilmişdi. Lələtəpə yüksəkliyi alınandan sonra Horadiz camaatı görünür ikinci dəfə belə ürəkdən sevinirdi. Çünki, Lələtəpənin beş addımlığı yenə lalələrlə örtülmüşdü, amma bu dəfə bu lalələr boynubükük, küskün , kövrək deyildilər. İndi açılan lalələr sehirli ilmələrə köçüb, əsrlərlə yaşayacaqdı. Həqiqətən də heyratamiz və möhtəşəm iş idi! Əvvəla ona görə ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edir. İkinci bir tərəfdən, güllə səsləri həyat tərzinə çevrilən əhali üçün ortalıqda gül kimi bir iş var. Və bu işin əsas səbəbkarı prezident İlham Əliyevdir ki, sərəncamdan ötən qısa müddət ərzində inşa edilən "Azərxalça" ASC-nin Horadiz filialının açılışı üçün burdadır.
Yüksək qonaq
Toxucular tərəfindən yüksək ovqatla qarşılandı. Onlar sanki yüz ilin tanışlarıydılar. Dövlət başçısı hər kəslə səmimi ünsiyyət qurdu, onların iş şəraiti ilə tanış oldu, qayğıları ilə maraqlandı. "Azərxalça"dan və xalçaçılardan gözləntilərini isə bu cür dilə gətirdi:" Mən çox şadam ki, artıq "Azərxalça" fəaliyyətə başlayır. Bilirsiniz ki, bir müddət bundan əvvəl mənim sərəncamımla "Azərxalça" şirkəti yaradılmışdır. Bu qurumun əsas vəzifəsi Azərbaycanda xalçaçılığı inkişaf etdirmək, bizim tarixi mirasımızı qorumaq və eyni zamanda, ölkəmizdə güclü xalçaçılıq sənayesi yaratmaqdır. Bu məqsədlə bir çox rayonlarda, o cümlədən Füzuli rayonunda "Azərxalça"nın xətti ilə belə gözəl müəssisələr yaradılıb və yaradılır. Hamımız yaxşı bilirik ki, xalçaçılıq sənətini qadınlar yaşadırlar. Bu müəssisələrin yaradılması, fəaliyyətə başlaması qadınlar üçün iş yerlərinin açılması deməkdir. Bu da çox vacibdir. Çünki qadınlar üçün iş yerləri açmaq o qədər də asan məsələ deyil. Ancaq bu gün siz burada işləyirsiniz, yaxşı maaş alırsınız, həm ailə büdcəsinə bunun böyük töhfəsi olur, eyni zamanda, qədim sənətimiz yaşayır, yaşayacaq, gənc nəslə də siz öz təcrübənizi ötürəcəksiniz. Bununla bərabər, Azərbaycanın çox gözəl ixrac məhsulu olan xalça artıq dünya bazarlarına çıxacaq. Bu, həm ölkəmizin təbliğatına xidmət edəcək, həm də bütün dünya görəcək ki, xalqımız nə qədər istedadlı xalqdır. Digər tərəfdən, bu, ölkəmizə pul gətirəcək. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcək"
"Azərxalça" ASC-nin idarə heyətinin sədri Vidadi Muradovun dövlət başçısına məruzəsi də ciddi maraq doğurdu. Məlum oldu ki, bu müəssisədə dəzgahlar
Azərbaycan brendi
dir və ayda 251 kvadratmetr xalça istehsal etmək əsas hədəfdir. Qarabağın 16 rayonunun müxtəlif çeşniləri , tarixi ənənələri əsasında xalça toxunulacağını deyən Vudadi Muradov filialların genişləndirilməsinin vacibliyini vurğuladı. Dedi ki, təkcə Füzulidə 500-600 toxucu qadın var. Prezident İlham Əliyev-Füzuli rayonunda olan bütün xalçaçıları bu işə cəlb etməyin zəruriliyini vurğuladı . Dövlət başçısı ilə "Azərxalça"nın sədri arasında olan bu dialoq əlbəttə, ilk növbədə toxucu qadınları sevindirmişdi. Çünki, onlar dayanıqlı işlə təminatlarına əmin olmuşdular.
Yeri gəlmişkən, toxucu xanımlar həm Horadiz qəsəbəsinin, həm də Füzulinin ayrı-ayrı kəndlərinin, o cümlədən hal-hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın burada təşkil olunmuş hazırlıq -tədris kurslarında iştirak etmiş, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdirmişlər. Onların arasında hər yaş dövründən xanımlar var. Amma daha çox adamı sevindirən gənclərin də bu işə maraq göstərməsidir. Bu gənclərdən ikisi Abbasova bacılarıdır. Məhluqə və Röya emalatxananın həm də ən gözəl qızlarıdır. Onlarla söhbət edirəm. Hər ikisi orta məktəbi bitirib, ali məktəbə daxil ola bilməyiblər, birillik kursla kifayətləniblər. Toxuculuğa isə o qədər həvəslə başlayıblar ki, təhsildə şanslarını bir də sınamaq istəmirlər.Xalça toxumaq zövqlü işdir,bu işdən çətin ayrılaq deyir bacılar:
-Röya Abbasova. 1996-cı ildə Horadizdə anadan olmuşam. Gənc olmağıma baxmayaraq bu işə çox həvəslə gəlmişəm. Özüm tibbi kurs bitirmişəm. Amma atamın xasiyyəti çox tünddür, o istəyir ki, qadın kollektivində işləyim. Bura açılanda çox sevindim. Hərçənd, xalça haqqında heç bir bilgim yox idi. Gəldim, burda məni öyrətdilər. İndi hər ilməni özüm sərbəst vurduqca sevinirəm.
Məhluqə Abbasova. Mən də bacım kimi bu işi sona qədər davam etdirmək niyyətindəyəm. Düzdür, işləyəndə hamını ilk növbədə maddiyyat düşündürür. Amma xalçaçılıq elə işdir ki, burda maddiyyatdan da qabaq işin mənəvi tərəfi haqda düşünməli olursan. Məni bu dəqiqə ən çox maraqlandıran toxuduğum xalçanın nə vaxt xaricə çıxacağıdır. Bu baş verərsə, bilirsiz necə sevinərəm?! Deyərəm, bax burda mənim də əməyim olub.
Məhluqədə bu işə inam yaratmaq üçün ona ilk növbədə " Azərxalça"nın missiyasını, sonra isə tarixi faktları çatdırıram. Deyirəm ki, əslində, Azərbaycan xalçasının beynəlxalq arenada itirdiyi mövqeyini möhkəmləndirmək, Azərbaycan xalçasını dünya bazarında öz əvvəlki yerinə qaytarmaq Azərxalçanın başlıca hədəfidir.
Azərbaycan xalçası
ta orta əsrlərdən dünyanı fəth edib. Məsələn, orta əsr Avropa rəssamlarının əsərlərində biz nə qədər bu nümunələrə rast gəlirik?! Niderland, alman rəssamları Zeyvə xalçası, Şirvan xalçası, Qazax xalçasının təsvirlərinə öz rəsm əsərlərində yer ayırıb və o möhtəşəm əl işləri bu gün də dünyanın rəsm qalereyalarında nümayiş etdirilir. Ta ki, sovet illərinə qədər bizim xalçaların dünya bazarına çıxmağına heç bir əngəl olmayıb. Əksinə, Quba xalçası öz texnologiyası və kompazisiyasına görə dünyanın birinci, lider xalçalarından sayılıb.
Gənc qızlar bu məlumatdan dah a çox ruhlanırlar. Bir də təkcə onlarmı? Bu emalatxanada çalışan 150 toxucu qadının hər birinin gözündə sevinc var. Onlar işlə təmin olunublar, evlərinə, ailələrinə pul aparacaqlar bu öz yerində. Bir də bu işin mənəvi tərəfi var axı! Onların hər biri doğulduğu evdə xalça görüblər. İndi gördükləri bu iş hər gün onları öz uşaqlıq dünyalarına götürüb aparır. Onlardan bəzilərinin təəssüratlarını dinləyirəm
Umudova Leyli. 1961-ci il təvəllüdlüyəm. Gözümü açandan xalçaçılıq görmüşəm. 1976-cı il idi, anam bacımla gəbə toxuyurdu. Göl şəkli olardı üstündə, maral şəkli olardı. Qənddan toxuyurdular, üstündə qızılgüllər. Sonra gəlin köçəndə həmin gəbəni anam mənə cehiz verdi. Anamın yadigarı kimi bu gün də saxlayıram o gəbəni. Nə qədər gəbələr toxunardı evimizdə. Dəvə karvanlı gəbələr. Ortasında dırnaq şəkilli naxışları olan kilimlər. Xüsusilə qədim Qarabağ çeşnilərindən istifadə edirdilər.
Səfərova Gülnarə 1971ci ildə anadan olmuşam. Nənəm gül gəbələr toxuyardı. Ailədə beş qız idik. Biri də mənə düşüb bu gəbələrdən. Gəlin köçəndə aparmışam özümlə. Bu gün də evimin ən yüksək yerində saxlayıram. Çünki, nənəmdən yadigardır.
Bəbirova Yazgül. Mənim anam da mən gəlin köçəndə bir xalça verib. Göl gəbədir. Gölün qırağında qız oturub, yanında da balaca marallar. Heyifim gəlir, mən onu heç vaxt yerə sərmirəm. Əvvəl divara vururdum, indi tamamilə büküb qırağa qoymuşam. Anamdan ən əziz xatirə kimi saxlayıram.
Hacıyeva Günay. 1981-ci ildə Horadizdə doğulmuşam. Ailədə 4 qız olmuşuq, 4-müz də xalça toxumuşuq. İnanın, bu emalatxananın açılışına bəlkə də hamıdan çox mən sevinmişəm. Ən azı özümü qadın kimi hiss edirəm. Evdə olanda saçıma daraq çəkə bilmirdim, buna nə həvəs vardı, açığı nə də vaxt. İndi hər səhər durub işə tələsirəm, saçım da qaydasındadır, özüm də formadayam, evdəki işlərim də öz axarı ilə gedir.
Məmmədova Şükufə. Özüm Füzulinin Böyük Bəhmənli kəndindənəm. Rəhmətlik anam kilim, xalı, palaz hər şey toxuyardı. Biz də anamızın əlinə baxıb öyrənirdik. Xüsusilə Qaynaqlı çeşnisi toxuyurdular, padnos içində gül toxuyurdular. Toxunan xalçanı satmaq heç kimin ağlına da gəlməzdi. Bir məqsədi vardı anaların. Qızları gəlin köçəndə heç kimin qızından seçilməsin, cehizi sanballı olsun. Yəni, bir qızın ər evinə apardığı cehizin dəyəri xüsusilə xalı-xalçanın sayı ilə ölçülürdü.
Cehizlik
söhbətlərini yanımda dayanan 19 yaşlı Aysel də maraqla dinləyir. Emalatxananın ən gənc toxucusudur Aysel. Ondan soruşuram ki, anası cehizlik neçə xalça verəcək ona? Çiyinlərini çəkir. Az sonra məlum olur ki, Ayselin ailəsinin maddi durumu o qədər də yaxşı deyil. Və bu səbəbdən gənc qız heç təhsil də ala bilməyib.
Aysel Muxtarova. 1996-cı ildə anadan olmuşam. Ailəmizin maddi durumu ağır olduğundan oxuya bilməmişəm. Burda çalışmağa başladığım ilk gün hər şey mənə çox çətin gəldi. Amma işə alışdıqca, öyrəşirsən. Düşünürəm ki, xalçaçılıq gözəl incəsənətdir, həm də tariximizi yaşatmış oluruq.
Müsahiblərim arasında Füzulinin işğal altında olan yaşayış yerlərinə yaxın kəndlərdə yaşayan və burdan hər səhər durub işə gələnlər də var. Gövhər xanım da onlardan biridir. Gövhər Rüstəmova 1971-ci ildə Zobcuq qəsəbəsində anadan olub. Bu gün də işğaldan azad edilmiş həmin qəsəbədə yaşayır. Zobcuq yolu təhlükəli yoldur. Amma buna baxmayaraq Gövhər xanım hər səhər işə tələsir.
Gövhər Rüstəmova. İnanın, darıxıram ki, səhər tez açılsın, tez işə gəlim. Kiçik yaşlarımdan anamın, nənəmin xalça toxuduğunu görmüşəm. Ona görə də xalça emalatxanası açılır xəbərinə ən çox sevinənlərdən biri də mən oldum. Xalça toxumaq qadına aid olan bir işdir. Düzdür, toxumağı o qədər də yaxşı bacarmırdım. Nə öyrəndimsə müəllimlərimizə borcluyuq. Yəqin, bu
MÜƏLLİMLƏRin
kimliyi də sizi maraqlandırmamış deyil. Onlar həqiqətən cəfakeş insanlardır. Hansı ki, bir neçə ay əvvəl Azərxalça ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun tapşırığı ilə Füzuliyə ezam olunmuş, burda əsl ustad dərsləri keçmiş, ən sonunda mükəmməl bir iş ortaya qoymuşdular. Zarafat gəlməsin sizə, hanaları qurmaq, ərişi çəkmək, arğacı uzatmaq, yumaqları hazırlamaq, hər çeşniyə uyğun rəngləri seçmək. Bəlkə də demək asandır, amma işlər həqiqətən çox və çətin idi. Üstəlik, Horadiz də daxil olmaqla Füzulinin ayrı-ayrı kəndlərindən toxucu xanımları tapıb bu işə cəlb etmək, onları öyrətmək özü nə qədər vaxt və ustalıq tələb edirdi. Sağ olsunlar, bizim xanımlar bunu layiqincə bacardılar.
Sona Həsənova .1966-ci ildə Göyçə mahalında anadan olmuşam. Altıncı sinifdə oxuyanda artıq toxumağı bilirdim. Horadizdə açılan Xalça emalatxanasına çox həvəslə getdim. Çünki, bildiklərini başqasına öyrətməkdən gözəl nə ola bilər ki? Füzulidən olan xanımlar əlbəttə peşəkar deyildilər. Hətta aralarında əksəriyyəti ilmə vurmağı belə bacarmırdı.
Şəfəq Vəliyeva. Onların xalça bilikləri demək olar yox idi. Hər şeyi bir-bir öyrətdik. Qurmağı, kücləməyi, toxumağı, həvələməyi,qayçılamağı, bir sözlə hər şeyi. Ona görə biz geri qayıdanda o xanımlar bilirsiz necə ağlayırdılar? İndi də tez-tez zəng edirlər ki, gəlin, darıxırıq, sizdən öyrənəsi çox şeylər var.
Deyirlər ki, yaxşı xalça yunundan və boyağından bilinir. Bir də əlbəttə ki, çeşnisindən. Bu çeşnilərin hazırlanmasında əməyi olan bir peşəkar xalçaçı rəssamı da zənnimcə sizə tanıtmağın əsl məqamıdır. Neva Ağaliyeva. Azərxalçanın baş rəssamı.
Neva Ağaliyeva. Deməli biz Horadiz emalatxanasında dəzgahların qurulması və orada toxunacaq xalıların seçimi ilə məşğul olduq. Əsas gücü Qarabağ xalılarına verdik. Qarabağ mahalının hər kəndinə, hər qəsəbəsinə xarakterik olan xalçaları seçdik. Bu xalçalar damalı kağızda millimetrlərlə hazırlandı. Çeşni hazırlanan prosesdə də emalatxanada iş görülürdü. Dəzgalar hazırlanırdı. Bakıdan gedən 15 peşəkar toxucu xanımla birgə planlı şəkildə hansı dəzgahda hansı xalı toxunacaqsa onu müəyyənləşdirdik, dəzgahlarda sıxlığa görə ərişlərin uzadılmasını həyata keçirdik. Qısası, on gün ərzində 43 dəzgah uzadıldı ki, bu dəzgahlarda da 53 çeşni toxunacaq.
Usta xalçaçılar
Horadizdə demək olar ki, məşhurdular. Onları bu qəsəbədə çox adam tanıyır və sevir. Açılışdan bir gün qabaq Horadizə gedəndə bunun canlı şahidi oldum. Həm də Horadizə heyran! Açığı, düşmənlə üz-üzə mövqedə belə gözəl qəsəbə gözləmirdim. Yolboyu düzülən həmişəyaşıl ağaclar payızın sarı rəngə boyadığı şəhərə xüsusi bir gözəllik vermişdi. Bu gözəlliyi qırmızı rəngdə olan mütənasib bir bina tamamlayırdı. O bina Azərxalçanın yerli filialı idi. Ümumi sahəsi 586 kvadratmetr olan emalatxanada quraşdırılan dəmir dəzgahlar yadıma uşqlığımı salır. Mənim doğulduğum evdə də hana vardı. Amma məhz beləsini harda görmüşdük? Bizim gördüyümüz taxta hanalar idi ki, evin tən yarısını tuturdu və o hana qurulanda yeganə arzumuz toxunan xalçanın bacardıqca tez kəsilməsini arzulamaq olurdu. Burda isə vəziyyət bambaşqaydı.. 4 cərgə ilə səliqəli formada, qatar kimi düzülən hanalarda Qarabağ, Quba, Şirvan xalıları toxunur, toxucular da hamısı eyni formada, ruh yüksəkliyi ilə deyə-gülə çalışırdılar. Onlar bu işə həvəslə başlayıblar, Ona görə də hər vurulan sərbəst ilmə təkcə xalıda yox, onların üzündə də əks olunur. Sanki, çöhrələrində çiçəklər açır. Bu xanımlar xalçaçılığı özlərinə peşə seçdiklərindən qətiyyən narazı görünmürlər. Çünki, toxuduqları xalıya
QARABAĞ
adını onlar yazırlar. Görünür həm də ona görə açılışda dövlət başçısı bu qədim sənəti yaşatmağın vacibliyini təkrar-təkrar vurğuladı. Mənim yadımda həm hərbi geyimdə regiona səfər edən prezident İlham Əliyevin Azərbaycan xalçası adına sevinci, həm də "Azərxalça"nın sədri Vidadi Muradovun arzuları qaldı:" O, gün olsun, Qarabağda güllə səslərini hana səsləri əvəz eləsin". Amin deyək!